İcra başçısı İyul döyüşlərinin qəhrəmanı şəhid mayor Namiq Əhmədovun ailəsini ziyarət edib
Doğma yurdunu, Vətənini uğrunda öləcək qədər sevən, Azərbaycanın
müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü üçün canını fəda edən igid
oğullarımızdan biri də Yuxarı
Salahlı kənd sakini, şəhid mayor Əhmədov
Namiq Hajan oğludur.
Vətən torpaqlarının azadlığı uğrunda göstərdiyi igidliyi, qəhrəmanlığı
dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Namiq Əhmədovun xatirəsi hər
zaman əziz tutulur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanı İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə
ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə
görə” ordeni ilə təltif olunan Namiq Əhmədov bizim qəlbimizdə əbədi
yaşayır.
Dövlətin,
dövlət başçısının qayğısını hər an hiss edən şəhidimizin ailəsinə rayon
rəhbərliyi tərəfindən də daim qayğı göstərilir. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov ilk gündən şəhidimizin ailəsini diqqətdə saxlayır.
Bu
gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov RİH başçısının
müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova,
şöbənin baş məsləhətçisi Teybə Hüseynova, Milli Məclisin deputatı Səməd
Seyidovun köməkçisi Akif Əmirovla birlikdə şəhidimizin evində olub, ailəsini ziyarət
edib, qayğıları ilə maraqlanıb.
Rayon
rəhbərliyi əvvəlcə şəhidimizin adına yaradılmış xatirə otağında onun şəxsi
əşyalarından, təltif edildiyi orden və medallarından, şəkillərindən ibarət
guşələrlə tanış olub. Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət
diləyib, əziz xatirəsi ehtiramla yad ediblər.
Ölkə Prezidenti tərəfindən şəhid ailələrinə göstərilən
diqqət və qayğıdan danışan icra başçısı qəhrəman şəhidimizin ölümündən sonra da
ordenlə təltif olunmasını Namiq Əhmədovun timsalında şəhidlərimizə, eləcə də
Qazax şəhidlərinə verilən dəyərin daha bir bariz nümunəsi kimi qiymətləndirib.
Qeyd edib ki, mayorumuzun ordenə layiq görülməsi bütün şəhidlərimiz kimi Namiq
Əhmədovun xatirəsinin də hər zaman əziz tutulması və daim qəlblərdə yaşaması
deməkdir.
Rayon rəhbəri Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda
canından keçən şəhidlərimizin, o cümlədən də Namiq Əhmədovun qanının yerdə
qalmadığını, qisasının alındığını, ölkə başçısının da söylədiyi kimi, İkinci Qarabağ
müharibəsində, haqq savaşında düşmənə layiqli cavablarının verildiyini vurğulayıb. Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi altında güclü, qüdrətli Azərbaycan Ordusunun 44 gündə şanlı zəfər
tarixi yazaraq böyük Qələbə qazandığını, bütün şəhidlərimizin ruhunun rahatlıq
tapdığını bildirib. Namiq Əhmədov kimi oğullarımızla hər birimizin fəxr
etdiyini, onların əziz xatirəsinin bundan sonra da daim yad olunacağını
söyləyib.
Övladı ilə hər zaman fəxr etdiyini bildirən
şəhid atası Hajan Əhmədov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə
Allahdan rəhmət diləyib. O, bildirib ki: "Namiq hər zaman bizimlədir. O, daim
bizim qəlbimizdədir. Onun xatirəsini əbədiləşdirmək üçün adını daşıyan ayrıca
otaq yaratmaqda da əsas məqsədimiz evini ziyarət edən qonaqlara onun döyüş
yolunu, həyatını daha yaxından tanıtmaq, göstərdiyi igidliyə görə təltif
edildiyi orden və medalları nümayiş etdirməkdir. Ən əsası da bu otaq bizim
təsəlli yerimiz olmaqla yanaşı, həm də Onun ruhunun cismən də olsa bizim aramızda
olduğunu göstərməkdir. Çünki Namiq ölmədi, O, Şəhidlik adlı uca zirvəyə
yüksəldi və bu gün cismani olaraq bu otaqda bizimlə yaşayır. Bu gün Namiqin
evini ziyarət edən hər kəs artıq onun adını daşıyan otaqla tanış olur. Bu da
bizi bir daha qürurlandırır”. H.Əhmədov şəhid atası kimi hər zaman onlara
göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci
vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını
bildirib.
Şəhid
mayor Əhmədov Namiq Hajan oğlu 8 noyabr 1984-cü ildə Qazax rayonunun Yuxarı
Salahlı kəndində anadan olmuşdur. 1991-ci ildə şəhid Zahid Mahmudov adına
Yuxarı Salahlı kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 2002-ci ildə həmin
məktəbi yaxşı qiymətlərlə bitirmişdir. 2002-ci ildə Heydər Əliyev adına Ali
Hərbi Məktəbinə daxil olmuş, 2006-cı ildə həmin məktəbi bitirərək artilleriya ixtisasına yiyələnmişdir. 2007-ci
ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit kursunda oxuduqdan sonra
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində zabit
kimi xidmətə başlamışdır. O, Aprel döyüşlərində fəal iştirak etmiş və Aprel
döyüşlərindən sonra Fəxri Fərmanla təltif olunmuş, ona vaxtından əvvəl mayor
rütbəsi verilmiş və "N” saylı hərbi hissənin komandiri vəzifəsinə irəli çəkilmişdir. 2020-ci il iyulun 13-dən 14-nə
keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz
rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı düşmən hücumunun qarşısını
alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu, mayor Əhmədov Namiq
Hajan oğlu da qəhrəmancasına şəhid olmuşdur. Şəhid Namiq Əhmədov iyulun 14-də
doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində böyük izdihamla kənd
qəbiristanlığında torpağa tapşırılmışdır. Şəhidimiz ailəliydi,
bir qız və bir oğlan övladı yadigar qalıb. Onu da qeyd edək ki, rayon
rəhbərliyi tərəfindən ötən il şəhidimizin evinin təmiri başa çatdırılaraq 40
mərasimi günü ailəsinə təqdim olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş