• Təqvim

  • Maraq



Mehriban Əliyeva ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, onun gördüyü işlər geniş bir fəaliyyət məkanını əhatə edir


Tarixi keçmişimizə nəzər yetirsək görərik ki, Azərbaycanın şanlı tarixinin müəyyən dövrlərində dövlətçiliyin inkişafında, xalqın mənəvi dəyərlərinin formalaşmasında fəal iştirak edərək öz töhfələrini vermiş və bütün azərbaycanlıların örnək kimi qəbul edib fəxarətlə, qürurla yad etdikləri qadınlar olub. Tarix zaman-zaman bizə bacarıqlı, ağıllı, müdrik, qəhrəman qadınlar bəxş edib. Onların hər biri dövlətlərin, cəmiyyətlərin taleyində, xalqların taleyüklü məsələlərinin həllində mühüm rol oynayıb, bir çoxlarının adları isə tarixin səhifələrinə qızıl hərflərlə yazılıb. Tomris, Nüşabə, Tuti Bikə, Sara Xatun, Dəspinə Xatun, Mehinbanu Sultan kimi Azərbaycanın diplomatiya tarixində adları yaddaşlara əbədi həkk olan qadın hökmdarları olub. Adlarını qürurla səsləndirdiyimiz həmin qadınlar tarixi səhifələrimizin nadir zərif inciləridir. Adlarını fəxrlə çəkdiyimiz həmin qadınlardan bu gün də var, sabah da olacaq...

Bu gün tam məsuliyyətlə deyə bilərik ki, XX əsrdə yüksək mənəvi məsuliyyət hissi ilə bu tarixi missiyanı öz zərif çiyinlərində daşımaqla şərəflə, əzmlə dövlətə, dövlətçiliyə və xalqa xidmət mücəssəməsi Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Müstəqil Azərbaycanın daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi, cəmiyyətin ictimai–siyasi mədəni həyatında və idarəetmə sistemində fəal mövqeyi ilə Mehriban xanım Əliyevanın fəaliyyəti müasir tariximizdə Azərbaycan qadınının daha fərqli, daha mükəmməl obrazını gələcək nəsillərə ötürür. Bu gün Mehriban xanım Əliyeva müasir Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etmiş, ölkənin müstəqilliyi və tərəqqisinə müstəsna töhfələr vermək kimi tarixi missiyanı uğurla həyata keçirir.

Birinci vitse-prezidentlik institutunun təsis olunması dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edən mühüm addım oldu. 2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumun nəticələrinə görə ölkədə Birinci vitse-prezidentlik institutu yaradıldı. Dövlət idarəçilik sistemində yeni təsisatın yaradılması Prezident İlham Əliyevin islahatlar kursunun təzahürüdür. Dövlət idarəçiliyində funksional vahid kimi Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın müasir demokratik simasının yeni və mütərəqqi əlamətidir. Ötən müddət ərzində əldə olunmuş müsbət nəticələri nəzərə alaraq, əminliklə qeyd edə bilərik ki, Birinci vitse-prezidentlik institutu idarəetmənin səmərəlilik və çevikliyini artırıb. Birinci vitse-prezidentlik institutunun təsis olunması demokratik dəyişikliklərə hüquqi əsaslar yaradılmasını özündə ehtiva edən siyasi islahatların tərkib hissəsidir.

Biz sözügedən bu yüksək vəzifənin mahiyyətini, üstünlüyünü, böyüklüyünü Mehriban xanım Əliyevanın fəaliyyətinə nəzər salarkən daha aydın şəkildə görə bilirik. Bu gün əminliklə söyləyə bilərik ki, Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması ölkənin müasir tarixinin mühüm hadisəsidir. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu. Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edən Prezident İlham Əliyevin dediyi kimi: "Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır”.

Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunmasından artıq 5 il ötür və arxada qalan illərə nəzər yetirərkən onun Birinci vitse-prezident kimi fəaliyyət kredosu, bu illər ərzində gördüyü işlər göz önündə canlanır. 2017-ci il 21 fevral tarixində Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti kimi ilk çıxışı zamanı qeyd etdiyi dəyərli fikirlər bu gün də hər kəsin xatirindədir: "Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz kiçik də olsa öz töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır... Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.

"Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır” – deyən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu fikirləri də yaddaşlara əbədi həkk olunub. Bəli, bu gün birmənalı şəkildə deyə bilərik ki, Mehriban xanım Əliyeva mütəmadi olaraq cəmiyyətin həssas təbəqələrinin problemlərini həll etməyə, ana nəvazişinə ehtiyac duyan uşaqları sevindirməyə, zəngin mədəniyyətimizi təbliğ etməyə, müxtəlif istiqamətlərdə yeni layihələr reallaşdırmağa böyük səy göstərir. Əlamətdar hal isə odur ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi öz ilk müşavirəsini məcburi köçkün soydaşlarımızın problemlərinə həsr etmişdir. Bu da o deməkdir ki, Birinci vitse-prezidentlik institutu funksional siyasi təsisat kimi uğurla fəaliyyət göstərir.

