Qazaxda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub
8 Mart – Beynəlxalq
Qadınlar Günü respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da qeyd
olunub. Əlamətdar gün münasibətilə rayonun ictimai-siyasi həyatında fəal
iştirak edən bir qrup qadın mükafatlandırılıb. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın timsalında bütün qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə
təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Sonra icra başçısı ölkə
Prezidenti cənab İlham Əliyevin 23 iyun 2020-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi”
medalı ilə təltif olunmuş Qazax Rayon İcra Hakimiyyəti başçısının Dəmirçilər
kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Mahmudova Gülnaz Fərhad qızına
medala layiq görülməsi münasibətilə səmimi ürək sözlərini çatdırıb, gələcək
fəaliyyətində uğurlar diləyib və medalı təqdim edib. Rayon rəhbəri Azərbaycan
xanımlarının həmişə sədaqət, təmkin, ailəsinin qayğısına qalan fədakar, nəcib
qadın mücəssəməsi olduğunu söyləyib. Qadınların
ölkəmizin ictimai-siyasi həyatında rolundan danışaraq, ilk növbədə, demokratik
cəmiyyətin inkişafının təminatçısı olan qadınların dövlət idarəçiliyindən
tutmuş ölkənin mədəni, pedaqoji, elmi həyatında öhdələrinə düşən vəzifələri
layiqincə yerinə yetirdiklərini vurğulayıb. İcra başçısı qeyd edib ki, ölkəmizdə dövlət
qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev həmişə qadın şəxsiyyətinə
böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara
xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider
qadınlar yetişdirdi. Rayon rəhbəri vurğulayıb ki, dövlət qadın siyasətinin
Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan
qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin
gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər
həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət
göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə
uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə
fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
İcra başçısı
bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz,
dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu
gün Azərbaycan qadınının nə qədər fəal olduğunu bir daha təsdiq edir. Azərbaycanın
birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin
bütün dünyada təbliği sahəsində gördüyü işlər bütün Azərbaycan qadınlarına əsl
örnəkdir. Rayon rəhbəri Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da Azərbaycanın tanıdılması,
xüsusilə də Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində geniş və
məqsədyönlü fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, onun təşəbbüsü ilə
keçirilən tədbirlər həm də Azərbaycan gənclərinin potensialından xəbər verir. İcra başçısı rayonun ictimai-siyasi həyatında
mühüm nailiyyətlərin əldə edilməsində qazaxlı qadınların da böyük əməyinin
olduğunu bildirib, onların üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməsini
və cəmiyyətdə fəal mövqe tutmalarını yüksək qiymətləndirib. Sonra rayonun ictimai-siyasi həyatında
fəal iştirak edən bir qrup qadına Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri
Fərmanı, hədiyyələr və gül dəstələri təqdim edilib. Mükafatlandırılanlar rayonda apardığı
tikinti-quruculuq işlərinə, pandemiya dövrü olmasına rəğmən bayram münasibətilə
onları unutmadığına və təbrik etdiyinə görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Sonda
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir daha bütün qadınları təbrik
edərək onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi və işlərində yeni-yeni
uğurlar arzulayıb. GOYEZEN.AZ
Facebook-da paylaş