“Heydər Əliyev İli” çərçivəsində Qazaxa səfər edən millət vəkilləri rayonun görməli yerləri ilə tanış olublar
“Heydər Əliyev İli” ilə bağlı ölkə başçısının imzaladığı müvafiq Sərəncama uyğun olaraq təsdiq edilmiş tədbirlər planı çərçivəsində respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlər keçirilir.
Aprelin 13-də Azərbaycan Respublikasının Milli Məclisi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda keçirilən konfrans da həmin silsilə tədbirlərin davamıdır.
Konfransda iştirak edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, Milli Məclisin deputatları - Xalq şairi Sabir Rüstəmxanlı, Cavanşir Feyziyev, Nəsib Məhəməliyev, Nigar Arpadarai, Asim Mollazadə, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Litvanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas, Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Petr Zix, Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müşaviri Emil Məcidov, Milli Məclisin, komitələrin, komissiyaların işinin təşkili şöbəsinin komitələr və komissiyalarla iş sektorunun baş məsləhətçisi Amil Qurbanov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin ekspertləri Lalə Babayeva, Vüsalə Məmmədova, Vətən müharibəsi iştirakçısı, “Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" təltifli idman ustası, Sərhədçi İdman Mərkəzinin İdman Bölməsinin rəisi, polkovnik Firdovsi Umudov Qazaxa səfərləri çərçivəsində rayonun gəzməli, görməli yerləri, muzeyləri ilə tanış olublar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qonaqları salamlayıb, onları Qərbin qapısı sayılan Qazaxda qarşılamaqdan məmnunluq duyduğunu bildirib və səmimi ürək sözlərini çatdırıb. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə iştiraklarına görə razılığını ifadə edib. İcra başçısı qonaqlara Qazaxın tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı, elm, təhsil sahəsindəki nailiyyətləri və s. barədə ətraflı məlumat verib.
Sonra qonaqlar rayonla yaxından tanış olublar. Səfər çərçivəsində “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun Daş Salahlı kəndində yerləşən “Damcılı” filialı, 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi, şəhərin mərkəzində şəhidlərimizin xatirəsini əbədiləşdirən Şəhidlər xiyabanı, tarixi Qazax “Cümə” Məscidi, Qazax Müəllimlər Seminariyası ADA Universitetinin Qazax Mərkəzi, Fəxri Qazaxlılar parkı, Ədəbiyyat Muzeyi, Qazax Tarix-Diyarşünaslıq Muzeyi ziyarət olunub.
Qazaxda səfərdə olan qonaqlar əvvəlcə “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rayonun Daş Salahlı kəndində yerləşən Damcılı filialında olublar. Qoruğun direktoru Səadət Əliyeva mağara haqqında, burada aparılan qazıntı işləri, tədqiqat nümunələri barədə ətraflı məlumat verib. Qonaqlara rayon rəhbərliyi tərəfindən hədiyyələr təqdim olunub.
Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirən “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi ilə tanışlıq zamanı qeyd olunub ki, kompleks 2021-ci ildə 27 sentyabr – Anım Günündə istifadəyə verilib. 44 günlük haqq savaşında Qazaxın şəhid olan övladlarının adını əbədiləşdirmək məqsədilə yaradılıb.
Qonaqlar şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında şəhidlərin xatirəsinə ucaldılmış memorial önünə tər qərənfillər düzərək igid Vətən oğullarına olan ehtiramlarını da bildiriblər. Qeyd edilib ki, Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində, eləcə də digər döyüşlərdə torpaqlarımızın ərazi bütövlüyü, Vətənin azadlığı uğrunda Qazax rayonu bu günə kimi 344 şəhid verib. Şəhidlərdən 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adını alıb.
Qazax “Cümə” Məscidi ilə tanış olan qonaqlara Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov tərəfindən məscid barədə ətraflı məlumat verilib, rayon rəhbərliyi tərəfindən məscidin kümbəzində əsaslı təmir işlərinin aparıldığı diqqətə çatdırılıb.
