Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Qazaxda şəhidin 40 mərasimi
Qazaxda şəhidin 40 mərasimi26-08-2020, 12:45 |
Respublika mətbuatı Qazax haqqında
İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan Yuxarı Salahlı kənd sakini, mayor Əhmədov Namiq Hajan oğlunun 40 mərasimi keçirilmişdir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidov, Azərbaycan Respublikası Milli Məclisinin elm, təhsil və mədəniyyət komitələrinin üzvü, millət vəkili Ülviyyə Ağayeva, "Şöhrət” ordenli məşqçi, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, Rayon Prokuroru Rauf Gözəlov, Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyev, Rayon Məhkəməsinin sədri Nemət Musayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin rəis müavini, mayor Əfqan Mikayılov şəhidin ata ocağında ailəsinə baş çəkib, şəhid atası Hajan Əhmədov və ailə üzvləri ilə görüşüb, bir daha başsağlığı veriblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, millət vəkili Səməd Seyidov və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov çıxış edərək bütün şəhidlərimiz kimi, Namiq Əhmədovun xatirəsinin də hər zaman əziz tutulacağını və daim qəlblərdə yaşayacağını bildiriblər. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin, eləcə də Namiq Əhmədovun qanının yerdə qalmayacağını, qisasının alınacağını bir daha vurğulayıblar. Bu gün Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun "İrəli!” əmrini gözləyən güclü, qüdrətli Azərbaycan Ordusunun olduğunu və həmin ordunun zəfər çalacağı tarixi günün, üçrəngli Azərbaycan bayrağının həmin torpaqlarda dalğalanacağı günün elə də uzaqda olmadığını diqqətə çatdırıblar. Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası Hajan Əhmədov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Daha sonra qonaqlar şəhidimizin rayon rəhbərliyi tərəfindən qısa müddətdə təmiri başa çatdırılan evində görülmüş işlərlə tanış olublar.
Əhmədov Namiq Hajan oğlu 8 noyabr 1984-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1991-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2002-ci ildə həmin məktəbi yaxşı qiymətlərlə bitirmişdir. 2002-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş, 2006-cı ildə həmin ali məktəbi bitirərək artilleriya ixtisasına yiyələnmişdir. 2007-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit kursunda oxuduqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində zabit kimi xidmətə başlamışdır. O, Aprel döyüşlərində fəal iştirak etmiş və Aprel döyüşlərindən sonra Fəxri Fərmanla təltif olunmuş, ona vaxtından əvvəl mayor rütbəsi verilmiş və N saylı hərbi hissənin komandiri vəzifəsinə irəli çəkilmişdir. 2020-ci il iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu, mayor Əhmədov Namiq Hajan oğlu da qəhrəmancasına şəhid olmuşdur. Şəhid Namiq Əhmədov iyulun 14-də doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində böyük izdihamla kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Şəhidimiz ailəliydi, bir qız və bir oğlan övladı yadigar qalıb. Vəli VƏLİYEV, "Respublika” qəzetinin bölgə müxbiri 26 avqust 2020-ci il Geri qayıt |