İcra başçısı rayonda fəaliyyət göstərən könüllülərlə görüşüb
Məlum olduğu kimi, könüllülük öz iradəsi və sərbəst
seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Hazırda dünyada ictimai və
cəmiyyət maraqları naminə təmənnasız əmək sərf edən və sözün bütün mənalarında,
dünyanı gözəlləşdirməyə çalışan insanların sayı on milyonlarladır. Prezident
İlham Əliyevin çıxışlarında hər zaman gənclərimizin milli vətənpərvərlik
ruhunda tərbiyə olunmalarının vacibliyini önə çəkməsi, Azərbaycanda könüllülük
hərəkatının indiki səviyyədə inkişaf etməsi məhz həmin vətənpərvərlik ruhunun,
vətəndaşlıq mövqeyinin, milli təəssübkeşliyin parlaq örnəyi hesab edilir. Təsadüfi
deyil ki, ölkə başçısı İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı
ilə 2020-ci ilin ölkəmizdə "Könüllülər ili” elan edilməsi bu hərəkatın daha
mütəşəkkil xarakter almasını təmin etməklə yanaşı, gənclərin fərdi inkişafına
təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin
potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli
şəkildə faydalanmaq məqsədlərini də özündə nümayiş etdirir. Bu Sərəncam bir
daha Azərbaycan gəncliyinə göstərilən böyük etimad, gənclərimizin potensialına
olan tükənməz inamın göstəricisi, eyni zamanda, könüllü gənclərimizin
fəaliyyətinə verilən ən yüksək dəyərdir. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da
2020-ci ilin "Könüllülər ili” elan olunması gənclər, xüsusilə də rayonda
fəaliyyət göstərən könüllülər tərəfindən böyük minnətdarlıq hissi ilə
qarşılanır. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşovun rayonda fəaliyyət göstərən könüllülərlə keçirdiyi görüşdə
səslənən fikirlər də bunu bir daha sübut edib ki, qazaxlı gənclər dövlət
başçısının bu addımını yüksək qiymətləndirir. İcra aparatının akt zalında keçirilən görüşdə
aparatın məsul şəxsləri, Qazax Rayon Gənclər və İdman İdarəsinin və Qazax
Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri iştirak ediblər. Bakı
Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi
Kollecinin tələbələrindən ibarət 60-dan artıq könüllünün iştirak etdiyi görüşdə
"Könüllülər ili” ilə bağlı gənclər öz ürək sözlərini bildiriblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov tədbiri giriş sözü ilə açaraq əvvəlcə gəncləri, könüllüləri 2020-ci
ilin "Könüllülər ili” elan olunması münasibətilə təbrik edib, səmimi arzularını
çatdırıb. Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin bu
gün onun layiqli davamçıları Prezident İlham Əliyev və Birinci vitse-prezident
Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini qeyd edən icra başçısı
bu gün ölkəmizdə gənclərin inkişaf etməsi üçün hər cür imkan və şərait
yaradıldığını bildirib. Respublika Prezidentinin 9 fevral 2007-ci il tarixli
Sərəncamı ilə 2007-ci ilin
"Gənclər ili", 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci
ilin "Könüllülər ili” elan edilməsini həmin uğurlu siyasətin və gənclərə olan
qayğının bariz nümunəsi kimi qeyd edib.
İcra başçısı ölkə rəhbərinin bu Sərəncamını gənclərimizin
yeni ideyalarının daha geniş vüsət alması, ölkə həyatının bütün sferalarında
yeni nəfəs və innovativ düşüncənin bərqərar olması üçün yaradılan şans,
əlverişli fürsət kimi dəyərləndirib. "Könüllü kimi fəaliyyətə başlayan hər
hansı gənc gələcəyin uğurlu kadrı hesab edilir. Müstəqil Azərbaycanın gələcəyi
siz gənclərin, könüllülərin əlindədir”, - deyən icra başçısı onlar üçün
yaradılan bu şansı layiqincə dəyərləndirməyi və öz töhfələrini vermələrini
tövsiyə edib. Rayon rəhbəri "Könüllülər ili” olan 2020-ci ilin hər bir gəncin
həyatında, fəaliyyətində dərin izlər buraxacağını və gənclərin yaddaşına uğurlu
bir il kimi yazılacağını vurğulayıb.
Görüşdə fəal gənc, Azərbaycan Respublikası Gənclər
Təşkilatı Milli Şurasının Qazax rayonu üzrə koordinatoru Akif Əmirov, Qazax
Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov, Mərkəzin
könüllülərindən Səbinə və Səadət Nuruşovalar, Elmir Həsənov, Pəri İbrahimova,
Musa Paşayev, Aytac İbrahimli, Məzahir Əliyev, Qazax Rayon Gənclər və İdman
İdarəsinin könüllülərindən Xaqan Qurbanov, Türkanə Abdulzadə və Şəadət Abbasov
çıxış edərək gənclərə göstərilən dövlət qayğısına görə ölkə başçısı İlham
Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya qazaxlı gənclər adından
minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşü və onlara olan səmimi münasibəti
razılıq hissi ilə qeyd edən gənclər Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşova sonsuz təşəkkürlərini ifadə ediblər. Ölkəmizdə 2015-ci ildən
başlayaraq geniş vüsət alan könüllülük fəaliyyətini və bu sahənin inkişaf
etdirilməsi istiqamətində görülən işləri, atılan uğurlu addımları qeyd edən
gənclər bu cür addımları Azərbaycanda gənclər ordusuna verilən yüksək qiymət
kimi vurğulayıblar. Hər bir gəncin arxasında güclü Azərbaycan dövlətinin və
gənclərə daim qayğı göstərən ölkə başçısının dayandığını bildirən könüllülər
bunun bariz nümunəsi kimi 2020-ci ilin məhz "Könüllülər ili” elan edilməsini
göstəriblər. Gənclər, xüsusilə də rayonda fəaliyyət göstərən könüllülər onlara
göstərilən etimadı bundan sonra da layiqincə doğrultmağa çalışacaqlarına,
onlara verilən şansı və hər bir gəncin həyatına müsbət dərəcədə təsir edəcək bu
ili səmərəli şəkildə dəyərləndirəcəklərinə söz veriblər. Görüşdə könüllülər bir sıra maraqlı təkliflər də
irəli sürüblər. Rayon rəhbəri hər bir gənci diqqətlə dinləyərək onlar
tərəfindən səslənən hər bir təklifə, istəyə həssaslıqla yanaşılacağını bildirib
və sonda hər birinə bir daha uğurlar arzulayıb.
GOYEZEN.AZ
Facebook-da paylaş