Mehriban xanım Əliyevanın Birinci vitse-prezidentlik fəaliyyəti dövlət idarəçilik sisteminə müasirlik qatdı və peşəkarlıq amilinin aktuallığını artırdı desək heç də yanılmarıq. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətinin prioritet istiqamətlərinə gəlincə onu deyə bilərik ki, Mehriban xanım dövlət idarəetməsində çeviklik və effektivlik naminə bütün potensialın səfərbər olunmasını, habelə uğurlu beynəlxalq təcrübə nümunələrindən istifadəni təmin edir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təmin olunması istiqamətində reallaşan layihələr təhsildə demokratik prinsipin yaşadılmasını təmin edir. Azərbaycanın Birinci vitse-prezidenti ölkə əhalisinin sağlamlığının qorunması naminə daim müxtəlif təşəbbüslərlə çıxış edir və sosial baxımdan həssas əhali qruplarının problemlərinin həlli istiqamətində tədbirlər görür. Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin dünyada tanıdılması istiqamətində çoxsaylı layihələri reallaşdırır. Ölkədə idman hərəkatının davamlılığını təmin edir. Ekoloji problemlərin həllinə dəstək göstərir. İşğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanı həyata keçirir.

Mehriban xanım Əliyevanın yüksək idarəçilik təcrübəsinin müstəsna nümunələrinə diqqət yetirsək görərik ki, bütün bunların arxasında neçə illərin gərgin əməyi dayanır. Mehriban xanım Əliyevanın xalqın rəğbətinə səbəb olmuş önəmli fəaliyyət istiqamətləri hər birimizə yaxşı məlumdur. Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini, 2005-ci ildən 2017-ci ilə qədər Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri. Saydığımız bütün bunlar, eləcə də effektiv təşkilatçılıq, peşəkar qərarların qəbul olunması və çeviklik Mehriban xanım Əliyevanın uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdir.

Bu gün onu da əminliklə söyləyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hazırlanan və Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər sayəsində ölkəmizin nüfuzu daha da artmışdır. Mehriban xanım Əliyevanın rəhbərliyi və təşkilatçılığı ilə keçirilən tədbirlər Azərbaycanın güclü dövlət olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan və dünya ictimaiyyəti 2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları zamanı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinin bir daha şahidi oldu. Həmçinin, Mehriban xanım Əliyevanın 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması tarixi hadisə kimi yaddaşlara yazıldı. Azərbaycan cəmiyyəti istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi müxtəlif beynəlxalq tədbirlərin təşkilat komitələrinin rəhbəri kimi fəaliyyətində Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığının, məqsədyönlülüyünün dəfələrlə şahidi olub. Bu isə o deməkdir ki, Azərbaycanın Birinci vitse-prezidenti siyasi karyerası və ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin öhdəsindən böyük məharətlə və ustalıqla gəlir.

Ötən illər ərzində əldə edilən nailiyyətlər onu deməyə əsas verir ki, Mehriban xanım Əliyevanın fəaliyyəti ölkənin "Yumşaq güc” siyasətinin təcəssümüdür. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artmasında Azərbaycanın Birinci vitse-prezidentinin misilsiz xidmətləri vardır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir çox ölkələri əhatə edir. Prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Mehriban xanım Əliyevanın qlobal təşəbbüsləri sayəsində mədəniyyətlərarası dialoq Azərbaycanın beynəlxalq brendinə çevrilmişdir. Bilavasitə Azərbaycanın Birinci vitse-prezidentinin təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində mədəniyyətlərarası dialoq ünvanlarından biri sayılır. Mehriban xanım Əliyevanın Azərbaycanın xarici siyasətindəki vacib missiyası ölkələrarası dostluq münasibətlərinin qurulmasıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fransa, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrin Birinci xanımları və ya dövlət idarəetməsində yüksək vəzifə tutan xanımları ilə keçirdiyi çoxsaylı görüşlər, əməkdaşlıq etdiyi müxtəlif platformalar xüsusi əhəmiyyət daşıyır.

Mehriban xanımın fəaliyyətinə nəzər salarkən, gördüyü işlərlə tanış olarkən yüksək etimad və Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqliyin şahidi oluruq. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Partiyanın Sədri cənab İlham Əliyevin sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqliyin və Azərbaycanın dövlət siyasətində qadına göstərilən xüsusi diqqətin təcəssümüdür. Eyni zamanda Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazının formalaşması deməkdir.

Mehriban xanım Əliyevadan və onun gördüyü işlərdən söz açarkən gözlərimiz önündə həm də ölkə rəhbərliyi və xarici dövlətlər tərəfindən yüksək dəyərləndirilmiş misilsiz fəaliyyət dayanır. Mehriban xanım Əliyeva Azərbaycanın ən ali dövlət mükafatlarına – "Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülmüşdür. Xarici ölkələrin ali dövlət mükafatları sırasında xüsusi olaraq qeyd etmək olar: Fransanın "Şərəf Legionu”, Rusiyanın "Dostluq” və "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın "Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın "Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın "Hilal-e Pakistan”, Serbiyanın "Sreten”, Macarıstanın "Xidmətlərə görə” Komandor Xaçı, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri, UNESCO-nun "Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və "Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin "Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, "Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının "Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı. Mehriban xanım Əliyeva, eyni zamanda, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru seçilmişdir. Bütün bunlar Mehriban xanım Əliyevanın ötən illər ərzində sərf etdiyi gərgin əməyinə, misilsiz fəaliyyətinə verilən ən ali və yüksək qiymətdir. Eyni zamanda Mehriban xanımın çoxşaxəli fəaliyyətinə görə layiq görüldüyü təltiflərin hər birinin arxasında bilik, ağıl və iradə, peşəkarlıq və təcrübə, prinsipiallıq və xeyirxahlıq, ən əsası da onun xalqına, dövlətinə, insanlığa, bəşəriyyətə olan sevgisi dayanır. Beynəlxalq ictimaiyyət Birinci vitse-prezident Mehriban xanım Əliyevanı dünyanın ən nüfuzlu qadın siyasətçilərindən biri kimi səciyyələndirir. Mehriban xanım Əliyeva uzun illər ərzində çoxsaylı nüfuzlu beynəlxalq mükafatlar ilə təltif olunmuşdur, ancaq onun ən böyük mükafatı Azərbaycan xalqının rəğbəti və sevgisidir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar missiyası, Azərbaycanı dünyaya tanıtdırmış mədəni layihələri də hər birimizə yaxşı məlumdur. Azərbaycanın milli sərvəti olan muğam sənətinin beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsidir. Azərbaycanın maddi və qeyri-maddi irsinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün yüzlərlə təqdimatlar, sərgilər və tədbirlər keçirmişdir. Fransada, İtaliyada, Rusiyada və başqa ölkələrdə keçirilən çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa və öyrənməyə başlamışdır. Mirzə Kazımbəyin 200 illik, akademik Yusif Məmmədəliyevin, xalçaçı-rəssam Lətif Kərimovun, akademik Musa Əliyevin, yazıçı Mir Cəlal Paşayevin, rəssam Səttar Bəhlulzadənin və dramaturq İlyas Əfəndiyevin 100 illik, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik, həmçinin Üzeyir Hacıbəylinin "Arşın mal alan” musiqili komediyasının 100 illik, "Leyli və Məcnun” operasının ilk tamaşasının 100 illik, "Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illik yubileyləri UNESCO səviyyəsində qeyd edilmişdir.

Xalqımızın dini dəyərlərinə göstərilən qayğı da göz önündədir. Mehriban xanım bu sahədə də üzərinə düşən missiyanı layiqincə yerinə yetirir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu "Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdə yeni məscidlər inşa etmiş, müqəddəs ziyarətgahların təmir-bərpa işlərini həyata keçirmişdir. Bundan əlavə, Mehriban xanım Əliyeva yüz illər boyu Azərbaycanda dost və qardaş şəkildə yaşamış müxtəlif dinlərin nümayəndələrinin mədəni özünəməxsusluğunu qoruyub saxlaması, dini ayinlərini sərbəst yerinə yetirməsi üçün ibadət evlərinin bərpası və inşası işində də öndə dayanmışdır. Müxtəlif müsəlman ölkələrində xeyriyyə aksiyalarının keçirilməsi, müsəlman uşaqların təhsili və sağlamlığı ilə bağlı davamlı layihələrin reallaşdırılması, həmçinin Bakının İslam mədəniyyətinin paytaxtı olması önəmli təşəbbüs və vacib işlər kimi qeyd edilə bilər.

Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işlər, əldə etdiyi uğur və nailiyyətlər yüksək qiymətləndirilmişdir. Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti və xeyirxah missiyası qısa zaman ərzində nəinki ölkə ictimaiyyəti, hətta beynəlxalq ictimaiyyətin də diqqətini çəkmişdir.Mehriban xanım Əliyeva 2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun, 2006-cı ilin noyabrında isə humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanda savadlı, peşəkar və sağlam yeni nəslin formalaşmasına xidmət edən önəmli təşəbbüslərlə daim çıxış edir. Təhsilə göstərilən qayğı kontekstində ötən illərin növbəti təşəbbüsləri xüsusi olaraq vurğulanmalıdır: "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, "Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı, "Təhsilə dəstək” və s. Qeyd olunan proqramların icrası nəticəsində təhsildə, habelə yeni savadlı və vətənpərvər nəslin formalaşdırılması prosesində əsaslı nailiyyətlər əldə olunmuşdur. Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 100-ə qədər, ümumilikdə isə ötən dövr ərzində 3000-dən artıq təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilmişdir. Qazaxdason 2 ildə Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurulması, yenə də Fond tərəfindən Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın inşa olunması bu dediklərimizin əyani sübutudur. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirmiş və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəblisinin uğurlarının əsas təminatçısı olmuşdur. Orta məktəb və digər təhsil müəssisələrinin idman zalları ilə təchiz olunması, futbol meydançalarının, yeni salınan parklarda mini stadionların, idman qurğularının istifadəyə verilməsi, bölgələrdə və paytaxtda şahmat məktəblərinin, idman komplekslərinin tikilməsi Azərbaycanda idman hərəkatının genişlənməsinə səbəb olmuşdur. Sağlamlığın qorunması istiqamətində beynəlxalq tədbirlər çərçivəsində Heydər Əliyev Fondu Dünya Diabet Günü kampaniyasına qoşulmuş, əhalinin sağlamlığının qorunması, xüsusilə uşaqların fiziki cəhətdən sağlam böyüməsinə lazımi səviyyədə diqqət yetirilməsi üçün "Talassemiyasız həyat naminə” layihəsini başlamışdır. Bundan əlavə, 2010-cu ildə Heydər Əliyev Fondu və UNICEF-in birgə təşkilatçılığı ilə keçirilən anemiya və talassemiya üzrə "dəyirmi masa”da bu istiqamətdə bir çox mühüm problemlər müzakirə edilmişdir. Məhz bu xidmətlərinə görə Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə Mehriban xanım Əliyeva bu beynəlxalq təşkilatın ali mükafatına layiq görülmüşdür.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva əhalinin həssas təbəqələrinə göstərdiyi xüsusi diqqət və qayğıya görə də hər zaman bizlərə nümunədir. Ölkəmizdə xüsusi həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban xanım Əliyevanın fəaliyyət sahəsinin ana xəttini təşkil edir. Qarabağ müharibəsi şəhidlərinin övladları, valideynləri və doğmalarına Mehriban xanım Əliyevanın xüsusi diqqəti və qayğısı da göz önündədir. Dövlətin sosialyönümlü çoxşaxəli layihələri məhz Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilir. Heydər Əliyev Fondu tərəfindən pandemiya dövründə aztəminatlı ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı həyata keçirilmişdir. Bakı və regionlardakı körpələr və uşaq evləri, internat məktəbləri, Uşaq Psixonevroloji Mərkəzi, habelə pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisələri koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici və qoruyucu vasitələrlə təmin edilmişdir.

Bu gün ölkəmizdə elə bir sahə yoxdur ki, orada Mehriban xanımın adı çəkilməsin. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə böyük ekoloji layihələr də icra edilməkdədir. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanan "Hərəyə bir ağac əkək” kampaniyası hər il davam etdirilir. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək, yaşıllaşdırma kampaniyasına qoşulmuşdur. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır. Həmçinin, Nəsimi ili çərçivəsində (2020-ci il) Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda 650 min ağac əkilmiş və Bakı şəhərində Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmişdir. Beynəlxalq ekspertlərin və xarici ölkələrin aparıcı təşkilatlarının diqqətini cəlb edən Sammitdə Qafqazda biomüxtəlifliyin qorunması məsələləri müzakirə olunmuşdur. 

Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini də uğurla tamamlayır. Birinci vitse-prezident kimi Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım Əliyeva ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir.

Bütün bu illər ərzində gərgin əmək sayəsində görülən işlər, həyata keçirilən çoxsaylı layihələr, əldə edilən uğur və nailiyyətlər, ən əsası da milli dəyərlərə sadiqlik Mehriban xanımƏliyevaya xalqın rəğbət və sevgisini qazandırdı. Mehriban xanım Əliyeva öz fəaliyyətində hər zaman millətin dili, mədəniyyəti, tarixi və milli-mənəvi dəyərlərinə sadiq qalmışdır. Mehriban xanım Əliyeva özünün çoxşaxəli fəaliyyətini bu amillər üzərində qurmuşdur. Bütün varlığı və əzmkar fəaliyyəti ilə Azərbaycançılıq ideologiyasına xidmət edən Mehriban xanım Əliyeva dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə uğurla fəaliyyət göstərir. Və bu fəaliyyət hər bir azərbaycanlının ürəyincədir. Hər bir ölkə vətəndaşı tərəfindən sonsuz minnətdarlıq hissi ilə qarşılanır.

Gulaya HƏSƏNOVA,

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru,

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri



Facebook-da paylaş