Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan xalqı əsrlər
boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini
yaşatmışdır.
Könüllülük insanları vahid niyyət ətrafında
birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu
formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə,
milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən
zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi
mexanizmləri formalaşdırılmışdır. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz
edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai
həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə
etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. ASAN, "Regional İnkişaf”
İctimai Birliyi, "Bir” Tələbə könüllülüləri və digər könüllü hərəkatları
yaranmış, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci
birləşdirən könüllü qrupları formalaşmışdır.
Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı,
innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə
yeni nəfəs vermiş, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları,
"Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq
tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamışlar.
Bu il 5 dekabr Beynəlxalq Könüllü Günü ərəfəsində
Azərbaycanda ilk dəfə keçirilmiş və bütün könüllüləri əhatə etmiş Könüllülük
Həftəsi ölkəmizdə könüllülüyün yeni mərhələyə qədəm qoyduğunu və böyük
potensiala malik olduğunu nümayiş etdirmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, gənclərin fərdi inkişafına təkan
vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından
xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək
məqsədilə qərara alıram:
1. 2020-ci il Azərbaycan
Respublikasında "Könüllülər ili” elan edilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti 2020-ci ilin Azərbaycan Respublikasında "Könüllülər ili” elan
edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 30
dekabr 2019-cu il.
Facebook-da paylaş