• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub


8 Mart – Beynəlxalq Qadınlar Günü respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da qeyd olunub. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında bütün Azərbaycan qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdıraraq onlara gələcək işlərində uğurlar arzulayıb. İcra başçısı Azərbaycan xanımlarının həmişə sədaqət, təmkin, ailəsinin qayğısına qalan fədakar, nəcib qadın mücəssəməsi olduğunu söyləyib. Qadınların ölkəmizin ictimai-siyasi həyatında rolundan danışaraq, ilk növbədə, demokratik cəmiyyətin inkişafının təminatçısı olan qadınların dövlət idarəçiliyindən tutmuş ölkənin mədəni, pedaqoji, elmi həyatında öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini vurğulayıb. Rayon rəhbəri ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin həmişə qadın şəxsiyyətinə böyük hörmətlə yanaşdığını bildirib. Ulu Öndərin ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdığını, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdiyini, lider qadınlar yetişdirdiyini qeyd edib. 


Rayon rəhbəri bu gün dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yerinin və nüfuzunun daha da artdığını vurğulayıb. Azərbaycan qadınlarının mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunduğunu, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak etdiklərini, ölkə idmanının inkişafına böyük töhfələr verdiklərini bildirib. İcra başçısı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyətindən, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlərdən, xeyirxah əməllərdən söz açaraq bütün bunların Azərbaycan qadınlarına əsl örnək olduğunu söyləyib. Rayon rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da Azərbaycanın tanıdılması, xüsusilə də Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərdiyini qeyd edib. Onun təşəbbüsü ilə keçirilən tədbirlərin həm də Azərbaycan gənclərinin potensialından xəbər verdiyini qeyd edib. İcra başçısı rayonun ictimai-siyasi həyatında mühüm nailiyyətlərin əldə edilməsində qazaxlı qadınların da böyük əməyinin olduğunu bildirib, onların üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməsini və cəmiyyətdə fəal mövqe tutmalarını yüksək qiymətləndirib.

Tədbirdə bir qrup qadına 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə və əmək funksiyasını peşəkarlıq səviyyəsində yerinə yetirdiklərinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və gül dəstələri təqdim edilib.


Mükafatlandırılanlar bayram münasibətilə onları unutmadığına və təbrik etdiyinə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.

Sonda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir daha bütün qadınları təbrik edərək onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi və işlərində yeni-yeni uğurlar arzulayıb.

GOYEZEN.AZ



Facebook-da paylaş