Qazaxda İyul döyüşlərinin qəhrəmanı şəhid mayor Namiq Əhmədovun ildönümü qeyd olunub
Doğma yurdunu, Vətənini uğrunda öləcək qədər sevən, Azərbaycanın
müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü üçün canını fəda edən igid
oğullarımızdan biri də Yuxarı Salahlı kənd sakini, şəhid mayor Əhmədov Namiq Hajan oğludur.
Vətən torpaqlarının azadlığı uğrunda göstərdiyi igidliyi, qəhrəmanlığı
dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Namiq Əhmədovun xatirəsi hər
zaman əziz tutulur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli
Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə
görə” ordeni ilə təltif olunan Namiq Əhmədov bizim qəlbimizdə
əbədi yaşayır.
Ötən ilin İyul döyüşləri zamanı ən uca zirvəyə -
Şəhidlik zirvəsinə ucalan mayor Əhmədov Namiq Hajan oğlunun son mənzilə yola salındığı gündən 1 il ötür. Bu gün şəhidin
doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində ildönümü qeyd olunub.
Qazax Rayon İcra Hakimiyyəti başçısının
birinci müavini Məmməd Alıyev, RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və
şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi
kapitan Samir Çobanov, şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli, Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyev, Rayon Məhkəməsinin
sədri Nemət Musayev, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidməti Qazax Rayon Şöbəsinin rəisi Tural Məmmədov, Rayon Prokurorunun müavini Qasım Ağayev, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidovun köməkçisi
Akif Əmirov, şəhidin döyüş yoldaşları, komandiri olduğu heyətin əsgər və zabitləri şəhidimizin ildönümündə ailə üzvləri və yaxınları ilə
birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, Vətən uğrunda canından keçən şəhidimizə
Allahdan rəhmət diləyib, igid Vətən oğlunun əziz xatirəsini
dərin ehtiramla yad ediblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısının
birinci müavini Məmməd Alıyev şəhid atası Hajan Əhmədova və ailə üzvlərinə bir daha başsağlığı verib, rayon
rəhbərliyinin səmimi ürək sözlərini çatdırıb. Vətən torpaqlarının ərazi
bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, o cümlədən də Namiq Əhmədovun
qanının yerdə qalmadığını, qisasının alındığını, ölkə başçısının da söylədiyi
kimi, İkinci Qarabağ müharibəsində, haqq savaşında düşmənə layiqli cavablarının
verildiyini vurğulayıb. Tarixi qələbəyə gedən yolun öz başlanğıcını Aprel və
İyul döyüşlərindən götürdüyünü qeyd edib. Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi altında güclü, qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən
müharibəsində şanlı zəfər tarixi yazaraq böyük Qələbə qazandığını, həmin qələbə
ilə bütün şəhidlərimizin ruhunun rahatlıq tapdığını bildirib. Namiq Əhmədov
kimi oğullarımızla hər birimizin fəxr etdiyini, onların əziz xatirəsinin bundan
sonra da daim yad olunacağını söyləyib. Ölkə Prezidenti
tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışan birinci müavin
qəhrəman şəhidimizin ölümündən sonra ordenlə təltif olunmasını Namiq Əhmədovun
timsalında şəhidlərimizə, eləcə də Qazax şəhidlərinə verilən dəyərin daha bir
bariz nümunəsi kimi qiymətləndirib. Qeyd edib ki, mayorumuzun ordenə layiq görülməsi bütün şəhidlərimiz kimi Namiq Əhmədovun xatirəsinin də hər zaman əziz
tutulması və daim qəlblərdə yaşaması deməkdir.
Övladı ilə hər zaman fəxr etdiyini bildirən
şəhid atası Hajan Əhmədov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə
Allahdan rəhmət diləyib. Hajan Əhmədov şəhid atası kimi hər zaman onlara
göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci
vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını
bildirib.
Şəhid
mayor Əhmədov Namiq Hajan oğlu 8 noyabr
1984-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1991-ci
ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1-ci
sinfinə daxil olmuş, 2002-ci ildə həmin məktəbi yaxşı qiymətlərlə bitirmişdir.
2002-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbinə daxil olmuş, 2006-cı ildə
həmin məktəbi bitirərək artilleriya ixtisasına
yiyələnmişdir. 2007-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit
kursunda oxuduqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı
hərbi hissəsində zabit kimi xidmətə başlamışdır. O, Aprel döyüşlərində fəal
iştirak etmiş və Aprel döyüşlərindən sonra Fəxri Fərmanla təltif olunmuş, ona
vaxtından əvvəl mayor rütbəsi verilmiş və "N” saylı hərbi hissənin komandiri
vəzifəsinə irəli çəkilmişdir.
2020-ci il iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən
şiddətli döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan
Ordusunun hərbi qulluqçusu, mayor Əhmədov Namiq Hajan oğlu qəhrəmancasına şəhid
olmuşdur. Şəhid Namiq Əhmədov iyulun 14-də doğulub boya-başa çatdığı Yuxarı
Salahlı kəndində izdihamla kənd qəbiristanlığında torpağa tapşırılmışdır.
Şəhidimiz ailəliydi, bir qız və bir oğlan övladı yadigar
qalıb.
Azərbaycanın müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda
canından keçən mayor Əhmədov Namiq Hajan oğlu ölkə Prezidenti İlham
Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü
dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Onu
da qeyd edək ki, rayon rəhbərliyi tərəfindən ötən il şəhidimizin evinin təmiri
başa çatdırılaraq 40 mərasimi günü ailəsinə təqdim edilmişdir.
GOYEZEN.AZ
Facebook-da paylaş