Millət vəkilləri səfər çərçivəsində Qazax Müəllimlər Seminariyası ADA Universitetinin Qazax Mərkəzi ilə də tanış olublar. Qonaqlara bildirilib ki, ADA Universiteti "Bir müəllimin manifesti” layihəsi çərçivəsində milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən Qazax Müəllimlər Seminariyasının qarşısında keçirilən tədbirdə tarixi binanın bərpasını öz üzərinə götürdü. ADA Universitetinin Fondu və tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək məqsədilə imzalanmış Niyyət sazişinə əsasən tarixi binaya bu gün yeni görkəm verilib. 105 yaşlı təhsil ocağımız olan Qazax Müəllimlər Seminariyasının binasında keçmişlə müasirlik vəhdət təşkil edir. Vaxtilə özünün 17 otaqlı mülkünü Seminariyaya bağışlamış Qazax rayon Kosalar kənd sakini Məşədi İbrahim Hacı İsmayıl oğlunun da bu gün ruhu şaddır ki, bu təhsil ocağı yenidən qapılarını gələcəyimiz olan gənclərin üzünə açır. Qeyd olunub ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi sayılan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi təkcə onun yenidən istifadəsini mümkün etmir, eyni zamanda, tarixi bina kimi gələcək nəsillərə ötürülməsində bir ərmağandır. Firudin bəy Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpası, əslində, Azərbaycanda maarifçilik irsimizin və Seminariyadan aldığımız milli qürurumuzun bərpasıdır. Burada illər öncə yandırılan elm işığı daha gur yanacaq, ətrafına yeni nəsil maarifçiləri toplayacaq. Həyata keçiriləcək birgə layihələrlə müasir təhsil tariximizin növbəti səhifələri məhz burada yazılacaq. Millət vəkili Səməd Seyidov və digər qonaqlar ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binasını əsaslı şəkildə yenidən qurmasını ziyalılar olaraq yüksək qiymətləndiriblər. Gələcəyimiz olan gənclərin təhsilinə, inkişafına verilən töhfə olduğunu bildiriblər. Bu gün tarixi bina olan Qazax Müəllimlər Seminariyasının yüksək səviyyədə bərpa olunmasının hər bir qazaxlı, ziyalı tərəfindən razılıqla qarşılandığını qeyd edərək ölkə Prezidenti İlham Əliyevə, bu nümunəvi təşəbbüsə görə ADA Universitetinin rektoru Hafiz Paşayevə və əməyi keçən insanlara sonsuz minnətdarlıq ifadə olunduğunu vurğulayıblar.
Qazaxın şair və yazıçıları, tarixi şəxsiyyətləri haqqında məlumatı özündə əks etdirən Fəxri Qazaxlılar parkını ziyarət edən qonaqlar bu ünvandan da xoş təəssüratla ayrılıblar.
Qonaqların ziyarət etdiyi növbəti ünvan tarixi şəxsiyyətlər, şairlər, yazıçılar, saz-söz adamları haqqında dolğun məlumatları özündə əks etdirən Ədəbiyyat Muzeyi olub. Şəhərin mərkəzində, Heydər Əliyev prospektində yerləşən muzeylə tanış olan millət vəkilləri burada şairlərimizin həyat və yaradıcılığı haqqında dolğun məlumatlar əldə ediblər. Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal muzey haqqında məlumat verərək bildirib ki, Qazaxda fəaliyyət göstərən Ədəbiyyat Muzeyi 5 iyul 2013-cü ildə istifadəyə verilib və açılışında Respublika Prezidenti İlham Əliyev iştirak edib. Mərkəzdə yerləşən muzeyin binası üçmərtəbəlidir. Birinci mərtəbədə 106 nəfərlik konfrans zalı, yeməkxana və xidməti otaqlar yerləşir. Binanın foyesində Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin şəkilləri asılmışdır. İkinci mərtəbədə Yazıçılar muzeyi fəaliyyət göstərir. Üçüncü mərtəbədə inzibati otaqlar, kabinetlər və konfrans zalı vardır.
Millət vəkilləri səfər çərçivəsində Qazax Tarix-Diyarşünaslıq Muzeyində də olublar. Muzeylə tanışlıq qonaqların böyük marağına səbəb olub. Muzeyin direktoru Gülnaz Alişanova bildirib ki, 1984-cü ildə yaradılan muzey müasir tələblərə cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb. Respublika Prezidenti İlham Əliyev 2016-cı il oktyabrın 19-da Qazax Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib. Muzeyin birinci mərtəbəsində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Həmçinin, bu mərtəbədə Muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və “bəy evi” bölmələri var. Tarix-Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində olan qonaqlara “Qazax xalça məktəbi”, “Etnoqrafiya və folklor”, “Qazax XIX-XXI əsrin əvvəllərində”, “Səməd Vurğun”, “Görkəmli şəxsiyyətlər”, “1929-1990-cı illər”, “Müasir dövr” və “Azərbaycan XXI əsrdə” bölmələri, Birinci Qarabağ və Vətən müharibəsi, Aprel döyüşləri, İyul döyüşləri, sentyabr hadisələri zamanı canlarını fəda edən şəhidlərin xatirəsinə yaradılmış guşə haqqında dolğun məlumatlar verilib. Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda olan məlumatlar və eksponatlar maraqla qarşılanıb. Binanın mansardasında isə iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradıldığı, muzey binasının müasir havalandırma sistemi və müşahidə kameraları ilə təchiz edildiyi də diqqətə çatdırılıb.
Rayonumuzda qonaq olan millət vəkilləri onlara göstərilən qonaqpərvərlikdən razılıq edərək rayon rəhbərliyinə minnətdarlıqlarını bildirib və Qazaxdan xoş təəssüratlarla ayrıldıqlarını qeyd ediblər.
Damcılı filialı və bulağı ilə tanışlıq
Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini ziyarət
Şəhidlər xiyabanını ziyarət
Qazax “Cümə” Məscidi ilə tanışlıq
Qazax Müəllimlər Seminariyası ADA Universitetinin Qazax Mərkəzi ilə tanışlıq
Fəxri Qazaxlılar parkı ilə tanışlıq
Ədəbiyyat Muzeyi ilə tanışlıq
Qazax Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq
GOYEZEN.AZ
Facebook-da paylaş