İcra başçısı könüllü fəaliyyətinə qoşulan gənclərlə görüşüb
Ötən yazımızda da qeyd etdiyimiz kimi, artıq xeyli müddətdir ki, Qazax Rayon İcra Hakimiyyəti "Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturunda könüllülük fəaliyyətinə başlayıb. Sevindirici hal isə odur ki, bu istək gənclər tərəfindən də maraqla qarşılanıb. Həmin fəaliyyətə qoşulan bir neçə gənc artıq könüllü adını alıb və bu sahədə fəallıq nümayiş etdirir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin gənc könüllülərlə görüşüb, onların qayğıları ilə maraqlanıb. Gənclərlə səmimi söhbət edən rayon rəhbəri onların bu fəaliyyətə qoşulmasını bir daha yüksək qiymətləndirib.
Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərə göstərdiyi diqqət və qayğıdan danışan rayon rəhbəri 2 fevral 2019-cu il tarixindən Azərbaycan Respublikasının Gənclər Fondunun maddi texniki bazası əsasında yaradılan "Gənclərin İnkişaf və Karyera Mərkəz”lərinin (GİKM) həmin qayğının əyani sübutu olduğunu bildirib. Hazırda Qazax, Şəmkir, Biləsuvar və İsmayıllı rayonlarında fəaliyyət göstərən GİKM-lərinin gənclərin karyera qurmalarına, istənilən sahədə inkişaf etmələrinə daha geniş şəkildə imkanlar açacağını vurğulayıb və gəncləri həmin mərkəzin imkanlarından yararlanmağa çağırıb. Eyni zamanda mərkəzin rəhbərliyinə könüllü fəaliyyətinə qoşulan gəncləri də keçirilən tədbirlərə, layihələrə cəlb etməyi bildirib və bu barədə tapşırıq verib.
Ölkəmizdə gənclərə dövlət səviyyəsində göstərilən diqqət və qayğını böyük minnətdarlıq hissi ilə qeyd edən icra başçısı könüllülük fəaliyyətinin də həmin qayğının davamı olduğunu vurğulayıb. Bildirib ki, bu gün dövlətimiz tərəfindən gənclərə hər cür dəstək göstərilir. Azərbaycan gənclərinin bilikli, savadlı, intellektual səviyyələrinin yüksək olması, gələcəkdə rahat şəkildə öz iş karyeralarını qurmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Həmin tədbirlər nəticəsində gənclərin böyük əksəriyyəti iş əldə etmək imkanı qazanır. "Bu könüllü fəaliyyəti də siz gənclərin qarşısında hər zaman geniş imkanlar açacaq”, - deyən rayon rəhbəri bu fəaliyyət sayəsində böyük təcrübə əldə edəcəklərini qeyd edib. Cəsarətli addım ataraq fəaliyyətə qoşulan gənclərə gələcək işlərində bir daha uğurlar arzulayıb.
İcra başçısı ilə səmimi söhbət edən və bugünkü görüşdən razı qalan gənclər də öz növbələrində onlara yaradılan imkana, ən əsası da gənclərə olan dəstəyə görə ölkə başçısına və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş