Bu gün Azərbaycan bir çox sahələr üzrə güclü dövlət kimi tanınır. Hər bir ölkənin isə
inkişaf dinamikasını şərtləndirən, istiqamət verən sahələri vardır ki, onlardan
biri də kənd təsərrüfatı sahəsidir. Çünki bu sahə etibarlı ərzaq təminatı
baxımından da ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca
şərtidir. Kənd təsərrüfatının ölkə iqtisadiyyatında neft və tikinti
sahələrindən sonra üçüncü ən iri sahə olmasını nəzərə alsaq bu sahə yeni iş
yerləri ilə təminatda da böyük əhəmiyyət kəsb edir.
Son illər Azərbaycan
iqtisadiyyatının ayrılmaz hissəsi olan kənd təsərrüfatı sürətlə inkişaf edir.
Regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının
inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilir və bu
proses davam etməkdədir. Respublika Prezidenti İlham Əliyev kənd təsərrüfatının
iqtisadiyyatın çox böyük potensiala malik sektor olduğunu nəzərə alaraq
ölkəmizdə bu sahənin inkişaf etdirilməsi istiqamətində mühüm işlər görür. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindən biri də
regionların inkişafı strategiyasının həyata keçirilməsidir. Bu baxımdan qəbul
edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı” xüsusi önəm daşıyır və bu proqrama
əsasən digər böyük layihələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına
şərait yaradır.
Kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən
məqsədyönlü islahatlar Qazax rayonunda da uğurla davam etdirilir. Bu gün
rayonda kənd təsərrüfatında olan bu uğuru ildən-ilə artan əkin sahələrinin
hektarından da aydın şəkildə görmək olar. Belə ki, 2016-cı ildə 16520,6
hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin
aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77
hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar
olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə
tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3
hektar artırılaraq ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır.
İldən-ilə artan əkin sahələrinin genişləndirilməsinin, xüsusilə də
məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri də bitkilərin
vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır.
Artıq son iki il yarımdır ki, rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən
bu sahəni də daim diqqət mərkəzində saxlayır. İcra başçısının tapşırığına
əsasən hər il rayonda olan suvarma arx və kanallarının təmir olunması,
kol-kosdan və lildən təmizlənməsi bu istiqamətdə görülən məqsədyönlü işlərdir.
Bu məqsədlə 2017-ci ildə 269,71 km arx və kanalların təmizlənməsi nəzərdə
tutulduğu halda 274,78 km məsafədə təmizlənmə işinin aparılması, 2018-ci
ildə də 261,19 km məsafəyə qarşı 302,44 km arx və kanallarda təmizlik işləri
görülməsi bu dediklərimizin əyani sübutudur. 2019-cu ildə də 266,58 km məsafədə
arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulmuşdur. Bunun
da 140,13 km-i əl əməyi, 126,45 km-i isə texnika vasitəsilə həyata keçirilməsi
planlaşdırılır. Lakin əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də bu
rəqəmin artacağı gözlənilir.
Payızlıq əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu
ilə yüksək səviyyədə təmin olunması məqsədilə suvarma arx və kanallarının
təmizlənməsi bütün kəndlər üzrə uğurla davam etdirilir. Belə ki, bu gün ümumi
rayon üzrə təmizlənməsi nəzərdə tutulan 266,58 km-in 123,92 km-i
təmizlənib. Bunun da 76,89 km-i əl əməyi, 47,03 km-i isə texnika
vasitəsilə həyata keçirilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Hüseynbəyli, Kosalar və Qazaxbəyli kəndlərində olub, arxlarda
aparılan təmizlik işləri ilə yaxından maraqlanıb.
Kosalar kəndi üzrə 24,80 km məsafədə
arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Qeyd olunan məsafədən
18,00 km-i əl əməyi, 6,80 km-i isə texnika vasitəsilə təmizlənir. Bu günə kimi
isə 11,59 km arx təmizlənib ki, bunun da 7,54 km-i texnika vasitəsilə, 4,05
km-i isə əl əməyi ilə həyata keçirilib.
Hüseynbəyli kəndində arxlarda aparılan təmizlik
işləri ilə tanış olan rayon rəhbərinə bildirilib ki, kəndlilərin də yaxından
iştirak etdiyi bu təmizlik işlərində əkin sahələrinin bol suvarma suyu ilə təmin
olunması üçün indidən lazımi hazırlıq tədbirləri görülür. Digər kəndlərdə
olduğu kimi, bu kənddə də arxlar alaq otlardan, lildən təmizlənir. 6,10 km məsafədə
təmizlik işlərinin aparılması nəzərdə tutulub. 2,40 km-i texnika, 3,70 km-i əl əməyi
ilə olmaqla həyata keçirilən işlərə ilk gündən sürətlə start verilib. Bu günə
kimi 3,11 km təmizlənib ki, bunun da 1,25 km-i texnika, 1,86 km-i isə əl əməyi
ilə aparılıb.
Qazaxbəyli kəndində də arx və kanallarda
aparılan təmizlik işlərinə böyük sürətlə start verilib. Təmizlənməsi nəzərdə
tutulan 11,10 km məsafənin 3,80 km-i texnika, 7,30 km-i isə əl əməyi ilə
görülür. Görülən işlərlə tanış olan rayon rəhbərinə bildirilib ki, bu günə kimi
3,23 km artıq təmizlənib. Əl əməyi ilə 2,83 km, texnika ilə 0,40 km arx və
kanal kol-kosdan və lildən təmizlənib.
Kəndlərdə arxlarda görülən işlərlə tanış olan rayon rəhbəri işlərin daha da
sürətləndirilməsini və təmizlik işlərinin keyfiyyətlə aparılmasını bildirib.
Bəzi tapşırıq və tövsiyələrini verib. İşlərdə yaxından iştirak edən kənd
sakinləri ilə söhbət aparıb, onların fikirlərini dinləyib.
Kənd sakinləri bildiriblər ki, hər il arx
və kanallarda həyata keçirilən bu ümumrayon işi Qazaxda kənd təsərrüfatının
inkişaf etdirilməsi istiqamətində atılan uğurlu addımlardan biridir. Məhz bu
işlərin nəticəsidir ki, əkin sahələrinin hektarı ildən-ilə artır, kəndli daha
çox əkib-becərməyə can atır. Çıxış edənlər qeyd ediblər ki, ötən il aparılan
təmizlik işlərinin nəticəsidir ki, builki işlər daha rahat şəkildə həyata
keçirilir.
Görülən bu işlər nəticəsində suyun ötürücülük gücünün artdığını, həm də su
itkisinin qarşısının alındığını qeyd edən sakinlər istər ötən il, istərsə də bu
ilin yazında aparılan bu təmizlik işlərini kənd təsərrüfatının inkişaf
etdirilməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndiriblər.
Bütün kəndlərdə kəndlilər və təsərrüfatla məşğul olan insanlar payızlıq
əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin
olunması məqsədilə görülən bu işlərə görə rayon rəhbərliyinə minnətdarlıq
ediblər. İcra başçısının onlarla görüşməsini, işlərlə yaxından tanış olmasını
rayonda kənd təsərrüfatının inkişafına, xüsusilə də sadə kəndlilərə olan diqqət
və qayğı kimi qiymətləndiriblər.
Qazaxbəyli kəndi
Kosalar kəndi
Hüseynbəyli kəndi
Geri qayıt
|