İcra başçısı mərkəzi xəstəxananın tikintisi ilə maraqlanıb
Bu gün
sevindirici haldır ki, respublikamızda bütün sahələrlə yanaşı səhiyyə sahəsi də
dövlətin və ölkə başçısının ən çox diqqət ayırdığı sahələrdən biridir. Bu
sahəyə olan qayğını son illər dövlət başçısı İlham Əliyevin apardığı
məqsədyönlü siyasət nəticəsində Azərbaycanda inşa olunan səhiyyə ocaqlarının
timsalında aydın şəkildə görmək olar. Ən
ucqar yaşayış məntəqələrində belə yeni səhiyyə obyektlərinin, müasir tipli
xəstəxanaların tikilməsi və ölkə vətəndaşlarının istifadəsinə verilməsi demək
olar ki, ənənə halını alıb. Bu gün paytaxt
Bakıdan ən uzaq məsafədə düşmənlə sərhəddə yerləşən Qazax rayonunda yeni və
müasir standartlara cavab verən xəstəxananın tikintisi də bu dediklərimizin
əyani sübutudur. Tam əminliklə deyə bilərik ki, rayon sakinlərinə səhiyyə
sahəsində yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait
yaradılır. Ölkə başçısının diqqət və qayğısı sayəsində rayonda inşa olunan 145
çarpayılıq Mərkəzi Xəstəxana binası 2,6 hektar sahədə inşa olunub. 10 korpusdan
ibarət olacaq Mərkəzi Xəstəxananın 5 korpusu tam hazırdır. Bundan əlavə, 5
korpusla yanaşı, binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu,
qazanxana və nasos stansiyası, transformator stansiyası, nəzarət-buraxılış
məntəqəsi də inşa edilib. Bir sözlə, 5 korpusda əhaliyə yüksək səviyyədə tibbi
xidmət göstərmək üçün lazım olan bütün şərait yaradılıb. Hazırda isə qalan 5 korpusun tikintisi sürətlə davam etdirilir. Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident
Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə xəstəxananın tikintisi ilə
maraqlanıb. İş icraçısı Calal Əfəndiyev
görülən işlər barədə məlumat verərək bildirib ki, ötən il özül hissələri
tökülmüş Gigiyena və Epidemiologiya Mərkəzi, təcili tibbi yardım, dializ, ümumi
cərrahiyə-travmatologiya şöbələrinin yerləşəcəyi korpusların tikintisi
sürətlə davam etdirilir. İş icraçısı bildirib ki,
işlərin sürətlə aparılması onu deməyə əsas verir ki, bu korpusların tikintisi
yaxın günlərdə yekunlaşacaq və yoluxucu xəstəliklər şöbəsinin tikintisinə
başlanılacaq. Qazax
rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova çıxış edərək bu
cür yüksək səviyyədə xəstəxananın inşa olunmasına görə bütün səhiyyə işçiləri
adından ölkə başçısı İlham Əliyevə bir daha dərin minnətdarlığını bildirib. Görülən işlərlə tanış olan
icra başçısı işlərin keyfiyyətlə aparılmasını qeyd edib, tapşırıq və
tövsiyələrini verib. GOYEZEN.AZ
Facebook-da paylaş