20 Yanvar Azərbaycan tarixinin qanla yazılmış ən şərəfli səhifəsidir
Bu gün Qazax rayon Heydər Əliyev Mərkəzində 20
Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş dəyirmi masa təşkil edilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti
başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş
məsləhətçisi Gülnar Quluyeva və Mərkəzin
kollektivi iştirak edib. İlk olaraq 20 Yanvar faciəsi qurbanlarının xatirəsi
bir dəqiqəlik sükutla yad olunub.
Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş
sözü ilə açaraq bildirib ki, Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və
qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsi, 20 Yanvar şəhidlərinin
ölməzlik zirvəsinə yüksəlməsi və ölkənin müstəqilliyi uğrunda canından keçmiş
Azərbaycanın igid, qəhrəman övladlarının göstərdikləri mərdlik heç zaman
unudulmayacaq. Çünki 20 Yanvar Azərbaycan tarixinin qanla yazılmış ən şərəfli
səhifəsidir. C.Hüseynova qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər
Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra 1994-cü ildə 20 Yanvar
hadisələrinə siyasi-hüquqi qiymət verilmiş və cinayəti törədənlərin adları
ictimaiyyətə çatdırılmışdır. Sonra Heydər Əliyev Mərkəzinin baş fond mühafizi
Səidə Qocayeva, kargüzar Sərvinaz Məmmədova, kitabxana müdiri Rufina Namazova
çıxış edərək 20 Yanvar faciəsinin dəhşətlərindən bəhs ediblər.
Qazax RİHB aparatında İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva tədbirdə çıxış edərək gənclərimizin
vətənpərvərlik ruhunda yetişdirilməsi üçün xalqımızın qəhrəmanlıq tarixi olan
20 Yanvar hadisələrinin hər zaman təbliğ olunmasını tövsiyə edib. 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin uca
tutulduğunu, şəhid ailələrinin, əlil olmuş vətəndaşlarımızın dövlət tərəfindən
hər cür diqqət və qayğı ilə əhatə olunduğunu, Respublika Prezidenti İlham
Əliyev tərəfindən bu insanlara daim diqqət göstərildiyini vurğulayıb. Sonda 20 Yanvar faciəsinə həsr olunmuş
film nümayiş etdirilib.
GOYEZEN.AZ
Facebook-da paylaş