• Təqvim

  • Maraq



Daş Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçası da yenidən qurulacaq


Son illər ölkəmizdə aparılan abadlıq və quruculuq işləri respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da geniş vüsət alıb. Son 3 ildə isə Qazax böyük bir tikinti meydançasını xatırladır. Bu gün rayonda elə bir sahə olmaz ki, orada olan yeniliyin, aparılan tikinti və quruculuq işinin şahidi olmayasan. Diqqət çəkən məqamlardan biri isə odur ki, Qazaxda bütün sahələrlə yanaşı, azyaşlı körpələrin sağlam və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda tərbiyə olunması istiqamətində də məqsədyönlü işlər görülür. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlamasının nəticəsidir ki, rayonda olan bağçaların tikintisi, eləcə də əsaslı şəkildə təmir olunması istiqamətində görülən işlərin sayı ildən-ilə artır. Rayonda olan 25 uşaq bağçasından 17-nin tam müasir standartlara cavab verən səviyyəyə çatdırılması bu dediklərimizin əyani sübutudur. Şəhərdə yerləşən 1,2,3,4,5,6 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçalarını, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları həmin təmirli bağçalar sırasındadır.

Sevindirici haldır ki, ötən illərdə olduğu kimi, bu il də bağça tikintisinə və ya əsaslı təmir olunmasına böyük sürətlə start verilib. Belə ki, hazırda Qazaxbəyli kənd uşaq bağçasında təmir işləri aparılır.

Rayonda təmirə ehtiyacı olan daha bir neçə kənd bağçası var ki, onlardan biri də Daş Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçasıdır.

Ötən yazımızda "Qazax Sement Zavodu” MMC tərəfindən bu bağçanın da əsaslı şəkildə yenidən qurulacağı barədə məlumat vermişdik. Zavod tərəfindən yenidən qurulan sayca üçüncü bağça olacaq ki, körpə fidanların, valideynlərin, eləcə də bütün kənd sakinlərinin böyük sevincinə səbəb olacaq. 2017-ci ildə Daş Salahlı kənd 2 saylı uşaq bağçasını və 3 saylı körpələr evi-uşaq bağçasını əsaslı şəkildə yenidən quraraq körpə balaların istifadəsinə verən zavod kollektivi bu ənənəsinə sadiq qalaraq yaxın vaxtlarda Daş Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçasının təmirinə də başlayacaq.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Qazax Sement Zavodu” MMC tərəfindən yenidən qurulması nəzərdə tutulan həmin bağçada olub, mövcud vəziyyətlə maraqlanıb, bağça binası üçün nəzərdə tutulan əraziyə baxış keçirib.

Bağça müdiri Təranə Sultanova bağçanın təmir olunması xəbərini kollektiv olaraq sevinc hissi ilə qarşıladıqlarını bildirib. Digər kənd bağçaları kimi, bu bağçanın təmir olunmasını dövlət tərəfindən uşaqlara olan qayğının əyani təzahürü kimi qiymətləndirib. Təmir işlərinin aparılmasına görə "Qazax Sement Zavodu” MMC-nin kollektivinə və rayon rəhbərliyinə işçilər, valideynlər, bütün kənd sakinləri adından dərin minnətdarlığını çatdırıb.



GOYEZEN.AZ



Facebook-da paylaş