• Təqvim

  • Unutma

  • Maraq



"Müasir xeyriyyəçilik institutunun əsası Heydər Əliyev Fondu tərəfindən qoyulub"


Xeyriyyəçilik, xeyirxah işlər görmək Azərbaycan xalqının ən mühüm həyati dəyərlərindəndir. XIX əsrin sonu XX əsrin əvvəllərində daha geniş vüsət alaraq əhalinin zəif sosial təbəqəsinin üzvlərinə, ehtiyacı olanlara müxtəlif yönlü koməkliklərlə əsl insanlıq kodeksinə çevrilmişdir. Bu gün də Azərbaycanda xeyriyyəçilik ənənələri davam etdirilir, müasir dövrün reallıqları və tələblərinə uyğun olaraq daha da inkişaf etdirilir. Tarixi ənələrimizi dirçəldən, inkişaf etdirən, sosial-mənəvi tərəqqi üçün səmərəli vasitə yaradan müasir xeyriyyəçilik institutunun əsası Heydər Əliyev Fondu və fondun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən qoyulub. Xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat olan Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılıb və bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycanı və mədəniyyətimizi dünyaya tanıtmaq, təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. İnsanların ümidlərini doğrultmaq və xeyriyyəçilik etmək Fondun bütün fəaliyyətinin aparıcı istiqamətidir.

Qarşısına qoyduğu bütün layihələri uğurla gerçəkləşdirən Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində əzmkar fəaliyyəti, təhsil, səhiyyə, idmanın inkişafı sahəsində dövlətin yürütdüyü siyasətə dəstək verməsi ilə ən ali ideallara xidmət etdiyini təsdiqləyir. Azərbaycanın hər bölgəsində Ulu Öndər Heydər Əliyevin saysız-hesabsız yadigarı, quruculuq izləri var. Ümummilli Liderinə sonsuz məhəbbət bəsləyən xalqımız Heydər Əliyev Fondunu mərhəmət və nicat rəmzi olmaqla yanaşı, Onun ideyalarını yaşadan möhtəşəm irs məbədi kimi qəbul edir. Fond ictimai həyatın müxtəlif sahələrində fundamental layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə maddi-mənəvi dəstək verir, öz fəaliyyətində Ümummilli Liderin humanist ideyalarını rəhbər tutaraq hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşır, ölkəmizdə fəaliyyət göstərən digər qeyri-hökumət təşkilatlarına və bütün strukturlara nümunə olur. Cəmiyyətin sosial qayğılarına daim diqqət yetirən Heydər Əliyev Fondunun xətti ilə indiyədək minlərlə insan müayinə olunub, müalicə kursu keçib, minlərlə xəstə respublikanın müxtəlif tibb müəssisələrində cərrahiyyə əməliyyatı olunub, yüzlərlə xəstənin əməliyyat və müayinəsi xarici ölkələrdə aparılıb.

Heydər Əliyev Fondu 2004-cü ildən "Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində bu xəstəliyə düçar olmuş 14 yaşınadək uşaqları müntəzəm olaraq insulin preparatları və şpris-qələmlərlə təmin edir. Artıq istifadəyə verilən Talassemiya Mərkəzi ölkədə qan xəstəliklərinin müalicə və profilaktikasında əhəmiyyətli irəliləyişə təkan verəcək. Bu mərkəz ən müasir avadanlıqla təchiz edilib. Heydər Əliyev Fondu tibb ocaqlarının, uşaq müalicə-profilaktika müəssisələrinin yenidən qurulmasında, müasir avadanlıqla təchizatında iştirak edir. "Fresenius Medical Care”, "Karl-Storz”, "Servier” kimi nüfuzlu şirkətlər tərəfindən Fonda bağışlanmış hemodializ və endoskopik aparatlar və dərman preparatları ölkənin müvafiq tibb müəssisələrində istifadə olunur. Fond hər il Yeni il və Novruz bayramlarında uşaq evləri və internat məktəbləri, şəhid, məcburi köçkün ailələrindən olan uşaqlar üçün möhtəşəm bayram şənlikləri, xüsusi tədbirlər təşkil edir. Bütün işlər birbaşa Fondun prezidenti Mehriban xanım Əliyevanın nəzarəti ilə həyata keçirilir.

Təhsil sisteminin inkişaf etdirilməsi məqsədilə Heydər Əliyev Fondu "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramını, "Yeniləşən Azərbaycana yeni məktəb" və "Təhsilə dəstək" layihələrini həyata keçirir.

2005–2014-cü illər ərzində "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində respublika üzrə uşaq müəssisələri əsaslı şəkildə təmir edilmişdir. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən çox şagirdin təhsil aldığı yüzlərlə məktəb binası inşa olunmuş və yenidən qurulmuş, "Təhsilə dəstək" layihəsi çərçivəsində isə respublika üzrə uşaq bağçaları əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edilmişdir.

Ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı Qazaxda da yüksək səviyyədə hiss olunur. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır. Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Qazaxda da yeni məktəb binaları inşa olunur. Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunması, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncama əsasən bu gün yeni məktəbin inşa olunması dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısıdır.


Dövlət Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri də Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbi idi. Məktəbin əvvəlki binası 1966-cı ildə inşa edildiyindən fiziki köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsiçərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə həmin məktəb üçün 220 şagird yerlik yeni bina inşa olunub. Yanvarın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən yeni məktəb binasının açılışı olub.

 

 

Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi. Uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanıdılması bu təbliğatı alt-üst etmişdir. Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlamışdır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Məcburi köçkünlər üçün yeni evlərin yaradılması da Heydər Əliyev Fondunun təşəbbüsü ilə geniş vüsət almışdır.

Müharibədən sonra yaradılmış Qarabağ Dirçəliş Fondu və "YAŞAT” Fondu Azərbaycanda xeyriyyəçilik ənənələrin inkişafına xidmət edir. Xeyriyyəçilik ənənələri davam edir və cəmiyyətdə çox yüksək qiymətləndirilir. Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlər könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm "YAŞAT” Fonduna vəsait təqdim edirlər və bu vəsait hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edir.

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş