Əsas Səhifə > Manşet / Rəsmi > Sərhəd kəndi olan Məzəmdə sakinlərlə səyyar görüş keçirilib

Sərhəd kəndi olan Məzəmdə sakinlərlə səyyar görüş keçirilib


20-09-2018, 22:06


Bu gün Respublika Prezidenti İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazax rayonunda olduğu kimi icra olunur. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun son 2 il 4 ay ərzində istər şəhərdə, istərsə də kəndlərdə keçirdiyi səyyar görüşlərdə sakinlər tərəfindən səslənən fikirlər bunu söyləməyə əsas verir.  Keçirilən hər bir görüşdə icra başçısının vətəndaş amilini, mövqeyini hər şeydən üstün tutması, əhalini narahat edən problemləri onların dilindən eşitmək məqsədilə mütəmadi olaraq xalqın arasında olması ölkə başçısının uğurla yürütdüyü siyasətin bölgələrimizdə, o cümlədən də Qazaxda olduğu kimi icra olunmasının əyani sübutudur. Məhz keçirilən səyyar görüşlər zamanı mövcud çatışmazlıqların yerindəcə öyrənilərək həlli istiqamətində lazımi tapşırıqlar verilməsinin, yüksək diqqət və qayğı göstərilməsinin nəticəsidir ki, bu gün xalqla rayon rəhbərliyi arasında səmimi bir münasibət yaranıb. Bu görüşlərdən ruhlanan hər bir kənd sakini öz qayğılarını çəkinmədən söyləyə bilirlər.

Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən düşmənlə sərhəddə yerləşən kəndləri və orada yaşayan sakinləri də daim diqqət mərkəzində saxlayır. İcra başçısının sərhəd bölgəsində yerləşən, müntəzəm olaraq düşmən atəşi altında olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli, Bala Cəfərli kəndlərində yaşayan kənd camaatına qayğı ilə yanaşması, qarşılaşdıqları problem və çatışmazlıqları yerindəcə həll etməsi, ən əsası da onlarla mütəmadi olaraq görüşlər keçirməsi bunu bir daha sübut edir. Bu qayğının nəticəsidir ki, sakinlərin istər yaşayış şəraitlərinin yaxşılaşdırılması, istərsə də təhlükəsizliklərinin təmin olunması istiqamətində əhəmiyyətli işlər görülür. Bu gün Məzəmlilər, Quşçu Ayrımlılar, Fərəhlilər çəkinmədən öz rəhbərlərinə üz tuturlar, ona inanırlar. 


İcra başçısı bu gün də Məzəm və Quşçu Ayrım kəndlərində olub, sakinləri narahat edən məsələləri dinləyib. Həmişə olduğu kimi, bu görüşdə də kənd sakinləri rayon rəhbərini böyük səmimiyyətlə qarşılayıblar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək bildirib ki, bu ilin proqramına uyğun olaraq dördüncü dəfədir ki, sizlərlə belə səyyar şəkildə görüşürük. Bildiyiniz kimi, belə səyyar görüşlər keçirməyimin əsas məqsədi kənddəki mövcud vəziyyəti öyrənmək, siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Qeyd edib ki, ölkə başçısının hər dəfə çıxışları zamanı söylədiyi "Xalqa xidmət göstərilməlidir” cümləsi bu gün dövlətimizin siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilinin Qazax rayonunda olduğu kimi icra edilməsinin nəticəsidir ki, rayonumuzda bütün sahələr inkişaf edir. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işləri, istifadəyə verilən sosial obyektləri, eləcə də, yeni iş yerlərinin yaradılmasını, kənd təsərrüfatının inkişaf etməsini, tikinti-quruculuq işlərinin geniş vüsət almasını bunun əyani sübutu olduğunu qeyd edib.


Rayonda görülən genişmiqyaslı işlərdən, istər kənd təsərrüfatı sahəsində, istərsə də vətəndaşların sosial təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən söz açıb. Digər kəndlərlə yanaşı, sərhəddə yerləşən kəndlərin, o cümlədən də Məzəm və Quşçu Ayrım kəndlərində daha çox diqqət və qayğıya ehtiyac olduğunu bildirib. Respublika Prezidenti İlham Əliyevin sərhəd bölgəsində yaşayan sakinlərə olan qayğısından danışan rayon rəhbəri bu qayğının bundan sonra da davam etdiriləcəyini qeyd edib.

Şəhid ailələrinə, Qarabağ Müharibəsi əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri bu gün 168 km məsafədə düşmənlə sərhəddi olan Qazax rayonunun da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 285 şəhid verdiyini, 7 nəfər igid oğlunun Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü bildirib. Vətən fədailərinin əziz xatirəsinin rayonda hər zaman uca zirvədə tutulduğunu, Vətən sevgisinin, vətənpərvərlik duyğusunun, şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə olduğunu qeyd edən rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən bu sahəyə xüsusi diqqət ayırdığını bildirib. Şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşılmasını, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasının, yenilənməsinin, əsaslı şəkildə təmir edilməsinin bunun bariz nümunəsi olduğunu çatdırıb. Şəhərin mərkəzində şəhidlərimizin əziz xatirəsinə yaradılmış Şəhidlər Xiyabanının bütün şəhidlərimizə verilən ən yüksək qiymət olduğunu bildirib.

