• Təqvim

  • Maraq



Gənclərə göstərilən dövlət qayğısı öz bəhrəsini verir


Bu gün hər kəsə yaxşı məlumdur ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda da daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Sağlam gənclik sağlam nəsil deməkdir. Bu gün tam əminliklə söyləyə bilərik ki, müstəqil Azərbaycanda dövlətin diqqət və qayğısı sayəsində sağlam bir gənclik yetişir. Ölkəmiz öz tarixi müstəqilliyini bərpa etdikdən, xüsusilə də xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlar həyata keçirilir.

Bu gün sevindirici haldır ki, son illər Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də məhz gənclər siyasətidir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Respublika Prezidenti cənab İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir. "2007-2015-ci illərdə Azərbaycan Gənclərinin təhsili üzrə Dövlət Proqramı" gənclərin təhsil səviyyəsinin yüksəldilməsinin parlaq ifadəsidir. Bütün bunların nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib. Bundan əlavə, Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə növbəti "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının təsdiq edilməsi gənclərə olan qayğının bariz nümunəsidir. Əsas məqsədi respublikamızda gənclər siyasətinin daha da səmərəli həyata keçirilməsini təmin etmək olan həmin Dövlət Proqramı bu gün də uğurla icra olunur.

Ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində 2 fevral 2019-cu il tarixindən Azərbaycan Respublikasının Gənclər Fondunun maddi texniki bazası əsasında yaradılan "Gənclərin İnkişaf və Karyera Mərkəz”ləri (GİKM) də gənclərə olan qayğının əyani sübutudur. Hazırda Qazax, Şəmkir, Biləsuvarİsmayıllı rayonlarında fəaliyyət göstərən GİKM-ləri gənclərin karyera qurmalarına, istənilən sahədə inkişaf etmələrinə daha geniş şəkildə imkanlar açır. Əsas hədəfi gənclərin doğru istiqamətdə inkişafını təmin etmək olan həmin GİKM-ləri ölkəmizdə həm də savadlılığın artırılmasına böyük töhfədir.

Bu gün təqdirəlayiq hal isə odur ki, gənclər də dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını, onlara olan etimadı yüksək qiymətləndirərək var qüvvələri ilə çalışır, ölkənin inkişafı naminə öz töhfələrini verirlər.

Aprelin 1-dən başlayaraq fəaliyyət göstərən Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzindən, orada çalışan gənclərdən gələn təşəbbüs də bir daha göstərdi ki, gənclər üzərilərinə düşən işin məsuliyyətini hər an dərk edir, müxtəlif sahələr üzrə daim yeniliklər etməyə can atırlar. Belə ki, Mərkəzin rəhbərliyi və "Gənc könüllüləri” Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Respublika Prezidentinin 28 avqust 2019-cu il tarixli Sərəncamına müvafiq olaraq oktyabrın 3-də gənclərin yolasalma mərasiminin təşkilatçılığını, tədbirin təşkilini öz üzərilərinə götürmək kimi təşəbbüs irəli sürüblər.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov gənclər tərəfindən irəli sürülən bu təşəbbüsü yüksək qiymətləndirərək həmin gəncləri qəbul edib, atdıqları bu addımı nümunəvi bir addım kimi dəyərləndirib. Tədbirlə bağlı gənclərin fikirlərini öyrənən rayon rəhbəri respublikamızın hər yerində olduğu kimi qazaxlı gənclərin də yüksək əhval-ruhiyyə ilə hərbi xidmətə yola düşmələri üçün gənclərin təşkil etmək istədikləri işləri və təklifləri dinləyib.

İcra başçısı ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bugünkü gəncliyə verdiyi dəyəri, yüksək diqqət və qayğını bir daha vurğulayaraq həmin dövlət qayğısının bundan sonra da uğurla davam etdiriləcəyini qeyd edib. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən Qazax gəncliyinə hər zaman xüsusi qayğı ilə yanaşdığını, rayon gənclərinin istədikləri sahə üzrə inkişaf etmələri üçün həmişə dəstək olmağa çalışdığını bildirib. Dövlətin gənclərə olan qayğısının Qazaxda da olduğu kimi həyata keçirildiyini vurğulayıb. Bugünkü təşəbbüsü də bir daha yüksək qiymətləndirib və gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov çıxış edərək gənclərə göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə, eləcə də Gənclər Fondunun rəhbərliyinə Mərkəzin üzvləri və könüllüləri adından dərin minnətdarlığını çatdırıb. İ.Süleymanov rəhbərlik etdiyi Mərkəzin fəaliyyətə başladığı ilk gündən hər zaman yeniliklər etməyə, xüsusilə də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə daha çox üstünlük verdiyini diqqətə çatdırıb. Builki oktyabr çağırışı üzrə gənclərin həqiqi hərbi xidmətə yolasalma tədbirinin təşkilatçılığını öz üzərilərinə götürmək istəyini hər bir gəncin dəstəklədiyini və həmin tədbir üçün böyük səylə çalışdıqlarını qeyd edib.  Mərkəzin direktoru fəaliyyətləri dövründə gördüyü işlərdən də söz açıb. Qazax Gənclər Mərkəzi ilə eyni ərazidə yerləşən Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəzlə birlikdə mütəmadi olaraq tədbirlər keçirdiklərini, hər zaman əlaqəli şəkildə çalışdıqlarını vurğulayıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda bir daha gənclərin bu addımını alqışlayıb və onlara uğurlar arzulayıb.


GOYEZEN.AZ



Facebook-da paylaş