Sərhəd kəndi Fərəhlidə yeni asfalt yolun çəkilişinə start verilib - VİDEO
Son illər Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrlə yanaşı, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlara əsasən görülmüş işlər respublikamızın bütün bölgələrində olduğu kimi, Qazaxda da uğurla yerinə yetirilir. Dövlət başçısının diqqət və qayğısı sayəsində son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsi bu sahədə görülən işlərin bariz nümunəsidir.
Qazax-Kosalar avtomobil yolunun açılışı
19 oktyabr 2016-cı il
Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun açılışı
3 mart 2020-ci il
Düşmənlə sərhəddə yerləşən Fərəhli kəndinə yeni asfalt yolun çəkilməsinə başlanılması bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdirilməsi deməkdir. Qeyd edək ki, uzun illər istifadə olunduğundan yararsız vəziyyətə düşən yolun əsaslı şəkildə təmir olunması ilə əlaqədar kənd sakinləri tərəfindən Qazax Rayon İcra Hakimiyyətinə müraciət olunmuş və həmin yol dəfələrlə qum-çınqıl tökülərək cari təmir edilmişdir. Həmçinin, Fərəhli yoluna asfalt örtüyün çəkilməsi ilə bağlı aidiyyəti orqanlar qarşısında məsələ qaldırılmışdır.
Ötən il aparılan cari təmir işlərindən olan fotolar
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidovun Fərəhli kəndində seçicilərlə keçirdiyi görüşdə sakinlər tərəfindən kənd yolunun çəkilməsi ilə bağlı qaldırılan məsələnin bu gün öz müsbət həllini tapması dövlətin və dövlət başçısının vətəndaşlara olan qayğısının əyani göstəricisidir.
Bu gün millət vəkilinin köməkçisi Akif Əmirov Fərəhli kəndində olub, bir qrup kənd sakini ilə görüşüb, yeni yolun çəkilişi ilə bağlı millət vəkili Səməd Seyidovun və rayon rəhbərliyinin adından səmimi ürək sözlərini çatdırıb. Ölkə başçısının qayğısı sayəsində bu gündən yeni yolun çəkilişinə başlanıldığını bildirib. Sakinləri narahat edən bir sıra məsələləri dinləyib, aidiyyəti üzrə baxılacağını qeyd edib.
Kənd sakinlərindən şəhid atası Qurban Orucov, Ramin Həsənov, Fariz Məmmədov, Balaqız Daşdəmirova, Sakit Daşdəmirov kəndə yeni asfalt yolun çəkilməsinə, qaldırdıqları məsələnin qısa bir müddətdə müsbət həllini tapmasına görə ölkə başçısı İlham Əliyevə, millət vəkili Səməd Seyidova və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş