20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir
Gənclərimiz tarixi həqiqətləri bilməlidir. Yaxın tariximizin öyrənilməsi və araşdırılması
vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə
olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20
Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi,
Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. 20 Yanvar hadisələri Azərbaycan xalqına
qarşı törədilmiş cinayətdir. Bakıda gecəyarı
fövqəladə vəziyyət tətbiq edilmiş, əhali xəbərdar edilməmişdir. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan
olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri
ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın
20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə
vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da
Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə 131 nəfər öldürülmüş, 744 nəfər
yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o
cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın
nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. 20 Yanvar faciəsi dünya azərbaycanlılarının
təşkilatlanmasına səbəb oldu. Faciədən sonra
Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi,
ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi, dünya azərbaycanlıları
yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və nəticələrinin
aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa
başladılar. 20 Yanvar unudulmaz tarixdir. 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi,
müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də
fenomenal rolu oldu. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu
yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada
formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil
Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi. 20 Yanvar hadisələrinin xalqın tarixi
yaddaşında həkk olunmasında mədəniyyətin rolu danılmazdır. Əməkdar rəssam Arif Ələsgərovun "20 Yanvar"
tablosu, rəssam Bayram Qasımxanlının "Faciələrimiz” (triptix), Mikayıl
Abdullayevin "Nakamların dəfni”, Rasim Babayevin "Təcavüz”, Arif Hüseynovun "Qara
tağlı natürmort”, Arif Ələsgərovun "20 Yanvar”, İsmayıl İsmayılovun "Haqq tərəzisi”,
Oqtay Quliyevin "Matəm”, Bayram Qasımxanlının "Faciələrimiz” (triptix) rəsmləri
həsr olunub. Vasif Adıgözəlovun Fikrət Qocanın sözlərinə bəstələdiyi "Bir şərqi
de”, Hacı Xanməmmədovun "Əlimdə sazım ağlar”, Oqtay Rəcəbovun Məmməd İsmayılın
sözlərinə bəstələdiyi "Qana dönən qərənfillər”, Emin Sabitoğlunun Bəxtiyar
Vahabzadənin sözlərinə bəstələdiyi "Şəhidlər ağısı”, Mehriban Əhmədovanın Məmməd
Arazın sözlərinə yazdığı "Ana millət, ata millət, ağlama”, Azər Zeynalovun "Vətən
harayı”, Aydın Kərimoğlunun – "Qətl günü”, Sərdar Fərəcovun "Matəm harayları”
simfonik lövhəsini, Arif Mirzəyevin "Yanvar passionları” matəm messasını, Oqtay
Rəcəbovun "Çingiz” oratoriyasını qeyd etmək olar. Azərbaycan kinematoqrafında
20 Yanvar hadisəsinə "Qanlı Yanvar”, "Boz qurdun harayı”, "Azadlığa gedən
yollar”, "Bakıda insan ovu”, "Şəhidlər və qazilər”, "Qanlı Bakı”, "Matəm” filmləri
ithaf olunub. Hadisədən sonra Bəxtiyar Vahabzadə, Məmməd Aslan, Qabil, Xəlil
Rza, Fikrət Qoca və başqalarının elegiyaları, etiraz ruhlu şeirləri
yazılmışdır. Yazıçı-dramaturq Tamara Vəliyevanın "Mənim ağ göyərçinim” tamaşası
1999-cu ildən müxtəlif dövlət teatrlarında səhnələşdirilib. 20 Yanvar hadisəsi milli məfkurənin inkişafına
təkan vermiş hadisədir. 20 Yanvar Azərbaycan tarixində təkcə
faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin
azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində
yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş
etdirdiyi şərəfli bir tarixdir. 20
Yanvar cinayəti Azərbaycan xalqının iradəsini və bütövlüyünü qıra bilmədi. Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri Elmira
Qafarova, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi
Müslüm Məmmədov sovet imperiyasının qoşun hissələrinin Bakı şəhərinə
yeridilməsi ilə əlaqədar heç bir konkret tədbir görmədiklərinə və vətəndaşların
təhlükəsizliyini təmin etmədiklərinə görə yüksək vəzifəli şəxslər kimi öz
üzərinə düşən məsuliyyətin öhdəsindən gəlməmişlər. Azərbaycan SSR kommunist
rəhbərliyinin xəyanətkar siyasəti nəticəsində törədilmiş ağır cinayət
azadlıqsevər Azərbaycan xalqının iradəsini qıra bilməmiş, onu daha da
qəzəbləndirmişdir. Xalqın Sovet İttifaqı Kommunist Partiyasına və mövcud rejimə qarşı nifrəti son həddə çatmış, Kommunist Partiyasının üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq
onun sıralarını tərk etmişlər. 20 Yanvar hadisələrinin təfərrüatlarını hər
bir azərbaycanlı bilməlidir və unutmamalıdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail
Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və
Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə
rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə
tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin
və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və
misli görünməmiş vəhşiliklə müşayiət edilib. 20 Yanvar hadisələri Azərbaycana qarşı
törədilmiş hərbi və siyasi cinayətdir 20 Yanvar hadisələri beynəlxalq hüquqi
riyakarlığın təzahürüdür. SSRİ Baş
Prokurorluğunun ədliyyə polkovniki V.Medvedyevin istintaq qrupu hərbçilərin hərəkətlərində
cinayət tərkibi olmaması nəticəsinə gəldi və 20 iyul 1990-cı il tarixində cinayət
işinə xitam verilməsi barədə qərarı verildi. 100 cildlik istintaq materiallarının
68 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparıldı və qaytarılmadı. 20 Yanvar hadisələrindən siyasi dərslər
çıxarılmalıdır. Azərbaycan xalqını dəhşət
və müsibətə düçar etmiş 20 Yanvar faciəsi bütün dünyada əks-səda doğurmuş, mütərəqqi
qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdur. Bir çox ölkələrin
radiostansiyaları da yanvar faciəsi haqqında hərtərəfli informasiya verir və
imperiya qüvvələrini lənətləyirdi. Sivil dövlətlərin təcrübəsindən fərqli
olaraq Azərbaycanın siyasi rəhbərliyi nəinki istefaya getməmiş, hətta belə bir
məqamda susmağı daha üstün tutmuşdur. Xalqının şəhidlər verdiyi faciəli
günlərdə, o bu faciəyə rəsmi bəyanatla münasibətini bildirməmiş, xalqın
qəzəbindən qorxaraq şəhidlərin dəfn mərasimində iştirak etməmiş, yas içində
olan xalqına başsağlığı belə verməmişdir. 20 Yanvar hadisələri eyni zamanda Azərbaycan
xalqına qarşı törədilmiş siyasi terror kimi də qiymətləndirilməlidir. İşğalçılıq siyasəti ilə Azərbaycanın suverenliyinə
qəsd etmiş, xalq hərəkatını boğmaq üçün bədnam kommunist ideologiyası libasında
köhnə imperiya iddialarını həyata keçirmək məqsədilə 20 Yanvar faciəsini təşkil
etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və hökuməti
rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət
törətdiyi danılmaz faktdır. Gecikmiş etiraflar fayda verməz. Qərarı verən
keçmiş SSRİ-nin sabiq rəhbəri Mixail Qorbaçov sonradan guya etiraf etmişdi:
"Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın
ən böyük səhvi idi”. Qorbaçov səhv yox, cinayət etmiş, SSRİ Konstitusiyasının
119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə
pozmuşdur. 20 Yanvar hadisələri eyni
zamanda beynəlxalq cinayət kimi də qiymətləndirilməlidir. XX əsrdə totalitarizmin törətdiyi ən
qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və insanlıq
əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza
tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi
Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan
haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Ulu Öndərin mərdliyi və siyasi iradəsi sayəsində 20
Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini almışdır Xilaskarın Moskvada səslənən etirazı.Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi
qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə
etiraz edən ümummilli lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Sovet
rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qanlı faciənin
təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, ifşaedici və
cəsarətli bir bəyanat verdi. 20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin
verilməsi ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət
verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. 20 Yanvar hadisələrinə siyasi qiymət ilk dəfə ulu
öndər Heydər Əliyev tərəfindən verildi. Ulu öndər Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin
çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar
faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul
oldu. Məhz ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin
mart ayının 29-da parlament "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş
faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi
məhz ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz
siyasi-hüquqi qiymətini aldı. Azərbaycan dövləti və xalqı öz şəhidlərini
unutmur 20 Yanvar hadisələri nəticəsində şəhid
olmuş ailələrin sosial vəziyyəti daim dövlətin diqqət mərkəzindədir. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan
xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Prezident
İlham Əliyevin dediyi kimi, "Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini
daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər
zaman uca tutur”. Ulu öndər Heydər Əliyevin Fərmanı ilə "20 Yanvar Şəhidi" fəxri adı təsis
edilib. Prezident İlham Əliyevin uğurlu
sosial siyasəti nəticəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər
və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb. Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərinin
xatirəsini daim uca tutur. Ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla
davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına,
şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət
göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək "Əbədi
məşəl” abidə kompleksinin önünə əklil qoyur. 20 Yanvar şəhidlərinin ailələrinə qayğı daim
dövlətin diqqət mərkəzindədir. Prezident
İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın
xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin,
övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün də mühüm işlər görmüşdür.
Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli "20 Yanvar şəhidinin
ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdününtəsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını
artırmaq məqsədilə aylıq təqaüd verilir. Təqaüdün məbləği 2021-ci il yanvarın
1-dən 300 manatdan 500 manatadək artırıldı. Məhz Azərbaycan Prezidentinin
təşəbbüsü ilə Şəhidlər xiyabanında təmir və yenidənqurma işləri aparılıb.
Bundan başqa, Bakının Yasamal rayonundakı "20 Yanvar” dairəsində, Həsən bəy
Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin
xatirəsinə ucaldılmış memorial abidə kompleksi inşa olunub. GOYEZEN.AZ
Facebook-da paylaş