Qazaxda şəhidin 40 mərasimi
Respublika mətbuatı Qazax
haqqında İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən
döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan
Yuxarı Salahlı kənd sakini, mayor Əhmədov Namiq Hajan oğlunun 40 mərasimi
keçirilmişdir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət
vəkili Səməd Seyidov, Azərbaycan Respublikası Milli Məclisinin elm, təhsil və
mədəniyyət komitələrinin üzvü, millət vəkili Ülviyyə Ağayeva, "Şöhrət”
ordenli məşqçi, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi
Umudov, Rayon Prokuroru Rauf Gözəlov, Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyev,
Rayon Məhkəməsinin sədri Nemət Musayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin rəis müavini, mayor Əfqan
Mikayılov şəhidin ata ocağında ailəsinə baş çəkib, şəhid atası Hajan Əhmədov və
ailə üzvləri ilə görüşüb, bir daha başsağlığı veriblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
millət vəkili Səməd Seyidov və Azərbaycan Güləş Federasiyasının
vitse-prezidenti Firdovsi Umudov çıxış edərək bütün şəhidlərimiz kimi, Namiq
Əhmədovun xatirəsinin də hər zaman əziz tutulacağını və daim qəlblərdə
yaşayacağını bildiriblər. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından
keçən bütün şəhidlərimizin, eləcə də Namiq Əhmədovun qanının yerdə
qalmayacağını, qisasının alınacağını bir daha vurğulayıblar. Bu gün Respublika
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun
"İrəli!” əmrini gözləyən güclü, qüdrətli Azərbaycan Ordusunun olduğunu və
həmin ordunun zəfər çalacağı tarixi günün, üçrəngli Azərbaycan bayrağının həmin
torpaqlarda dalğalanacağı günün elə də uzaqda olmadığını diqqətə çatdırıblar. Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid
atası Hajan Əhmədov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan
rəhmət diləyib. Daha sonra qonaqlar şəhidimizin rayon rəhbərliyi tərəfindən
qısa müddətdə təmiri başa çatdırılan evində görülmüş işlərlə tanış olublar.
Əhmədov Namiq Hajan oğlu 8 noyabr 1984-cü ildə Qazax
rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1991-ci ildə şəhid Zahid
Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil
olmuş, 2002-ci ildə həmin məktəbi yaxşı qiymətlərlə bitirmişdir. 2002-ci ildə
Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş, 2006-cı ildə həmin ali məktəbi
bitirərək artilleriya ixtisasına yiyələnmişdir. 2007-ci ildə Silahlı
Qüvvələrin Təlim Tədris Mərkəzində zabit kursunda oxuduqdan sonra Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində zabit kimi xidmətə
başlamışdır. O, Aprel döyüşlərində fəal iştirak etmiş və Aprel döyüşlərindən
sonra Fəxri Fərmanla təltif olunmuş, ona vaxtından əvvəl mayor rütbəsi verilmiş
və N saylı hərbi hissənin komandiri vəzifəsinə irəli çəkilmişdir. 2020-ci il
iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan
dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı
düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi
qulluqçusu, mayor Əhmədov Namiq Hajan oğlu da qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Namiq Əhmədov iyulun 14-də doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində
böyük izdihamla kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Şəhidimiz
ailəliydi, bir qız və bir oğlan övladı yadigar qalıb. Vəli VƏLİYEV, "Respublika” qəzetinin bölgə müxbiri 26 avqust 2020-ci il
Facebook-da paylaş