 

İcra başçısı bildirib ki, əvvəllər yol, işıq, istinad divarlarının çəkilməsində problem vardısa, bu gün həmin qayğılar arxada qalıb. Həlli mümkün olan nə varsa, edirik ki, sakinlərin rahatlığı təmin olunsun.

Məzəm kəndində çəkilən istinad divarlarından söz açan icra başçısı ötən il kənddə 21 evin qarşısına 1381 p/m uzunluğunda, bu il isə 12 evin qarşısına 244 p/m uzunluğu və 3 metr hündürlüyü olan istinad divarlarının çəkilməsini qeyd edib. Bildirib ki, bu müdafiə hasarları sayəsində kənd sakinləri öz həyətlərində qorxusuz hərəkət edirlər. Bu divarlar kənd sakinlərini düşmənin atdığı güllələrdən qoruyur. Daha yaşlı adamlarla yanaşı, uşaqlar da öz evlərində rahat yaşaya bilirlər. Rayon rəhbəri vətəndaşların xahişini nəzərə alaraq daha 5 evin qarşısına 88 p/m uzunluğunda istinad divarının çəkiləcəyini qeyd edib.

Məzəm kənd sakinlərindən Sabir Məmmədov, Cəbrayıl Osmanov, Məmməd Əliyev, Bəhruz Süleymanov, Amil Əliyev, Məqsəd Məmmədov, İlqar Məmmədov, Süleyman Süleymanov, Asif Hüseynov, görüşdə iştirak edən Quşçu Ayrım kənd sakinlərindən Dürrə Allahverdiyeva, Rahilə İsmayılova, Mirzə İsmayılov və başqaları çıxış edərək bildiriblər ki, rəhbər kimi təyin olunduğunuz ilk gündən biz sakinlər sizin qayğınızı hiss edirik. Sizin mütəmadi olaraq səyyar görüşlər keçirməyiniz, hər bir sakinin qayğısı ilə öz qayğınız kimi yaxından maraqlanmağınız sakinlər tərəfindən həmişə yüksək qiymətləndirilir. Siz biz sadə kəndlilər üçün elə bir şərait yaratmısınız ki, ürək sözlərimizi, istəklərimizi çatdırmaqda çəkinmirik. Narahat edən məsələlərimizi söylədiyimiz andan etibarən siz onun həlli istiqamətində mümkün olan nə varsa edirsiniz. Sərhəddə yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması üçün kənddə evlərin qarşısına istinad divarlarını çəkdirməyiniz isə bu diqqət və qayğının daha bir bariz nümunəsidir. Bu gün hər bir məzəmli öz evində rahat şəkildə yaşaya bilirsə bu, dövlətin və dövlət başçısının bizlərə olan qayğısı sayəsindədir. Biz sakinlər həmin diqqəti sizin kimi rəhbərin simasında 2 il 4 aydır ki, hiss edirik, əməli işlərinizdə görürük.


Sakinlər respublikamızda, xüsusilə də sərhəddə yerləşən kəndlərdə görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Ötən 2 il 4 ay ərzində Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə qarşıladıqlarını çatdırıblar.  Çıxış edənlər qeyd ediblər ki, biz sakinlər bilirik ki, bizim istəklərimizi ölkə başçısına çatdıran rəhbərimiz var. Biz də bir vətəndaş olaraq, ən əsası da sərhəddə yaşayan kənd camaatı olaraq bundan sonra da çalışacağıq ki, dövlətimizə və dövlət başçımıza sadiq olaq.

Sakinlər tərəfindən səsləndirilən kənddə suvarma suyu və içməli su ilə bağlı müraciətləri diqqətlə dinləyən rayon rəhbəri mövcud vəziyyətin həll olunacağını, mümkün olan nə varsa ediləcəyini bildirib. Bununla bağlı yerində baxış keçirilməsi, ətraflı şəkildə araşdırılması və həlli istiqamətində əməli işlərin görülməsi barədə aidiyyəti üzrə tapşırıq verib.


İcra başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bildirib ki, ölkə başçısı İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin təməl üzərində quraraq uğurla həyata keçiririk və bugünkü görüş də bunun bariz nümunəsidir.

Səmimi söhbət əsasında keçən görüş başa çatdıqdan sonra icra başçısı Quşçu Ayrım kəndində olub. Burada yaşayan sakinlərin qayğıları ilə maraqlanıb. Ötən həftə sakinlər tərəfindən qaldırılan məsələlərlə bağlı görülən işlərlə tanış olub. Sakinlərdən Misir Dünyamalıyev, Cavid Mirzəyev, Yusif Yolçuyev çıxış edərək kənddə yolun xırlanmasına, SİP kabelin çəkilişinə görə öz dərin minnətdarlıqlarını bildiriblər.













GOYEZEN.AZ

 


Geri qayıt