İyul döyüşlərinin qəhrəmanı şəhid mayor Namiq Əhmədov ölümündən sonra ordenlə təltif olunub
Azərbaycanın müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda
canlarından keçən igid Vətən oğullarının xatirəsi hər zaman əziz tutulur, hər
an dərin hörmət və ehtiramla yad edilirlər. Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən igid
Vətən oğullarının göstərdikləri qəhrəmanlıqlar, şücaətlər həmişə yüksək
qiymətləndirilir. Zaman-zaman müxtəlif adlara layiq görülür, orden və
medallarla təltif olunurlar.
2020-ci il iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən
döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid
olan həmyerlimiz Yuxarı Salahlı kənd sakini, mayor Əhmədov
Namiq Hajan oğlu ölkə Prezidenti İlham Əliyevin
15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra 3-cü
dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Bu,
ölkə başçısının Namiq Əhmədovun timsalında şəhidlərimizə, eləcə də Qazax
şəhidlərinə verdiyi dəyərin daha bir bariz nümunəsidir. Mayorumuzun
ordenə layiq görülməsi bütün
şəhidlərimiz kimi, Namiq Əhmədovun xatirəsinin də hər zaman əziz tutulması və
daim qəlblərdə yaşaması deməkdir.
Dövlətin,
dövlət başçısının qayğısını hər an hiss edən şəhidimizin ailəsinə rayon
rəhbərliyi tərəfindən də daim qayğı göstərilir. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov ilk gündən şəhidimizin ailəsini diqqətdə
saxlayır, qayğıları ilə maraqlanır. Onu da qeyd edək ki, rayon rəhbərliyi
tərəfindən şəhidimizin evinin təmiri başa çatdırılaraq 40 mərasimi günü
ailəsinə təqdim olunmuşdur.
Əhmədov Namiq Hajan oğlu 8 noyabr 1984-cü ildə Qazax rayonunun Yuxarı
Salahlı kəndində anadan olmuşdur. 1991-ci ildə şəhid Zahid Mahmudov adına
Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2002-ci ildə
həmin məktəbi yaxşı qiymətlərlə bitirmişdir. 2002-ci ildə Heydər Əliyev adına
Ali Hərbi Məktəbinə daxil olmuş, 2006-cı ildə həmin məktəbi bitirərək
artilleriya ixtisasına yiyələnmişdir.
2007-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris
Mərkəzində zabit kursunda oxuduqdan sonra Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin N saylı hərbi hissəsində zabit kimi xidmətə başlamışdır. O, Aprel
döyüşlərində fəal iştirak etmiş və Aprel döyüşlərindən sonra Fəxri Fərmanla təltif
olunmuş, ona vaxtından əvvəl mayor rütbəsi verilmiş və N saylı hərbi hissənin
komandiri vəzifəsinə irəli çəkilmişdir. 2020-ci
il iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan
dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı
düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi
qulluqçusu, mayor Əhmədov Namiq Hajan oğlu da qəhrəmancasına şəhid olmuşdur. Şəhid
Namiq Əhmədov iyulun 14-də doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində
böyük izdihamla kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Şəhidimiz ailəliydi, bir qız və bir oğlan
övladı yadigar qalıb.
GOYEZEN.AZ
Facebook-da paylaş