Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub

Qazaxda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub


6-03-2021, 17:47


8 Mart – Beynəlxalq Qadınlar Günü respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da qeyd olunub. Əlamətdar gün münasibətilə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadın mükafatlandırılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında bütün qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb.

Sonra icra başçısı ölkə Prezidenti cənab İlham Əliyevin 23 iyun 2020-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi” medalı ilə təltif olunmuş Qazax Rayon İcra Hakimiyyəti başçısının Dəmirçilər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Mahmudova Gülnaz Fərhad qızına medala layiq görülməsi münasibətilə səmimi ürək sözlərini çatdırıb, gələcək fəaliyyətində uğurlar diləyib və medalı təqdim edib.

Rayon rəhbəri Azərbaycan xanımlarının həmişə sədaqət, təmkin, ailəsinin qayğısına qalan fədakar, nəcib qadın mücəssəməsi olduğunu söyləyib. Qadınların ölkəmizin ictimai-siyasi həyatında rolundan danışaraq, ilk növbədə, demokratik cəmiyyətin inkişafının təminatçısı olan qadınların dövlət idarəçiliyindən tutmuş ölkənin mədəni, pedaqoji, elmi həyatında öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini vurğulayıb.

İcra başçısı qeyd edib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev həmişə qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Rayon rəhbəri vurğulayıb ki, dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.

 

İcra başçısı bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu bir daha təsdiq edir. Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər bütün Azərbaycan qadınlarına əsl örnəkdir.

Rayon rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da Azərbaycanın tanıdılması, xüsusilə də Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, onun təşəbbüsü ilə keçirilən tədbirlər həm də Azərbaycan gənclərinin potensialından xəbər verir.

İcra başçısı rayonun ictimai-siyasi həyatında mühüm nailiyyətlərin əldə edilməsində qazaxlı qadınların da böyük əməyinin olduğunu bildirib, onların üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməsini və cəmiyyətdə fəal mövqe tutmalarını yüksək qiymətləndirib.


Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı, hədiyyələr və gül dəstələri təqdim edilib.

Mükafatlandırılanlar rayonda apardığı tikinti-quruculuq işlərinə, pandemiya dövrü olmasına rəğmən bayram münasibətilə onları unutmadığına və təbrik etdiyinə görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.

Sonda Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir daha bütün qadınları təbrik edərək onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi və işlərində yeni-yeni uğurlar arzulayıb.

GOYEZEN.AZ


Geri qayıt