Qazaxda şəhid Əlləz Əlləzov son mənzilə yola salınıb
Martın 26-da Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb. Dünən axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu, Yuxarı Salahlı kənd sakini Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.
Bu gün Azərbaycan Ordusunun düşmənlə təmas xəttində gedən döyüşlərdə şəhid olan hərbçimiz – Əlləzov Əlləz Ələddin oğlunun doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn mərasimi keçirilib.
Dəfn mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və aparatın kollektivi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani, hərbi qulluqçulardan Rasim Manafov və Eldəniz İmaməliyev, şəhidin əsgər və zabit yoldaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi Mehman Rəhimov və şöbənin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivləri, KİV nümayəndələri, minlərlə rayon sakini iştirak edib.
Əlləz Əlləzovun anadan olduğu evdə keçirilən dəfn mərasimində Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, hərbi qulluqçular Eldəniz İmaməliyev və Rasim Manafov çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə isə səbr diləyiblər. Çıxış edənlər qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu, Vətən uğrunda canından keçən şəhidlərimizin qanının yerdə qalmayacağını, Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun əmrini gözlədiklərini bildiriblər.
Ruhuna dualar oxunub, cənazə Namazı qılındıqdan sonra şəhid Əlləzov Əlləz Ələddin oğlunun cənazəsi hərbi orkestrin ifasında, matəm marşının sədaları altında son mənzilə yola salınıb. Əsgərlərin çiyinlərində Yuxarı Salahlı kənd qəbiristanlığına aparılan şəhidi yol kənarlarında toplaşan minlərlə insan üçrəngli Vətən bayrağı ilə qarşılayıb, gül dəstələri ilə yola salıblar. Dəfn mərasimində "Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirilib.
Şəhidin tabutuna bürünmüş üçrəngli Azərbaycan Bayrağı onun atasına təqdim edilib. Şəhid atası Ələddin Əlləzov çıxış edərək övladı ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
Şəhid hərbçimizin cənazəsi hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları və yaylım atəşi altında kənd qəbiristanlığında torpağa tapşırılıb. Vətən torpaqlarının azadlığı uğrunda 285 şəhid verən Qazax rayonu bu gün daha bir şəhidini son mənzilə yola salıb.
Məlumat üçün qeyd edək ki, Əlləzov Əlləz Ələddin oğlu 6 noyabr 1999-cu ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 2017-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbi bitirib. 5 yanvar 2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Vətən uğrunda canından keçən şəhidimizin bir qardaşı var.
GOYEZEN.AZ
Facebook-da paylaş