Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı mərkəzi xəstəxananın tikintisi ilə maraqlanıb
İcra başçısı mərkəzi xəstəxananın tikintisi ilə maraqlanıb16-04-2019, 22:10 |
Bu gün sevindirici haldır ki, respublikamızda bütün sahələrlə yanaşı səhiyyə sahəsi də dövlətin və ölkə başçısının ən çox diqqət ayırdığı sahələrdən biridir. Bu sahəyə olan qayğını son illər dövlət başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanda inşa olunan səhiyyə ocaqlarının timsalında aydın şəkildə görmək olar. Ən ucqar yaşayış məntəqələrində belə yeni səhiyyə obyektlərinin, müasir tipli xəstəxanaların tikilməsi və ölkə vətəndaşlarının istifadəsinə verilməsi demək olar ki, ənənə halını alıb. Bu gün paytaxt Bakıdan ən uzaq məsafədə düşmənlə sərhəddə yerləşən Qazax rayonunda yeni və müasir standartlara cavab verən xəstəxananın tikintisi də bu dediklərimizin əyani sübutudur. Tam əminliklə deyə bilərik ki, rayon sakinlərinə səhiyyə sahəsində yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılır. Ölkə başçısının diqqət və qayğısı sayəsində rayonda inşa olunan 145 çarpayılıq Mərkəzi Xəstəxana binası 2,6 hektar sahədə inşa olunub. 10 korpusdan ibarət olacaq Mərkəzi Xəstəxananın 5 korpusu tam hazırdır. Bundan əlavə, 5 korpusla yanaşı, binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası, transformator stansiyası, nəzarət-buraxılış məntəqəsi də inşa edilib. Bir sözlə, 5 korpusda əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün lazım olan bütün şərait yaradılıb. Hazırda isə qalan 5 korpusun tikintisi sürətlə davam etdirilir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə xəstəxananın tikintisi ilə maraqlanıb. İş icraçısı Calal Əfəndiyev görülən işlər barədə məlumat verərək bildirib ki, ötən il özül hissələri tökülmüş Gigiyena və Epidemiologiya Mərkəzi, təcili tibbi yardım, dializ, ümumi cərrahiyə-travmatologiya şöbələrinin yerləşəcəyi korpusların tikintisi sürətlə davam etdirilir. İş icraçısı bildirib ki, işlərin sürətlə aparılması onu deməyə əsas verir ki, bu korpusların tikintisi yaxın günlərdə yekunlaşacaq və yoluxucu xəstəliklər şöbəsinin tikintisinə başlanılacaq. Qazax rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova çıxış edərək bu cür yüksək səviyyədə xəstəxananın inşa olunmasına görə bütün səhiyyə işçiləri adından ölkə başçısı İlham Əliyevə bir daha dərin minnətdarlığını bildirib. Görülən işlərlə tanış olan icra başçısı işlərin keyfiyyətlə aparılmasını qeyd edib, tapşırıq və tövsiyələrini verib. GOYEZEN.AZ Geri qayıt |