• Təqvim

  • Maraq



İcra başçısı arxlarda aparılan təmizlik işləri ilə tanış olub


Bu gün Azərbaycan bir çox sahələr üzrə güclü dövlət kimi tanınır. Hər bir ölkənin isə inkişaf dinamikasını şərtləndirən, istiqamət verən sahələri vardır ki, onlardan biri də kənd təsərrüfatı sahəsidir. Çünki bu sahə etibarlı ərzaq təminatı baxımından da ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Kənd təsərrüfatının ölkə iqtisadiyyatında neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmasını nəzərə alsaq bu sahə yeni iş yerləri ilə təminatda da böyük əhəmiyyət kəsb edir.

Son illər Azərbaycan iqtisadiyyatının ayrılmaz hissəsi olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilir və bu proses davam etməkdədir. Respublika Prezidenti İlham Əliyev kənd təsərrüfatının iqtisadiyyatın çox böyük potensiala malik sektor olduğunu nəzərə alaraq ölkəmizdə bu sahənin inkişaf etdirilməsi istiqamətində mühüm işlər görür. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindən biri də regionların inkişafı strategiyasının həyata keçirilməsidir. Bu baxımdan qəbul edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” xüsusi önəm daşıyır və bu proqrama əsasən digər böyük layihələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına şərait yaradır.

Kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü islahatlar Qazax rayonunda da uğurla davam etdirilir. Bu gün rayonda kənd təsərrüfatında olan bu uğuru ildən-ilə artan əkin sahələrinin hektarından da aydın şəkildə görmək olar. Belə ki, 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır.

İldən-ilə artan əkin sahələrinin genişləndirilməsinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri də bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır.

Artıq son iki il yarımdır ki, rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən bu sahəni də daim diqqət mərkəzində saxlayır. İcra başçısının tapşırığına əsasən hər il rayonda olan suvarma arx və kanallarının təmir olunması, kol-kosdan və lildən təmizlənməsi bu istiqamətdə görülən məqsədyönlü işlərdir.

Bu məqsədlə 2017-ci ildə 269,71 km arx və kanalların təmizlənməsi nəzərdə tutulduğu halda 274,78 km məsafədə təmizlənmə işinin aparılması, 2018-ci ildə də 261,19 km məsafəyə qarşı 302,44 km arx və kanallarda təmizlik işləri görülməsi bu dediklərimizin əyani sübutudur. 2019-cu ildə də 266,58 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulmuşdur. Bunun da 140,13 km-i əl əməyi, 126,45 km-i isə texnika vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Lakin əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də bu rəqəmin artacağı gözlənilir.

Payızlıq əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması məqsədilə suvarma arx və kanallarının təmizlənməsi bütün kəndlər üzrə uğurla davam etdirilir. Belə ki, bu gün ümumi rayon üzrə təmizlənməsi nəzərdə tutulan 266,58 km-in 123,92 km-i təmizlənib. Bunun da 76,89 km-i əl əməyi, 47,03 km-i isə texnika vasitəsilə həyata keçirilib.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Hüseynbəyli, Kosalar  Qazaxbəyli kəndlərində olub, arxlarda aparılan təmizlik işləri ilə yaxından maraqlanıb.

Kosalar kəndi üzrə 24,80 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Qeyd olunan məsafədən 18,00 km-i əl əməyi, 6,80 km-i isə texnika vasitəsilə təmizlənir. Bu günə kimi isə 11,59 km arx təmizlənib ki, bunun da 7,54 km-i texnika vasitəsilə, 4,05 km-i isə əl əməyi ilə həyata keçirilib.

Hüseynbəyli kəndində arxlarda aparılan təmizlik işləri ilə tanış olan rayon rəhbərinə bildirilib ki, kəndlilərin də yaxından iştirak etdiyi bu təmizlik işlərində əkin sahələrinin bol suvarma suyu ilə təmin olunması üçün indidən lazımi hazırlıq tədbirləri görülür. Digər kəndlərdə olduğu kimi, bu kənddə də arxlar alaq otlardan, lildən təmizlənir. 6,10 km məsafədə təmizlik işlərinin aparılması nəzərdə tutulub. 2,40 km-i texnika, 3,70 km-i əl əməyi ilə olmaqla həyata keçirilən işlərə ilk gündən sürətlə start verilib. Bu günə kimi 3,11 km təmizlənib ki, bunun da 1,25 km-i texnika, 1,86 km-i isə əl əməyi ilə aparılıb.

Qazaxbəyli  kəndində də arx və kanallarda aparılan təmizlik işlərinə böyük sürətlə start verilib. Təmizlənməsi nəzərdə tutulan 11,10 km məsafənin 3,80 km-i texnika, 7,30 km-i isə əl əməyi ilə görülür. Görülən işlərlə tanış olan rayon rəhbərinə bildirilib ki, bu günə kimi 3,23 km artıq təmizlənib. Əl əməyi ilə 2,83 km, texnika ilə 0,40 km arx və kanal kol-kosdan və lildən təmizlənib.

Kəndlərdə arxlarda görülən işlərlə tanış olan rayon rəhbəri işlərin daha da sürətləndirilməsini və təmizlik işlərinin keyfiyyətlə aparılmasını bildirib. Bəzi tapşırıq və tövsiyələrini verib. İşlərdə yaxından iştirak edən kənd sakinləri ilə söhbət aparıb, onların fikirlərini dinləyib.

Kənd sakinləri bildiriblər ki, hər il arx və kanallarda həyata keçirilən bu ümumrayon işi Qazaxda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində atılan uğurlu addımlardan biridir. Məhz bu işlərin nəticəsidir ki, əkin sahələrinin hektarı ildən-ilə artır, kəndli daha çox əkib-becərməyə can atır. Çıxış edənlər qeyd ediblər ki, ötən il aparılan təmizlik işlərinin nəticəsidir ki, builki işlər daha rahat şəkildə həyata keçirilir.

Görülən bu işlər nəticəsində suyun ötürücülük gücünün artdığını, həm də su itkisinin qarşısının alındığını qeyd edən sakinlər istər ötən il, istərsə də bu ilin yazında aparılan bu təmizlik işlərini kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndiriblər.

Bütün kəndlərdə kəndlilər və təsərrüfatla məşğul olan insanlar payızlıq əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması məqsədilə görülən bu işlərə görə rayon rəhbərliyinə minnətdarlıq ediblər. İcra başçısının onlarla görüşməsini, işlərlə yaxından tanış olmasını rayonda kənd təsərrüfatının inkişafına, xüsusilə də sadə kəndlilərə olan diqqət və qayğı kimi qiymətləndiriblər.

Qazaxbəyli kəndi














Kosalar kəndi











Hüseynbəyli kəndi


























GOYEZEN.AZ



Facebook-da paylaş