Əsas Səhifə > Manşet / Gənclər > İcra başçısı rayonda fəaliyyət göstərən könüllülərlə görüşüb

İcra başçısı rayonda fəaliyyət göstərən könüllülərlə görüşüb


8-01-2020, 21:44


Məlum olduğu kimi, könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Hazırda dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf edən və sözün bütün mənalarında, dünyanı gözəlləşdirməyə çalışan insanların sayı on milyonlarladır. Prezident İlham Əliyevin çıxışlarında hər zaman gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə olunmalarının vacibliyini önə çəkməsi, Azərbaycanda könüllülük hərəkatının indiki səviyyədə inkişaf etməsi məhz həmin vətənpərvərlik ruhunun, vətəndaşlıq mövqeyinin, milli təəssübkeşliyin parlaq örnəyi hesab edilir. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə "Könüllülər ili” elan edilməsi bu hərəkatın daha mütəşəkkil xarakter almasını təmin etməklə yanaşı, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli şəkildə faydalanmaq məqsədlərini də özündə nümayiş etdirir. Bu Sərəncam bir daha Azərbaycan gəncliyinə göstərilən böyük etimad, gənclərimizin potensialına olan tükənməz inamın göstəricisi, eyni zamanda, könüllü gənclərimizin fəaliyyətinə verilən ən yüksək dəyərdir.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 2020-ci ilin "Könüllülər ili” elan olunması gənclər, xüsusilə də rayonda fəaliyyət göstərən könüllülər tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rayonda fəaliyyət göstərən könüllülərlə keçirdiyi görüşdə səslənən fikirlər də bunu bir daha sübut edib ki, qazaxlı gənclər dövlət başçısının bu addımını yüksək qiymətləndirir.

İcra aparatının akt zalında keçirilən görüşdə aparatın məsul şəxsləri, Qazax Rayon Gənclər və İdman İdarəsinin və Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri iştirak ediblər. Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələrindən ibarət 60-dan artıq könüllünün iştirak etdiyi görüşdə "Könüllülər ili” ilə bağlı gənclər öz ürək sözlərini bildiriblər.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq əvvəlcə gəncləri, könüllüləri 2020-ci ilin "Könüllülər ili” elan olunması münasibətilə təbrik edib, səmimi arzularını çatdırıb.

Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin bu gün onun layiqli davamçıları Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini qeyd edən icra başçısı bu gün ölkəmizdə gənclərin inkişaf etməsi üçün hər cür imkan və şərait yaradıldığını bildirib. Respublika Prezidentinin 9 fevral 2007-ci il tarixli Sərəncamı ilə 2007-ci ilin "Gənclər ili", 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ilin "Könüllülər ili” elan edilməsini həmin uğurlu siyasətin və gənclərə olan qayğının bariz nümunəsi kimi qeyd edib.

 

İcra başçısı ölkə rəhbərinin bu Sərəncamını gənclərimizin yeni ideyalarının daha geniş vüsət alması, ölkə həyatının bütün sferalarında yeni nəfəs və innovativ düşüncənin bərqərar olması üçün yaradılan şans, əlverişli fürsət kimi dəyərləndirib. "Könüllü kimi fəaliyyətə başlayan hər hansı gənc gələcəyin uğurlu kadrı hesab edilir. Müstəqil Azərbaycanın gələcəyi siz gənclərin, könüllülərin əlindədir”, - deyən icra başçısı onlar üçün yaradılan bu şansı layiqincə dəyərləndirməyi və öz töhfələrini vermələrini tövsiyə edib. Rayon rəhbəri "Könüllülər ili” olan 2020-ci ilin hər bir gəncin həyatında, fəaliyyətində dərin izlər buraxacağını və gənclərin yaddaşına uğurlu bir il kimi yazılacağını vurğulayıb.

 

Görüşdə fəal gənc, Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının Qazax rayonu üzrə koordinatoru Akif Əmirov, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov, Mərkəzin könüllülərindən Səbinə və Səadət Nuruşovalar, Elmir Həsənov, Pəri İbrahimova, Musa Paşayev, Aytac İbrahimli, Məzahir Əliyev, Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllülərindən Xaqan Qurbanov, Türkanə Abdulzadə və Şəadət Abbasov çıxış edərək gənclərə göstərilən dövlət qayğısına görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya qazaxlı gənclər adından minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşü və onlara olan səmimi münasibəti razılıq hissi ilə qeyd edən gənclər Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini ifadə ediblər. Ölkəmizdə 2015-ci ildən başlayaraq geniş vüsət alan könüllülük fəaliyyətini və bu sahənin inkişaf etdirilməsi istiqamətində görülən işləri, atılan uğurlu addımları qeyd edən gənclər bu cür addımları Azərbaycanda gənclər ordusuna verilən yüksək qiymət kimi vurğulayıblar. Hər bir gəncin arxasında güclü Azərbaycan dövlətinin və gənclərə daim qayğı göstərən ölkə başçısının dayandığını bildirən könüllülər bunun bariz nümunəsi kimi 2020-ci ilin məhz "Könüllülər ili” elan edilməsini göstəriblər. Gənclər, xüsusilə də rayonda fəaliyyət göstərən könüllülər onlara göstərilən etimadı bundan sonra da layiqincə doğrultmağa çalışacaqlarına, onlara verilən şansı və hər bir gəncin həyatına müsbət dərəcədə təsir edəcək bu ili səmərəli şəkildə dəyərləndirəcəklərinə söz veriblər.

Görüşdə könüllülər bir sıra maraqlı təkliflər də irəli sürüblər. Rayon rəhbəri hər bir gənci diqqətlə dinləyərək onlar tərəfindən səslənən hər bir təklifə, istəyə həssaslıqla yanaşılacağını bildirib və sonda hər birinə bir daha uğurlar arzulayıb.












 

GOYEZEN.AZ  


Geri qayıt