Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda İyul döyüşlərinin qəhrəmanı şəhid mayor Namiq Əhmədovun ildönümü qeyd olunub

Qazaxda İyul döyüşlərinin qəhrəmanı şəhid mayor Namiq Əhmədovun ildönümü qeyd olunub


14-07-2021, 15:20


Doğma yurdunu, Vətənini uğrunda öləcək qədər sevən, Azərbaycanın müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü üçün canını fəda edən igid oğullarımızdan biri də Yuxarı Salahlı kənd sakini, şəhid mayor Əhmədov Namiq Hajan oğludur.
Vətən torpaqlarının azadlığı uğrunda göstərdiyi igidliyi, qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Namiq Əhmədovun xatirəsi hər zaman əziz tutulur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunan Namiq Əhmədov bizim qəlbimizdə əbədi yaşayır. 
Ötən ilin İyul döyüşləri zamanı ən uca zirvəyə - Şəhidlik zirvəsinə ucalan mayor Əhmədov Namiq Hajan oğlunun son mənzilə yola salındığı gündən 1 il ötür. Bu gün şəhidin doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində ildönümü qeyd olunub.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi kapitan Samir Çobanov, şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli, Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyev, Rayon Məhkəməsinin sədri Nemət Musayev, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax Rayon Şöbəsinin rəisi Tural Məmmədov, Rayon Prokurorunun müavini Qasım Ağayev, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidovun köməkçisi Akif Əmirov, şəhidin döyüş yoldaşları, komandiri olduğu heyətin əsgər və zabitləri şəhidimizin ildönümündə ailə üzvləri və yaxınları ilə birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət diləyib, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər.





Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev şəhid atası Hajan Əhmədova və ailə üzvlərinə bir daha başsağlığı verib, rayon rəhbərliyinin səmimi ürək sözlərini çatdırıb. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, o cümlədən də Namiq Əhmədovun qanının yerdə qalmadığını, qisasının alındığını, ölkə başçısının da söylədiyi kimi, İkinci Qarabağ müharibəsində, haqq savaşında düşmənə layiqli cavablarının verildiyini vurğulayıb. Tarixi qələbəyə gedən yolun öz başlanğıcını Aprel və İyul döyüşlərindən götürdüyünü qeyd edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü, qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı zəfər tarixi yazaraq böyük Qələbə qazandığını, həmin qələbə ilə bütün şəhidlərimizin ruhunun rahatlıq tapdığını bildirib. Namiq Əhmədov kimi oğullarımızla hər birimizin fəxr etdiyini, onların əziz xatirəsinin bundan sonra da daim yad olunacağını söyləyib. Ölkə Prezidenti tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışan birinci müavin qəhrəman şəhidimizin ölümündən sonra ordenlə təltif olunmasını Namiq Əhmədovun timsalında şəhidlərimizə, eləcə də Qazax şəhidlərinə verilən dəyərin daha bir bariz nümunəsi kimi qiymətləndirib. Qeyd edib ki, mayorumuzun ordenə layiq görülməsi bütün şəhidlərimiz kimi Namiq Əhmədovun xatirəsinin də hər zaman əziz tutulması və daim qəlblərdə yaşaması deməkdir.

 

Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası Hajan Əhmədov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Hajan Əhmədov şəhid atası kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib.

 

Şəhid mayor Əhmədov Namiq Hajan oğlu 8 noyabr 1984-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1991-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2002-ci ildə həmin məktəbi yaxşı qiymətlərlə bitirmişdir. 2002-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbinə daxil olmuş, 2006-cı ildə həmin məktəbi bitirərək artilleriya ixtisasına yiyələnmişdir. 2007-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit kursunda oxuduqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində zabit kimi xidmətə başlamışdır. O, Aprel döyüşlərində fəal iştirak etmiş və Aprel döyüşlərindən sonra Fəxri Fərmanla təltif olunmuş, ona vaxtından əvvəl mayor rütbəsi verilmiş və "N” saylı hərbi hissənin komandiri vəzifəsinə irəli çəkilmişdir.
2020-ci il iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu, mayor Əhmədov Namiq Hajan oğlu qəhrəmancasına şəhid olmuşdur. Şəhid Namiq Əhmədov iyulun 14-də doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində izdihamla kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Şəhidimiz a
iləliydi, bir qız və bir oğlan övladı yadigar qalıb.


Azərbaycanın müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən mayor Əhmədov Namiq Hajan oğlu ölkə Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Onu da qeyd edək ki, rayon rəhbərliyi tərəfindən ötən il şəhidimizin evinin təmiri başa çatdırılaraq 40 mərasimi günü ailəsinə təqdim edilmişdir.









 

GOYEZEN.AZ


Geri qayıt