• Təqvim

  • Maraq



Qazaxda “EKTİS-də payızlıq əkinlərin vaxtında bəyan edilməsi niyə vacibdir?” mövzusunda maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının əkin dövriyyəsində payızlıq əkinlər xüsusi çəkiyə malikdir. Bu il ölkədə taxıl səpininin optimal müddətdə yekunlaşacağı proqnozlaşdırılır. Səpin prosesini başa çatdıran fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz əkinlərini bəyan edərək subsidiya almaq proseduruna start vermiş olurlar. Reqlamentə əsasən, fermerlərin öz əkinlərini bəyan etməsi üçün müddət dekabrın sonlarında başa çatır. Əkinlərini son müddət başa çatmadan bəyan edən fermerlər artıq ilin ilk aylarında əkin subsidiyası almaq imkanı qazanırlar. Fermerlər fevral-mart aylarında kartlarına köçürülən subsidiya məbləğindən aqrotexniki təqvimə uyğun olaraq kənd təsərrüfatı istehsal alətləri - gübrə, pestisid və s. almaq üçün istifadə edə biləcəklər.
Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilməsi və subsidiyaların alınması üçün müraciətlərin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə bölgələrdə məlumatlandırma sessiyalarını davam etdirir. Noyabrın son ongünlüyündən başlayaraq 25-dən artıq rayonda (əsasən taxılçılıq rayonlarında) maarifləndirmə işləri aparılıb.
Nazirliyin nümayəndə heyəti növbəti məlumatlandırma sessiyasını Qazax rayonunda keçirib. 
Dekabrın 7-də Qazax Gənclər Evində keçirilən tədbrdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,icra aparatının məsul işçiləri, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev, Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov, RİH başçısının kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb, tədbirin əhəmiyyətindən danışıb. Bugünkü tədbirdə qeyd edilən məsələnin - payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilməsi və subsidiyaların elektron qaydada verilməsinin kökündə şəffaflığın, ən əsası da vətəndaş məmnunluğunun dayandığını bildirib. Kənd təsərrüfatı sahəsinə, kəndli fermerlərə göstərilən dövlət dəstəyinə və bu cür tədbirin keçirilməsinə görə başda Kənd Təsərrüfatı naziri İnam Kərimov olmaqla, nazirliyin əməkdaşlarına tədbir iştirakçıları adından minnətdarlığını bildirib.  
Ölkəmizdə qeyri-neft sektorunun inkişafının dövlət siyasətinin prioritet sahələrindən biri olduğunu qeyd edən icra başçısı ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların qısa müddətdə öz müsbət nəticələrini göstərdiyini vurğulayıb. Dövlət tərəfindən sahibkarlara, kəndli fermerlərə göstərilən dəstəyin ölkə iqtisadiyyatında böyük pay sahibi olan kənd təsərrüfatının inkişafına öz töhfəsini verdiyini söyləyib. Kənd təsərrüfatı sahəsinin neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə olduğunu qeyd edən rayon rəhbəri aqrar sektorun həm də işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Rayon rəhbəri qeyd edib ki, kənd təsərrüfatının inkişafı həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı rola malikdir. Bu baxımdan aqrar siyasətin prioritet olması təsadüfi deyil və dövlətin strateji maraqlarına xidmət edir.
 
İcra başçısı son illər Qazaxda bütün sahələrlə yanaşı, kənd təsərrüfatı sahəsinin də uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Kənd təsərrüfatı sahəsində əldə olunmuş nəticələrdən, bu sahənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açan rayon rəhbəri dövlət tərəfindən kəndli fermerlərə verilən subsidiyalardan da danışıb. Ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı yürütdüyü məqsədyönlü siyasətə rayonda kənd təsərrüfatında əldə etdiyimiz göstəricilərlə öz töhfəmizi verməli olduğumuzu qeyd edib. Bütün sahələrdə olduğu kimi, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilməsi və subsidiyaların alınması üçün müraciətlərin formalaşdırılması prosesinin sürətləndirməsi ilə bağlı verilən tapşırıq və tövsiyələrin vaxtında icra ediləcəyini vurğulayıb.
 
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin yüksək səviyyədə təşkil olunmasına görə nazirlik adından rayon rəhbərliyinə minnətdarlığını bildirib. R.Quliyev qeyd edib ki, kənd təsərrüfatı bölgələrdə əhalinin məşğulluğunun təmin olunmasında və gəlirlərinin artmasında mühüm rol oynayır. Aqrar sahənin inkişaf etdirilməsi məqsədilə fermerlərə dövlət tərəfindən subsidiyalar ödənilir. Subsidiyaların verilməsi 2020-ci ilin yanvar ayından başlayaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən həyata keçirilir. Fermer dövlət dəstəyindən yararlanmaq, subsidiya almaq üçün torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərini EKTİS-də açdığı şəxsi kabinetə yükləməli və hansı məhsulu əkdiyini bəyan etməlidir. Reqlamentə əsasən, torpaq sənədləri və əkin bəyanları monitorinqə cəlb olunur, nəticələr təsdiqləndikdən sonra subsidiya vəsaiti fermerlərin "Fermer kartı”na köçürülür. Fermerlər kartdakı vəsaitin 25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra, qalan vəsaitdən isə gübrə, toxum, pestisid və s. aqrar istehsal vasitələri ala bilər. Qeyd edib ki, fermerlər öz əkinlərini bəyan etmək və subsidiya üçün müraciəti formalaşdırmaq üçün ildə bir dəfə EKTİS-də şəxsi kabinetlərini aktivləşdirməlidir. Şəxsi kabineti aktivləşdirməklə fermerlər aqrar fəaliyyətlərini davam etdirdiklərini təsdiqləmiş olurlar. Şəxsi kabinet aktivləşdirildikdən sonra torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədlər və əkin məlumatları EKTİS-ə daxil edilməlidir. Sənədlərin uyğunluğu və məlumatların düzgünlüyü yoxlanıldıqdan sonra təsdiqlənir və fermerin subsidiya almaq üçün elektron müraciəti formalaşır. Bəyan prosesi dekabrın 30-da başa çatacaq, yanvar ayında monitorinqlərin keçirilməsi, fevral-mart aylarında isə subsidiyaların ödənişi nəzərdə tutulur. Fermerlər öz əkinlərini son müddət tarixini gözləmədən bəyan etməklə ilin əvvəlində subsidiya almaq imkanı qazanırlar.
R.Quliyev Respublika Prezidenti İlham Əliyevin 2021-ci il 7 oktyabr tarixində imzaladığı "Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərmanı barədə də geniş məlumat verib. Bildirib ki, bu Fərman aqrar sahədə dövlət dəstəyi tədbirlərinin davamı olaraq pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işlərinin başa çatdırılması məqsədilə imzalanıb. Natiq çıxışında dövlətin yaratdığı imkanlardan yararlanmaq, öz torpaq sənədlərini qaydaya salmaq, sahib olduqları torpaq üzərində mülkiyyət hüququnu rəsmiləşdirməyi tövsiyə edib. 2025-ci il yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyaların torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcəyini, fermerlərin bu çıxarışları əldə etmək üçün müvafiq dövlət qurumuna müraciət etmələrini bildirib.
Qazaxlı fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində əkinlərin bəyan etməsi və subsidiyaların elektron qaydada alınması istiqamətində görülmüş işləri yüksək qiymətləndirən natiq bu il də həmin işin uğurla icra olunacağına əminliyini vurğulayıb.
Görüşdə 5 hektardan yuxarı əkin sahələrindən aqrokimyəvi analizin verilməsi, 10 hektardan yuxarı sahələrin sığorta olunması və digər yeniliklər barədə məlumat verilib. Fermerlərin əkin subsidiyası almaq üçün öz torpaqlarından aqrokimyəvi analiz verməsinin zəruriliyi, taxılçılıqda aqrar sığortanın tətbiqinin məhsul istehsalçıları üçün üstünlükləri, EKTİS-də öz şəxsi kabinetlərini aktivləşdirmək qaydaları diqqətə çatdırılıb. Bildirilib ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2022-ci ildə taxıl əkininə görə vahid əkin əmsalı (1,05) müəyyən olunub, fermerlər həm arpa, həm buğda əkininə görə hər hektara 210 manat subsidiya alacaqlar.
Müzakirələr zamanı iştirakçıların sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq ətraflı məlumata və bugünkü tədbirin keçirilməsinə görə qonaqlara fermerlər, sahibkarlar adından bir daha təşəkkürünü bildirib.
 
GOYEZEN.AZ



Facebook-da paylaş