“Qadına şiddətə yox deyək” adlı dəyirmi masa keçirilib
Qazax rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Qadına şiddətə yox deyək” adlı dəyirmi masa keçirilib.
Mədəniyyət Mərkəzinin akt zalında keçirilən tədbirdə təhsil, səhiyyə, mədəniyyət işçiləri, rayonda təhsil alan tələbələr, fəal gənclər iştirak ediblər.
Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov tədbiri giriş sözü ilə açaraq ailə və cəmiyyətin ictimai həyatında qadınların rolundan, Azərbaycanda insan hüquqları, xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində sistemli siyasətin aparılmasından danışıb. Beynəlxalq aləmdə qadın və uşaqlara qarşı zorakılıqla mübarizənin aktual bir problem olduğunu bildirib və sağlam cəmiyyətin formalaşması üçün şiddətə qarşı geniş şəkildə mübarizə aparmağın zəruriliyini vurğulayıb.
Sonra fəal gənc rəssam Akif Əmirov, Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Bakı Dövlət Universitetinin Qazax filialının sosial iş üzrə müəllimi Gülnar Nəzərova, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Elvira Əfəndiyeva,şəhid kapitan Mühüd Orucov adına tədris mərkəzinin direktoru Gülanə Hüseynova, Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Nailə Əliyeva çıxış edərək cəmiyyətin ictimai həyatında qadınların mövqeyi və rolu barədə danışıblar.
Çıxışlarda qadın zorakılığının səbəbləri və ona qarşı mübarizə sahəsində Azərbaycanda görülən işlərdən söz açılıb. Bildirilib ki, dünyada hər üç qadından biri fiziki zorakılığa məruz qalır. Cinsi zorakılığa məruz qalanların sayı isə daha çoxdur. Heç bir ölkədə qadınlar zorakılıqdan azad deyil. Bunun əsas səbəbləri kimi maddi vəziyyətin aşağı olması, narkotik və içki aludəçiliyi göstərilir. Dünya ictimaiyyətinin narahatlığına səbəb olan ən ağrılı problemə qarşı birgə addımların atılması üçün BMT Baş Assambleyası 1999-cu ildə noyabrın 25-ni Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edib. Təşkilata üzv olan Azərbaycanda da bu beynəlxalq günə, eləcə də bəşəriyyətin daim üzləşdiyi qadın zorakılığına qarşı müxtəlif tədbirlər həyata keçirilir. Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qadınların ən böyük dəstəkçilərindən olub. Respublika Prezidenti İlham Əliyev, Birinci-vitse prezident Mehriban Əliyeva öz çıxışlarında daim bu mövzuya yer ayırıblar.
Çıxış edənlər vurğulayıblar ki, hər kəsi qadın zorakılığına son verməyə səsləməli, qadına mərhəmət, nəvaziş göstərməyi alqışlamalı, zərif cinsin nümayəndələrinə qarşı istər fiziki, istərsə də psixoloji şiddəti kəskin qınamalıyıq. Hər kəsi bu önəmli mübarizədə fəal olmağa, zorakılığa məruz qalan qadınlara yardım əli uzatmağa çağırmalıyıq.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Facebook-da paylaş