• Təqvim

  • Maraq



Qazaxda icra başçısı Azərbaycan Televiziyasının əməkdaşını Fəxri Fərmanla təltif edib

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin ən qocaman televiziya və radio qurumudur. Müasir dövrdə müxtəlif sahələrlə bağlı zəngin verilişlər epopeyası  yaradan Azərbaycanın ilk televiziyası, keçmişindən üzü bəri misli bərabəri  olmayan  tarixi xidmətləri ilə 66 ildir ki, milli dəyərlərimizi nümayiş  etdirməkdədir.

Azərbaycan Radiosu 1926-cı il noyabrın 6-da, Azərbaycan Televiziyası 1956-cı il fevralın 14-də yayıma başlayıb. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin 2005-ci il 23 mart 213 saylı Fərmanı ilə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında yaradılıb.

Azərbaycan Televiziyası çox geniş auditoriyaya malikdir. Hazırda televiziyanın yayımladığı verilişlərə tamaşaçılar nəinki vətənimizin hər bir şəhər və kəndində, ən ucqar bölgədə, həmçinin dünyanın bir çox ölkələrində də baxa bilir.

 


Fevralın 14-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov AZTV-nin qərb bölgəsi üzrə nümayəndəsi, xüsusi müxbiri Nəbiyev Alməmməd Hacı oğlunu Azərbaycan Televiziyasının yaradılmasının 66 illiyi və televiziya sahəsində göstərdiyi xidmətlərə görə Fəxri Fərmanla təltif edib.

Əlamətdar gün münasibətilə Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə icra aparatının məsul işçiləri, idarə, müəssisə rəhbərləri, Qarabağ əlilləri, veteranlar, Vətən müharibəsi qaziləri, şəhid ailələri, KİV nümayndələri iştirak ediblər.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Televiziyasının yaradılmasının 66 illiyi münasibatilə televiziyanın rəhbəri Rövşən Məmmədov başda olmaqla, bütün əməkdaşları təbrik edib, səmimi ürək sözlərini çatdırıb. 66 illik tarixi bir yol qət edən televiziyanın yaranma tarixindən, əldə etdiyi nailiyyətlərdən danışıb.  Dövlət televiziyası olaraq hər zaman dövlətimizə, xalqımıza, ölkə rəhbərinə sadiqlik nümayiş etdirən bir televiziya olduğunu qeyd edib. Respublikamızın hər yerindən olduğu kimi, mütəmadi olaraq Qazaxdan bəhs edən çəkilişlər, süjetlər, verilişlər yayımladığını vurğulayıb. AZTV-nin qərb bölgəsi üzrə nümayəndəsi, xüsusi müxbiri Alməmməd Nəbiyevin fəaliyyətindən söz açan icra başçısı onun əməyini yüksək qiymətləndirib.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, "Göyəzən” qəzetinin baş redaktoru Elçin Məmmədov çıxış edərək əlamətdar gün münasibətilə təbriklərini çatdırıblar. Televiziyanın yaranma tarixinə, keçdiyi şərəfli yola nəzər salıblar.




       

Şəhid gizir Səbuhi Məmmədovun anası Cəvahir Bənnayeva, şəhid Babək Həsənovun anası Gülarə Həsənova çıxış edərək Azərbaycan Televiziyasının yaranmasının 66 illiyi münasibətilə səmimi ürək sözlərini bildiriblər. Şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə edib, buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladları və onlar kimi qəhrəman oğullarla hər zaman fəxr edəcəklərini, qürur duyacaqlarını söyləyiblər. Şəhidlərimizin xatirəsinin daim yad olunması, unudulmaması, gələcək nəsillərə çatdırılması, Azərbaycan xalqına tanıdılması istiqamətində dövlət televiziyası olaraq Azərbayan Televiziyasının gördüyü işləri, mütəmadi olaraq şəhidlərlə bağlı verilişlər, süjetlər hazırlamasını razılıqla qarşılayıblar.




 

AZTV-nin qərb bölgəsi üzrə nümayəndəsi, xüsusi müxbiri Alməmməd Nəbiyev çıxış edərək televiziyanın və əməkdaşlarının ünvanına söylənilən xoş sözlərə, təbriklərə görə rəhbərlik və öz adından minnətdarlığını bildirib. Əməyinə verilən yüksək qiymətə və təltifə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkür edib. Bugünkü təltifi özünün timsalında televiziyaya verilən dəyər kimi qiymətləndirib. Dövlət televiziyasının əməkdaşı olduğu üçün fəxr etdiyini, bundan sonra da üzərinə düşən işin öhdəsindən layiqincə gəlmək üçün var qüvvəsi ilə çalışacağını qeyd edib.

GOYEZEN.AZ



Facebook-da paylaş