Qazaxda “Heydər Əliyev və Azərbaycan qadın siyasəti” mövzusunda videokonfrans keçirilib
Müasir dövrdə qadınların cəmiyyətin bütün sferalarında fəal təmsilçiliyi, gender bərabərliyi dünya dövlətləri üçün aktual məsələdir. Azərbaycan dövlətinin də bu istiqamətdə atdığı addımlar və əldə etdiyi nailiyyətlər danılmazdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan qadın siyasəti cənab Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Mehriban xanım Əliyevanın dövlət qadın siyasətinin inkişafı istiqamətində çoxşaxəli və səmərəli fəaliyyəti həm ölkəmizdə, həm də dünyada böyük rəğbətlə qarşılanır.
Bu gün bu fikirlər Qazax Rayon Heydər Əliyev Mərkəzinin, Qazax Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatı Qadınlar Şurasının və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirovun birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan qadın siyasəti” mövzusunda keçirilən videokonfransda səslənib.
Videokonfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Ağayeva, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva, YAP Qazax Rayon Təşkilatı Qadınlar Şurasının sədri Yeganə Göyüşlü, Ağstafa Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Pəri Məmmədova, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Qiymətləndirmə və Monitorinq Şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının (TGT) sədri Elvira Əfəndiyeva, rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin müdirləri və əməkdaşları iştirak ediblər.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov videokonfransı giriş sözü ilə açaraq iştirak edən qonaqları və mədəniyyət işçilərini salamlayıb, videokonfransın məqsəd və əhəmiyyətindən danışıb. A.Əmirov qeyd edib ki, Ümummilli Lider qadınlarla bağlı məsələlərə böyük diqqət yetirirdi. O, qadınların problemlərini dövlət səviyyəsində həll etmək məqsədilə xüsusi fərmanla Azərbaycanda "Qadın problemləri üzrə Dövlət Komitəsi”ni yaratdı, Komitə yarandıqdan sonra Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı tərtib edildi.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Ağayeva çıxış edərək bildirib ki, müasir dövrdə qadınların cəmiyyətdə fəal təmsil edilməsi, gender bərabərliyi kimi məsələlər bütün bəşəriyyət üçün aktuallıq kəsb edir. Azərbaycan dövlətinin də bu istiqamətdə atdığı addımlar və əldə etdiyi nailiyyətlər danılmazdır. Azərbaycanda qadın siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra qadın siyasəti geniş vüsət almış, qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqa malik olması yeni qurulmuş müstəqil Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olmuşdur.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova çıxış edərək dünyada olduğu kimi, ölkəmizdə də qadın problemlərinin, qadına qarşı zorakılıq və şiddət hallarının mövcud olmasından danışıb. O, bildirib ki, Azərbaycanda qadınların hüquqları dövlət səviyyəsində qorunur və qadına qarşı zorakılıq halları hüquqi müstəvidə tənzimlənir.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva çıxışı zamanı qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanda hakimiyyətinin ilk dönəmlərindən qadınlarla bağlı məsələləri daim önə çəkmiş, qadınları yüksək vəzifələrə təyin etmişdir. Bir çox rayonlara rəhbərliyi qadınlara tapşırmış, nazir müavinləri vəzifəsinə neçə-neçə qadını təyin etmişdir. Əsası Ulu Öndər tərəfindən qoyulan qadın siyasəti bu gün Heydər Əliyev kursunun layiqli yetirməsi ölkə Prezidenti İlham Əliyev tərəfindən də çox uğurla davam etdirilir. İlham Əliyev ölkənin ictimai-siyasi həyatında fərqlənən qadınların fəaliyyətini yüksək mükafat və fəxri adlarla qiymətləndirir.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı olaraq ölkə rəhbəri İlham Əliyev tərəfindən aparılan islahatlar nəticəsində hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Milli Məclisin sədri vəzifələri də xanımlara etibar edilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət qadın siyasətinin inkişafı istiqamətində çoxşaxəli və səmərəli fəaliyyəti bütün dünya üçün parlaq nümunədir. Azərbaycan qadınının ümumiləşdirilmiş siması olan Mehriban xanım Əliyeva dünya miqyasında Azərbaycan qadınının simvoluna çevrilib.
YAP Qazax Rayon Təşkilatı Qadınlar Şurasının sədri Yeganə Göyüşlü qeyd edib ki, Mehriban xanım Əliyevanın fəaliyyətindən danışarkən onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizə verdiyi töhfələrə diqqət yetirmək lazımdır. Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını böyük əzm və sədaqətlə həyata keçirir. Mehriban xanım həm də Azərbaycanda xeyriyyəçilik institutunun yenidən bərpa edilməsində də böyük işlər görmüşdür. Onun rəhbərliyi ilə "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək” layihələri ilə ölkəmizin təhsilinə böyük töhfələr verilir.
Ağstafa Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Pəri Məmmədova, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Qiymətləndirmə və Monitorinq Şöbəsinin müdiri, TGT-nın sədri Elvira Əfəndiyeva, Qazax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax Dövlət Rəsm Qalereyasının müdiri Münəvvər Xəlilova Azərbaycanda əsası Ulu Öndər tərəfindən qoyulan qadın siyasətinin bu gün ölkəmizdə çox uğurla davam etdirilməsindən və qadınların cəmiyyətin bütün sahələrində kişilərlə çiyin-çiyinə mübarizə aparmasından, müstəqillik uğrunda başlamış ümumxalq hərəkatında ön sıralarda olmalarından və Azərbaycanın ərazi bütövlüyü uğrunda fədakarlıq rəmzinə çevrilmələrindən danışıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş