• Təqvim

  • Maraq



Qazaxda böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib


Respublika Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq, respublikamızın hər yerində olduğu kimi, Qazaxda da ədibin həyat və yaradıcılığına həsr edilmiş silsilə tədbirlər təşkil olunur.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin, Bakı Dövlət Universiteti (BDU) Qazax filialının və Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Ədəbiyyat Muzeyində keçirilən konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və aparatın məsul şəxsləri, BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov və filialın müəllim-tələbə kollektivi, AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, filialın üzvləri, şairlər, idarə, müəssisə və təşkilat rəhbərləri, KİV nümayəndələri iştirak ediblər.

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş konfrasda əvvəlcə şairin həyat və yaradıcılığını əks etdirən slayd nümayiş etdirilib.

 

BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov konfransı giriş sözü ilə açaraq ölkə başçısının müvafiq Sərəncamına əsasən böyük ədibin 650 illik yubileyinin rayonda silsilə tədbirlərlə qeyd olunduğunu və bugünkü konfransın da həmin tədbirlərin davamı olduğunu bildirib. Dövlətimizin və onun rəhbərinin milli-mənəvi dəyərlərimizə verdiyi yüksək qiymətdən söz açan A.Rüstəmov ölkə başçısının böyük şair İ.Nəsiminin 650 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncamı, eləcə də 2019-cu ili "Nəsimi ili” elan etməsini həmin dəyərin bariz nümunəsi kimi qeyd edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov konfransda çıxış edərək bildirib ki, adı dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, poeziyamızda yeni, çox əlamətdar bir dövrün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii dil səviyəsinə yüksəldən qüdrətli sənətkar İmadəddin Nəsimi zəngin irs qoymuşdur. Bu gün hamımız İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə və onun 47 baharlıq ömür yoluna işıq salmaq üçün şairin ocağına, istisində qızınmağa, Nəsimi zirvəsindən od götürməyə yığışmışıq. Çünki Azərbaycan torpağında Nəsimi zirvəsi var. Bu zirvədən günəş doğur. O günəş ki, qürub edər, ancaq heç vaxt batmaz. Qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1973-cü ildə anadan olmasının 600 illiyinin yüksək səviyyədə və böyük təntənə ilə qeyd olunması qüdrətli Azərbaycan şairi İmadəddin Nəsiminin şəxsiyyətinə və yaradıcılığına dövlətimizin və xalqımızın bəslədiyi yüksək ehtiramın və ümumxalq məhəbbətinin ifadəsidir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə 1979-cu ildə İmadəddin Nəsimiyə onun doğma vətənində, Bakı şəhərinin mərkəzi meydanlarından birində görkəmli heykəltəraşlar Tokay Məmmədov və İbrahim Zeynalovun ucaltdıqları düşündürücü heykəl Azərbaycan monumental heykəltəraşlıq sənətinin qiymətli nümunələrindəndir. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində AMEA-nın Dilçilik İnstitutuna, Bakı şəhərinin ən böyük rayonlarından birinə və metro stansiyasına İmadəddin Nəsiminin adının verilməsi onun xatirəsinin öz ölkəsində yüksək səviyyədə əbədiləşdirildiyini əks etdirən tarixi reallıqlardır.

 

İcra başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyev Xalq şairi Qabilin "Nəsimi” poeması haqqında bu fikirləri söyləmişdir: "Qabil Nəsimi haqqında mənzum romanını çox böyük ustalıqla yazmışdır. Doğrudan da bu çox böyük iş idi və Qabil bu işin öhdəsindən layiqincə gəldi. Bu həqiqətən dövlət mükafatına layiq bir əsərdir. Çünki Nəsimi haqqında belə böyük, sanballı, dərin fəlsəfi fikirlərlə dolu olan mənzum roman yazmaq hər adamın, şairin işi deyil. Qabil bunun öhdəsindən gəldi”. Bu əsər 1976-cı ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb.

Vurğulayıb ki, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 23-24 iyun 2017-ci ildə "Ey Nəsimi, cahanı tutdu sözün” adlı beynəlxalq konfrans keçirməsi və həmin elmi tədbirdə Azərbaycanla yanaşı Rusiya, Hindistan, Türkiyə və Gürcüstan alimlərinin məruzələrlə çıxış etmələri Nəsimi irsinin tədqiqinə müstəqillik dövrü işığında yenidən qayıdış sahəsində mühüm bir addım olmuşdur.


2018-ci ilin sentyabr ayında Bakı şəhərində və Şamaxıda keçirilmiş Nəsimi şeir, incəsənət və mədəniyyət festivalı Nəsimi sənətinin ölməzliyini bir daha sübut etməklə bərabər, həm də bu zəngin bədii irsin tədqiqat və təbliğat baxımından geniş imkanlara malik olduğunu nümayiş etdirmişdir. Festivalın dünyanın müxtəlif ölkələrindən gəlmiş elm, ədəbiyyat və incəsənət xadimlərinin iştirakı ilə keçirilməsi, tədbirlərin Bakı şəhəri ilə yanaşı şairin vətəni Şamaxı şəhərini də əhatə etməsi İmadəddin Nəsimini Azərbaycana və cahana bəxş etmiş bu qədim diyarın özünün böyük oğlu qarşısında mənəvi borcunu ifadə edən möhtəşəm hesabat olmuşdur.

2018-ci ilin noyabr ayında İmadəddin Nəsimi ilə əlaqədar Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş geniş elmi-mədəni tədbirlər, xüsusən, Moskva Beynəlxalq Münasibətlər İnstitutunun binasında ölməz sənətkarın büstünün açılması onun yeni tarixi şəraitdə dünya şöhrətinin təntənəsini göstərən mühüm hadisədir.

26 apreldə 2019-cu ildə "Nəsimi - şeir, incəsənət və mənəviyyat” Festivalı Avropa Festivallar Assosiasiyasına üzvlüyə qəbul edilmişdir.

Rayon rəhbəri qeyd edib ki, cənab Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili” kimi elan edilməsi haqqında” 11 yanvar 2019-cu il tarixli Sərəncamı ölməz sənətkarın həyatı və yaradıcılığının, həmişəyaşar ideallarının daha geniş miqyasda və elmi əsaslarla tanıdılmasına və təbliğ edilməsinə geniş meydan açır. Eyni zamanda, mühüm tarixi əhəmiyyətə malik olan bu Sərəncam yeni nəsillərin dönməz məslək və əqidə nümayiş etdirən qüdrətli sənətkarın nümunəsində tərbiyə edilib, azərbaycançılıq ruhunda formalaşdırılmasına göstərilən böyük dövlət qayğısının əməli ifadəsidir. Bütün bunlar həm də böyük Azərbaycan şairi İmadəddin Nəsimi mövzusuna elm, ədəbiyyat və incəsənətin bütün istiqamətlərində yenidən qayıdış baxımından qarşıya yeni vəzifələr qoyur. Ölkə başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə İmadəddin Nəsiminin "Seçilmiş əsərləri” böyük tirajla nəşr edilib ölkə miqyasında bütün kitabxanalara göndərilmişdir.

 

Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə töhfə olaraq Ukrayna dilində ərsəyə gətirilmiş "Haqq yolu mən özüm oldum” kitabı Kiyevdə işıq üzü görüb. Kitaba dahi mütəfəkkirin 200-dən çox qəzəli, tuyuğ və rübailəri daxil edilib. Onlardan "Ağrımaz”, "Dilbəra, mən səndən ayrı ömrü canı nеylərəm”, "Sığmazam” və s. kimi məşhur qəzəllərini misal göstərmək olar.

İcra başçısı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dahi şairin yubileyi ilə bağlı görülən işlərdən də söz açıb. Mehriban xanımın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda 650 min ağac əkilməsini İ.Nəsimi yaradıcılığına verilən ən böyük töhfə kimi qiymətləndirib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə Bakıda Heydər Əliyev Mərkəzində keçirilən YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində İmadəddin Nəsiminin "Sığmazam” qəzəli əsasında yeddi dəqiqəlik kompozisiyanın təqdim olunmasını şairə olan böyük ehtiram kimi dəyərləndirib.

İcra başçısı qeyd edib ki, bütün görülən işlər onu göstərir ki, dövlətimiz mədəniyyət, incəsənət, poeziya sahəsini daim diqqət mərkəzində saxlayır və Nəsimi yaradıcılığını yüksək qiymətləndirir. Ən əsası da bütün dünyaya bu reallığı bir daha bildirir ki, İmadəddin Nəsimi cahana və zamana sığmayan, əbədiyaşar Azərbaycan şairidir.

AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal da konfransda çıxış edərək dövlətimiz tərəfindən Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, ziyalılara verilən yüksək dəyərdən danışıb. B.Vüsal qeyd edib ki, ölkə başçısı istər İ.Nəsiminin 650 illik yubileyinin dünya miqyasında qeyd olunması, istərsə də 2019-cu ilin "Nəsimi ili” elan olunması ilə bağlı müvafiq Sərəncamlar imzalamaqla bir daha sübut etdi ki, dövlətimiz milli-mənəvi dəyərlərinə hər zaman sahib çıxmağı bacarır və bundan sonra da bacaracaq. Şair çıxışında öz əsərləri ilə ədəbiyyatımıza zəngin irs qoyan ulu şairlərimizin nəsillər ötsə, qərinələr bir-birini əvəz etsə belə hər zaman qəlblərdə yaşayacağını qeyd edib. Böyük söz ustadlarının da daim yaddaşlarda qalması, yüksək hörmət və ehtiramla anılması üçün bu gün dövlətimiz və onun rəhbəri tərəfindən təqdirəlayiq işlər görüldüyünü qeyd edən B.Vüsal bunun bariz nümunəsi kimi 650 illik yubileyi və bununla bağlı keçirilən silsilə tədbirləri, eləcə də bugünkü konfransı qeyd edib. İ.Nəsimiyə həsr etdiyi şeirlə çıxışını yekunlaşdıran B.Vüsal bugünkü tədbiri poeziya bayramı adlandırıb və tədbirin təşkilində əməyi keçən insanlara minnətdarlığını bildirib.

 

BDU-nun Qazax filialında Dillər, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Arıxova "Nəsimi dilinin bədii sənətkarlıq xüsusiyyətləri”, həmin kafedranın dosenti, filologiya elmləri namizədi Rübabə Əliyeva "Nəsimi sözü”, kafedranın baş müəllimləri Heyran Vəkilova "İmadəddin Nəsimi tədqiqatlarda”, AYB-nin üzvü Mustafa Rasimoğlu "Nəsiminin hürufilik estetikasında insan konsepsiyası” mövzuları ətrafında geniş məruzələrlə çıxış ediblər. Çıxış edənlər ölkə başçısı tərəfindən İ.Nəsimiyə və onun yaradıcılığına verilən yüksək qiyməti, dəyəri bütövlükdə sözə, sözün qüdrətinə verilən qiymət kimi dəyərləndiriblər. Böyük şairin Azərbaycan ədəbiyyatına bəxş etdiyi əsərlərdə öz ruhunu qoymasını, sözün qüdrətini ən ali zirvəyə qaldırmasını, Azərbaycan dilinin zənginliyini nəinki öz dilimizdə, eləcə də ərəb və fars dillərində böyük ustalıqla çatdırmasını bir daha diqqətə çatdırıblar. Şamaxı ədəbi mühitinin yetirməsi olan İ.Nəsiminin yazdığı şeirlərdə, qəzəllərdə, ədəbiyyatımıza bəxş etdiyi dəyərli incilərdə onun sərhəd tanımayan, cahana sığmayan şair olmasını böyük ustalıqla təqdim etməsini dilə gətiriblər. Qeyd ediblər ki, bizi o dühadan illər ayırsa da onun yaradıcılığına olan sevgi, hörmət və ehtiram azalmır və azalmayacaq da. Onun yaradıcılığının gələcək nəsillər üçün hər zaman bir məktəb olmasını qeyd edən çıxışçılar bu sahədə dövlətimiz tərəfidən görülən işlərdən də söz açıblar. İ.Nəsiminin Azərbaycan xalqına yenidən qayıdışında Ulu Öndər Heydər Əliyevin böyük əməyinin olduğunu qeyd ediblər. Böyük şairə, onun yaradıcılığına ölkə başçısı İlham Əliyev tərəfindən bu gün də yüksək hörmət və ehtiram göstərildiyini vurğulayıblar. Bunun bariz nümunəsi kimi də dövlət başçısının imzaladığı müvafiq Sərəncamları və həmin Sərəncama əsasən keçirilən silsilə tədbirləri qeyd ediblər.

Sonra BDU-nun Qazax filialında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı tələbələr arasında keçirilmiş şeir müsabiqəsində qalib adını qazanaraq fərqlənən tələbələrə - Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II kurs tələbəsi Musayeva Qənirə Elman qızına, I kurs tələbəsi Məhərrəmova Günel Rafiq qızına, İbtidai sinif müəllimliyi ixtisasının III kurs tələbəsi Əlizadə Tərlan Fazil qızına, Filologiya fakültəsinin II kurs tələbələri Mirzəyeva Jalə Rizvan qızına və Ağayeva Gülşən Rəfail qızına Təşəkkürnamələr təqdim olunub. Müsabiqədə qalib adını qazanan tələbələr böyük şairin ölməz şeirlərini bir daha səsləndiriblər.

Konfrans Azərbaycan əsilli tanınmış musiqiçi Sami Yusufun, Azərbaycanın Əməkdar artisti Təyyar Bayramovun və Əməkdar mədəniyyət işçisi Samirə Əliyevanın, xalq çalğı alətləri ansamblının müşayiəti ilə xor kollektivinin təqdimatında dahi Azərbaycan şairi İmadəddin Nəsiminin "Sığmazam" qəzəli əsasında hazırlanmış musiqi kompozisiyasının nümayişi ilə başa çatıb.












 





 









 

GOYEZEN.AZ



Facebook-da paylaş