Sərhəd kəndi olan Məzəmdə sakinlərlə səyyar görüş keçirilib
Bu gün
Respublika Prezidenti İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş
amili Qazax rayonunda olduğu kimi icra olunur. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşovun son 2 il 4 ay ərzində istər şəhərdə, istərsə də
kəndlərdə keçirdiyi səyyar görüşlərdə sakinlər tərəfindən səslənən fikirlər
bunu söyləməyə əsas verir. Keçirilən hər
bir görüşdə icra başçısının vətəndaş amilini, mövqeyini hər şeydən üstün
tutması, əhalini narahat edən problemləri onların dilindən eşitmək məqsədilə
mütəmadi olaraq xalqın arasında olması ölkə başçısının uğurla yürütdüyü
siyasətin bölgələrimizdə, o cümlədən də Qazaxda olduğu kimi icra olunmasının
əyani sübutudur. Məhz keçirilən səyyar görüşlər zamanı mövcud çatışmazlıqların
yerindəcə öyrənilərək həlli istiqamətində lazımi tapşırıqlar
verilməsinin, yüksək diqqət və qayğı göstərilməsinin nəticəsidir ki,
bu gün xalqla rayon rəhbərliyi arasında səmimi bir münasibət
yaranıb. Bu görüşlərdən ruhlanan hər bir kənd sakini öz qayğılarını
çəkinmədən söyləyə bilirlər. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən düşmənlə sərhəddə yerləşən
kəndləri və orada yaşayan sakinləri də daim diqqət mərkəzində saxlayır. İcra
başçısının sərhəd bölgəsində yerləşən, müntəzəm olaraq düşmən atəşi altında
olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli, Bala Cəfərli kəndlərində yaşayan
kənd camaatına qayğı ilə yanaşması, qarşılaşdıqları problem və çatışmazlıqları
yerindəcə həll etməsi, ən əsası da onlarla mütəmadi olaraq görüşlər keçirməsi
bunu bir daha sübut edir. Bu qayğının nəticəsidir ki, sakinlərin istər yaşayış
şəraitlərinin yaxşılaşdırılması, istərsə də təhlükəsizliklərinin təmin olunması
istiqamətində əhəmiyyətli işlər görülür. Bu gün
Məzəmlilər, Quşçu Ayrımlılar, Fərəhlilər çəkinmədən öz rəhbərlərinə üz
tuturlar, ona inanırlar. İcra başçısı bu
gün də Məzəm və Quşçu Ayrım kəndlərində olub, sakinləri narahat edən məsələləri
dinləyib. Həmişə olduğu kimi, bu görüşdə də kənd sakinləri rayon
rəhbərini böyük səmimiyyətlə qarşılayıblar. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək
bildirib ki, bu ilin proqramına uyğun olaraq dördüncü dəfədir ki, sizlərlə belə
səyyar şəkildə görüşürük. Bildiyiniz kimi, belə səyyar görüşlər
keçirməyimin əsas məqsədi kənddəki mövcud vəziyyəti öyrənmək, siz sakinləri
narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli
işlər görməkdir. Qeyd edib ki,
ölkə başçısının hər dəfə çıxışları zamanı söylədiyi "Xalqa xidmət
göstərilməlidir” cümləsi bu gün dövlətimizin siyasətinin prioritet
istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin siyasətinin
əsasını təşkil edən vətəndaş amilinin Qazax rayonunda olduğu kimi icra
edilməsinin nəticəsidir ki, rayonumuzda bütün sahələr inkişaf edir.
"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq
görülən işləri, istifadəyə verilən sosial obyektləri, eləcə də, yeni iş yerlərinin
yaradılmasını, kənd təsərrüfatının inkişaf etməsini, tikinti-quruculuq
işlərinin geniş vüsət almasını bunun əyani sübutu olduğunu qeyd edib. Rayonda görülən
genişmiqyaslı işlərdən, istər kənd təsərrüfatı sahəsində, istərsə də
vətəndaşların sosial təminatının yaxşılaşdırılması istiqamətində həyata
keçirilən məqsədyönlü tədbirlərdən söz açıb. Digər kəndlərlə yanaşı, sərhəddə
yerləşən kəndlərin, o cümlədən də Məzəm və Quşçu Ayrım kəndlərində daha çox
diqqət və qayğıya ehtiyac olduğunu bildirib. Respublika Prezidenti İlham
Əliyevin sərhəd bölgəsində yaşayan sakinlərə olan qayğısından danışan rayon
rəhbəri bu qayğının bundan sonra da davam etdiriləcəyini qeyd edib. Şəhid ailələrinə, Qarabağ Müharibəsi əlillərinə, veteranlarına göstərilən
diqqət və qayğıdan danışan rayon rəhbəri bu gün 168 km məsafədə düşmənlə
sərhəddi olan Qazax rayonunun da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda
285 şəhid verdiyini, 7 nəfər igid oğlunun Azərbaycanın Milli Qəhrəmanı adına
layiq görüldüyünü bildirib. Vətən fədailərinin əziz xatirəsinin rayonda
hər zaman uca zirvədə tutulduğunu, Vətən sevgisinin, vətənpərvərlik duyğusunun,
şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə
olduğunu qeyd edən rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən bu sahəyə
xüsusi diqqət ayırdığını bildirib. Şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə
yanaşılmasını, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə
ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasının,
yenilənməsinin, əsaslı şəkildə təmir edilməsinin bunun bariz nümunəsi olduğunu
çatdırıb. Şəhərin mərkəzində şəhidlərimizin əziz xatirəsinə yaradılmış Şəhidlər
Xiyabanının bütün şəhidlərimizə verilən ən yüksək qiymət olduğunu bildirib. İcra başçısı bildirib ki, əvvəllər yol, işıq, istinad divarlarının
çəkilməsində problem vardısa, bu gün həmin qayğılar arxada qalıb. Həlli mümkün
olan nə varsa, edirik ki, sakinlərin rahatlığı təmin olunsun. Məzəm kəndində
çəkilən istinad divarlarından söz açan icra başçısı ötən il kənddə 21 evin
qarşısına 1381 p/m uzunluğunda, bu il isə 12 evin qarşısına 244 p/m uzunluğu və
3 metr hündürlüyü olan istinad divarlarının çəkilməsini qeyd edib. Bildirib ki,
bu müdafiə hasarları sayəsində kənd sakinləri öz həyətlərində qorxusuz hərəkət
edirlər. Bu divarlar kənd sakinlərini düşmənin atdığı güllələrdən qoruyur. Daha
yaşlı adamlarla yanaşı, uşaqlar da öz evlərində rahat yaşaya bilirlər. Rayon
rəhbəri vətəndaşların xahişini nəzərə alaraq daha 5 evin qarşısına 88 p/m
uzunluğunda istinad divarının çəkiləcəyini qeyd edib. Məzəm kənd sakinlərindən Sabir Məmmədov, Cəbrayıl Osmanov, Məmməd Əliyev,
Bəhruz Süleymanov, Amil Əliyev, Məqsəd Məmmədov, İlqar Məmmədov, Süleyman
Süleymanov, Asif Hüseynov, görüşdə iştirak edən Quşçu Ayrım kənd sakinlərindən
Dürrə Allahverdiyeva, Rahilə İsmayılova, Mirzə İsmayılov və başqaları çıxış
edərək bildiriblər ki, rəhbər kimi təyin olunduğunuz ilk gündən biz sakinlər
sizin qayğınızı hiss edirik. Sizin mütəmadi olaraq səyyar görüşlər keçirməyiniz,
hər bir sakinin qayğısı ilə öz qayğınız kimi yaxından maraqlanmağınız sakinlər
tərəfindən həmişə yüksək qiymətləndirilir. Siz biz sadə kəndlilər üçün elə bir
şərait yaratmısınız ki, ürək sözlərimizi, istəklərimizi çatdırmaqda çəkinmirik.
Narahat edən məsələlərimizi söylədiyimiz andan etibarən siz onun həlli
istiqamətində mümkün olan nə varsa edirsiniz. Sərhəddə yaşayan sakinlərin
təhlükəsizliyinin təmin olunması üçün kənddə evlərin qarşısına istinad
divarlarını çəkdirməyiniz isə bu diqqət və qayğının daha bir bariz nümunəsidir.
Bu gün hər bir məzəmli öz evində rahat şəkildə yaşaya bilirsə bu, dövlətin və
dövlət başçısının bizlərə olan qayğısı sayəsindədir. Biz sakinlər həmin diqqəti
sizin kimi rəhbərin simasında 2 il 4 aydır ki, hiss edirik, əməli işlərinizdə
görürük. Sakinlər respublikamızda, xüsusilə də sərhəddə yerləşən kəndlərdə görülən
genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə bütün kənd
sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Ötən 2 il 4 ay ərzində
Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə
qarşıladıqlarını çatdırıblar. Çıxış edənlər qeyd ediblər ki, biz
sakinlər bilirik ki, bizim istəklərimizi ölkə başçısına çatdıran rəhbərimiz
var. Biz də bir vətəndaş olaraq, ən əsası da sərhəddə yaşayan kənd camaatı
olaraq bundan sonra da çalışacağıq ki, dövlətimizə və dövlət başçımıza sadiq
olaq. Sakinlər tərəfindən səsləndirilən kənddə suvarma suyu və içməli su ilə
bağlı müraciətləri diqqətlə dinləyən rayon rəhbəri mövcud vəziyyətin həll olunacağını,
mümkün olan nə varsa ediləcəyini bildirib. Bununla bağlı yerində baxış
keçirilməsi, ətraflı şəkildə araşdırılması və həlli istiqamətində əməli işlərin
görülməsi barədə aidiyyəti üzrə tapşırıq verib. İcra başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bildirib ki, ölkə başçısı
İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi
həmin təməl üzərində quraraq uğurla həyata keçiririk və bugünkü görüş də bunun
bariz nümunəsidir. Səmimi söhbət əsasında keçən görüş başa çatdıqdan sonra icra başçısı Quşçu
Ayrım kəndində olub. Burada yaşayan sakinlərin qayğıları ilə maraqlanıb. Ötən
həftə sakinlər tərəfindən qaldırılan məsələlərlə bağlı görülən işlərlə tanış
olub. Sakinlərdən Misir Dünyamalıyev, Cavid Mirzəyev, Yusif Yolçuyev çıxış
edərək kənddə yolun xırlanmasına, SİP kabelin çəkilişinə görə öz dərin
minnətdarlıqlarını bildiriblər. GOYEZEN.AZ
Facebook-da paylaş