“Hər bir işin arxasında xalqa xidmət dayanır”
Bu gün tam əminliklə deyə bilərik ki, ölkə başçısı İlham Əliyevin söylədiyi "Hər bir işin arxasında xalqa xidmət dayanır” cümləsi Qazaxda görülən işlərin, həyata keçirilən tədbirlərin, vətəndaşlara olan qayğının timsalında öz real əksini tapır. Fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini ön plana çəkən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun sakinlərlə keçirdiyi görüşlər də bunun bariz nümunəsidir. Artıq 3 il olacaq ki, icra başçısı mütəmadi olaraq sakinlərin arasında olur, onların qayğıları ilə yaxından maraqlanır, narahat edən məsələləri öz dillərindən eşidir və həlli istiqamətində konkret tapşırıqlar verir. Rayon rəhbərinin sakinlərin arasında olması və onlarla səmimi söhbət aparması demək olar ki, artıq bir ənənə halını alıb.
Bu gün icra başçısı "Nazim” MMC-yə məxsus şəhərin mərkəzində yerləşən bazarda olub, sakinlərlə görüşüb, səmimi söhbət edərək onları narahat edən məsələlərlə, qayğılarla maraqlanıb. Rayon sakinlərini qarşıdan gələn milli bayram olan Novruz bayramı münasibətilə təbrik edən rayon rəhbəri ən xoş arzularını çatdırıb. Ötən il olduğu kimi, 2019-cu ilin də uğurlu bir olacağını bildirib və sakinlərə yeni-yeni nailiyyətlər qazanmağı arzu edib.
Rayon rəhbəri bildirib ki, işə başladığım ilk gündən çalışmışam ki, hər zaman siz sakinlərin yanında olum, mövcud vəziyyəti, sizləri narahat edən qayğıları öz dilinizdən eşidim. Son illər respublikamızda həyata keçirilən abadlıq, quruculuq işlərindən söz açan icra başçısı bu inkişafın Qazax rayonundan da yan keçmədiyini qeyd edib. Rayonda görülən işlərdən, eləcə də mərkəzi bazarda yaradılan səliqə-səhman işlərindən danışan icra başçısı bildirib ki, görülən bütün işlərin, həyata keçirilən tədbirlərin arxasında siz sakinlərin rahatlığı, ən əsası da xalqa xidmət dayanır.
Sakinlərlə səmimi söhbət aparan rayon rəhbəri satılan hər bir məhsulun keyfiyyətinə fikir verilməsini tövsiyə edib və əhalinin sağlamlığının qorunması baxımından keyfiyyətin, xüsusilə də sanitariya qaydalarına ciddi əməl olunmasının çox vacib məsələ olduğunu bildirib.
Rayon rəhbəri ilə səmimi söhbət edən sakinlər son 2 ayda ölkə başçısı tərəfindən əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardan, imzalanan Fərman və Sərəncamlardan söz açaraq ürək sözlərini çatdırıblar. Əməkhaqqının, təqaüdlərin, sosial müavinətlərin və bu qəbildən olan bir neçə sahə üzrə olan artımları böyük sevinc hissi ilə qarşılayıb, onlara göstərilən diqqət və qayğı kimi qiymətləndiriblər. Respublikada, eləcə də Qazaxda aparılan abadlıq işlərinə, əhalinin rifah halının yaxşılaşdırılmasına görə ölkə başçısına öz dərin minnətdarlıqlarını bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş