Qazax Rayon Heydər Əliyev Mərkəzində “Tariximizin dönüş məqamı - 20 Yanvar” mövzusunda dəyirmi masa təşkil edilib
Bu gün Qazax Rayon Heydər
Əliyev Mərkəzində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar
"Tariximizin dönüş məqamı - 20 Yanvar” mövzusunda dəyirmi masa təşkil edilib. Tədbirdə Qazax
Rayon İcra Hakimiyyəti başçısı aparatında baş məsləhətçi Gülnar Quluyeva, N.Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbin
şagirdləri və mərkəzin əməkdaşları iştirak ediblər. İlk olaraq 20 Yanvar şəhidlərinin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərkəzin direktoru Ceyhunə
Hüseynova tədbiri giriş sözü ilə açaraq bildirib ki, XX əsr boyunca Azərbaycan
tarixində xalqımıza qarşı düşünülmüş şəkildə dəfələrlə soyqırımlar, terror
aktları və deportasiyalar törədilmiş, dəfələrlə soydaşlarımız öz tarixi
torpaqlarından qovulmuşlar. Bu gün anım gününə toplaşdığımız 20 yanvar 1990-cı
ildə törədilmiş və tariximizə Qanlı Yanvar faciəsi kimi yazılmış bu terror
aktından 30 il keçir. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə
qalxmış dinc əhaliyə edilmiş silahlı təcavüz insanlığa sığmayan, bütün insan və
hüquq azadlıqlarının pozulduğu bu hadisə keçmiş Sovet dövlətinin "parçala
hökmranlıq et” siyasətinin əməli nümunəsi idi. Eyni zamanda totalitar bir
rejimin süqutu ərəfəsində yüzlərlə insanın vəhşicəsinə qətlə yetirilməsi artıq
təməlindən çat verməyə başlamış imperiyanı xilas etmək yolunda törədilən cinayət
idi. Qazax
Rayon İcra Hakimiyyəti başçısı aparatında baş məsləhətçi Gülnar Quluyeva çıxış edərək bildirib ki, 20
Yanvar hadisələri xalqımızın qəhrəmanlıq salnaməsidir. Bu hadisəyə ilk siyasi
hüquqi qiymət verən də məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. 1994-cü ilin
fevralında Milli Məclisin xüsusi sessiyası keçirilmiş və həmin hadisə hərbi təcavüz
və cinayət kimi qiymətləndirilmiş, müzakirələrin yekunu olaraq "1990-cı il
yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul
edilmişdir. Bu gün isə ölkə başçısının imzaladığı bir sıra fərman və sərəncamlara
əsasən şəhidlərin xatirəsi uca tutulur, onların ailələri dövlət tərəfindən daim
diqqət və qayğı ilə təmin olunur. Həmçinin
rayonumuzda da şəhidlərin xatirəsinə abidə kompleksi ucaldılmış və həmin yer
rayon ictimaiyyətinin və rayonumuza gələn qonaqların ilk olaraq ziyarət etdiyi
müqəddəs məkana çevrilmişdir. Mərkəzin əməkdaşları Sərvinaz Məmmədova,
Rufina Namazova çıxış edərək faciə haqqında öz ürək sözlərini bildiriblər. Sonda 20 Yanvar faciəsinin dəhşətlərini
özündə əks etdirən film nümayiş etdirilib. N.Vəliyev adına şəhər 5 nömrəli tam orta
məktəbin şagirdlərindən Nərmin Abdullayeva, Salatın Abdullayeva Sevgi Kosayeva,
Türkan Abdullayeva, Aysu Yusifova, Fəxri Mustafazadə, Aydın Şərifzadə, Aysu Hacıyeva,
Aysu Bəkirova 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər söyləyib və
kompozisiyalar nümayiş etdiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş