Qazaxda şəhid mayor Namiq Əhmədov son mənzilə yola salındı
İyulun
13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin
Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı
bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən
geri çəkilməyə məcbur edilib. Bu gün Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan hərbçimiz – mayor Əhmədov Namiq Hajan oğlunun doğulduğu Qazax
rayonunun Yuxarı Salahlı kəndində dəfn mərasimi keçirilib. Dəfn mərasimində Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və aparatın kollektivi, Milli
Məclisin deputatı Qənirə Paşayeva, Rayon Prokuroru Rauf Gözəlov, Rayon Polis Şöbəsinin
rəisi Ədalət Əliyev, Rayon Məhkəməsinin sədri Nemət Musayev, Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi Tural
Məmmədov və şöbənin nümayəndələri, "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri, şəhidin
döyüş yoldaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivləri,
KİV nümayəndələri, minlərlə rayon sakini iştirak edib. Yuxarı Salahlı kənd
qəbiristanlığına aparılan şəhidi yol kənarlarında toplaşan minlərlə insan
üçrəngli Vətən bayrağı ilə qarşılayıb, gül dəstələri ilə yola salıblar. Dəfn
mərasimində "Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirilib. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatı Qənirə Paşayeva
və şəhidin döyüş yoldaşı çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailə
üzvlərinə isə səbr diləyiblər. Çıxış edənlər qüdrətli Azərbaycan Ordusunun
düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu, Vətən uğrunda canından
keçən şəhidlərimizin qanının yerdə qalmayacağını, qisasının alınacağını
bildiriblər. Azərbaycan Ordusunun, hərbçilərimizin, xalqımızın Respublika
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi sıx
birləşərək onun "İrəli!” əmrini gözlədiklərini qeyd ediblər. Ruhuna dua oxunduqdan sonra
şəhid mayor Əhmədov Namiq Hajan oğlunun nəşi uğrunda
canından keçdiyi torpağa tapşırılıb. Şəhidin tabutuna bürünmüş üçrəngli
Azərbaycan Bayrağı onun atasına təqdim edilib. Şəhid atası Hajan Əhmədov övladı
ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canından keçən bütün şəhidlərimizə
Allahdan rəhmət diləyib. Məlumat
üçün qeyd edək ki, şəhidimizin 1 oğul, 1 qız övladı yadigar qalıb. Vətən torpaqlarının
azadlığı uğrunda 287 şəhid verən Qazax rayonu bu gün daha bir şəhidini son
mənzilə yola saldı. GOYEZEN.AZ
Döyüş zamanı düşmən hücumunun qarşısını alarkən
döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu, rayonunun
Yuxarı Salahlı kənd sakini, 1984-cü il təvəllüdlü (36 yaş) mayor Əhmədov Namiq Hajan oğlu şəhid
olub.
Facebook-da paylaş