Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Şəhid mayor Namiq Əhmədov təkcə doğmalarının yox, həm də Vətənin və xalqın övladıdır
Şəhid mayor Namiq Əhmədov təkcə doğmalarının yox, həm də Vətənin və xalqın övladıdır23-01-2021, 11:54 |
Respublika mətbuatı Qazax haqqında
Doğma yurdunu, Vətənini canından əziz tutan və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü üçün canını fəda edən igid oğullarımızdan biri də Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulmuş mayor Əhmədov Namiq Hajan oğludur. Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunan Namiq Əhmədovun xatirəsi həmyerliləri tərəfindən həmişə əziz tutulur. Dövlətin qayğısını hər an hiss edən şəhidimizin ailəsinə rayon rəhbərliyi tərəfindən də diqqət və qayğı göstərilir. Bu günlər rayon rəhbərliyi bir qrup ictimaiyyət nümayəndəsi ilə birlikdə növbəti dəfə şəhidin ailəsi ilə görüşmüşdür. Ziyarətçilər əvvəlcə şəhidin adına yaradılmış xatirə otağında onun şəxsi əşyaları, təltif edildiyi orden və medallarla, eləcə də şəkillərindən ibarət guşə ilə tanış olmuşlar. Prezident tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışan rayon rəhbərliyi qəhrəman şəhidimizin ölümündən sonra ordenlə təltif olunmasını Namiq Əhmədovun timsalında şəhidlərimizə, eləcə də Qazax şəhidlərinə verilən dəyərin daha bir bariz nümunəsi olduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Vətənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, o cümlədən Namiq Əhmədovun qanı yerdə qalmamış, İkinci Qarabağ müharibəsində, haqq savaşında düşmənə layiqli cavab verilmişdir. Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası Hajan Əhmədov Vətən uğrunda canından keçən bütün oğullara Allahdan rəhmət diləyərək bildirmişdir ki, Namiq hər zaman xalqın qəlbindədir. Onun xatirəsini əbədiləşdirmək üçün ayrıca otaq yaratmaqda da əsas məqsədi evini ziyarət edən qonaqlara onun döyüş yolunu, həyatını daha yaxından tanıtmaqdır. Bu otaq şəhidin ailəsi üçün təsəlli yeri olmaqla yanaşı, həm də onun ruhunun cismən də olsa aramızda olduğunu göstərməkdir. Qeyd edək ki, şəhid mayor Əhmədov Namiq Hajan oğlu 8 noyabr 1984-cü ildə anadan olmuşdur. Namiq 2002-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş, 2006-cı ildə həmin məktəbi bitirərək artilleriya ixtisasına yiyələnmişdir. 2007-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit kursunda oxuduqdan sonra Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində zabit kimi xidmətə başlamışdır. O, Aprel döyüşlərində fəal iştirak etdiyinə görə Fəxri Fərmanla təltif olunmuş, vaxtından əvvəl mayor rütbəsi alaraq "N” saylı hərbi hissənin komandiri vəzifəsinə irəli çəkilmişdir. Mayor Namiq Əhmədov 2020-ci il iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Sabir ƏLİYEV, "Azərbaycan” qəzetinin bölgə müxbiri 23 yanvar 2021-ci il
Geri qayıt |