Şəhid mayor Namiq Əhmədov təkcə doğmalarının yox, həm də Vətənin və xalqın övladıdır
Respublika mətbuatı Qazax haqqında Doğma yurdunu, Vətənini canından
əziz tutan və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü üçün canını fəda edən
igid oğullarımızdan biri də Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulmuş mayor Əhmədov Namiq Hajan oğludur. Prezident İlham Əliyevin 15 dekabr
2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə
görə” ordeni ilə təltif olunan Namiq Əhmədovun xatirəsi həmyerliləri tərəfindən
həmişə əziz tutulur. Dövlətin qayğısını hər an hiss edən şəhidimizin ailəsinə
rayon rəhbərliyi tərəfindən də diqqət və qayğı göstərilir. Bu günlər rayon rəhbərliyi bir qrup
ictimaiyyət nümayəndəsi ilə birlikdə növbəti dəfə şəhidin ailəsi ilə
görüşmüşdür. Ziyarətçilər əvvəlcə şəhidin adına yaradılmış xatirə otağında onun
şəxsi əşyaları, təltif edildiyi orden və medallarla, eləcə də şəkillərindən
ibarət guşə ilə tanış olmuşlar. Prezident tərəfindən şəhid ailələrinə
göstərilən diqqət və qayğıdan danışan rayon rəhbərliyi qəhrəman şəhidimizin
ölümündən sonra ordenlə təltif olunmasını Namiq Əhmədovun timsalında
şəhidlərimizə, eləcə də Qazax şəhidlərinə verilən dəyərin daha bir bariz
nümunəsi olduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Vətənin ərazi
bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, o cümlədən Namiq Əhmədovun
qanı yerdə qalmamış, İkinci Qarabağ müharibəsində, haqq savaşında düşmənə
layiqli cavab verilmişdir. Övladı ilə hər zaman fəxr etdiyini
bildirən şəhid atası Hajan Əhmədov Vətən uğrunda canından keçən bütün oğullara
Allahdan rəhmət diləyərək bildirmişdir ki, Namiq hər zaman xalqın
qəlbindədir. Onun xatirəsini əbədiləşdirmək üçün ayrıca otaq yaratmaqda da əsas
məqsədi evini ziyarət edən qonaqlara onun döyüş yolunu, həyatını daha yaxından
tanıtmaqdır. Bu otaq şəhidin ailəsi üçün təsəlli yeri olmaqla yanaşı, həm də
onun ruhunun cismən də olsa aramızda olduğunu göstərməkdir. Qeyd edək ki, şəhid mayor Əhmədov
Namiq Hajan oğlu 8 noyabr 1984-cü ildə anadan olmuşdur. Namiq 2002-ci ildə
Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş, 2006-cı ildə həmin məktəbi
bitirərək artilleriya ixtisasına yiyələnmişdir. 2007-ci ildə Silahlı Qüvvələrin
Təlim Tədris Mərkəzində zabit kursunda oxuduqdan sonra Müdafiə Nazirliyinin "N”
saylı hərbi hissəsində zabit kimi xidmətə başlamışdır. O, Aprel döyüşlərində
fəal iştirak etdiyinə görə Fəxri Fərmanla
təltif olunmuş, vaxtından əvvəl mayor rütbəsi alaraq "N” saylı hərbi hissənin
komandiri vəzifəsinə irəli çəkilmişdir. Mayor Namiq Əhmədov 2020-ci il iyulun
13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət
sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı düşmən
hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Sabir ƏLİYEV, "Azərbaycan” qəzetinin bölgə müxbiri 23 yanvar 2021-ci il
Facebook-da paylaş