6 saylı körpələr evi-uşaq bağçasında son tamamlanma işləri görülür
Azərbaycanda
uşaqların sağlam və gümrah böyümələri, onların Vətənə layiqli övlad kimi
yetişməsi, mükəmməl təhsil almaları dövlətin daim diqqət mərkəzində saxladığı
sahələrdən biridir. Ulu öndər Heydər Əliyevin uşaqlar haqqında söylədiyi
"Uşaqlar bizim gələcəyimizdir” kimi dəyərli fikirlərə əsaslanaraq bu gün
ölkəmizdə körpə fidanların sağlamlığı, təhsili, ən əsası da xoşbəxt gələcəyi
üçün mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilir. Müstəqil Azərbaycanı
gələcəkdə də yaşadacaq və möhkəmləndirəcək uşaqların, xüsusilə də gənc nəslin
formalaşması üçün bu gün də məqsədyönlü işlər görülür. Ulu öndərin ənənələrinə
sadiq qalan, dahi şəxsiyyətin siyasi kursunu layiqincə davam edirən Prezident
İlham Əliyevin uşaqlara göstərdiyi diqqət və qayğı göz qabağındadır. Bunu
uşaqların sağlam böyümələri, hərtərəfli inkişaf etmələri üçün ölkə başçısı
tərəfindən imzalanan mühüm qərar və sərəncamların, Heydər Əliyev Fondu
tərəfindən məktəblərin, uşaq evlərinin, bağçaların inşa olunmasının bu gün də
davam etdirilməsindən aydın şəkildə görmək olar. Ölkə başçısının Sərəncamı ilə
məhz 2009-cu ilin "Uşaq ili” elan olunması ölkəmizdə uşaqların sosial-rifah
halının daha da yaxşılaşdırılması məqsədini daşıyırdı. Bu gün
sevindirici haldır ki, ölkə başçısı İlham Əliyev
tərəfindən regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzalanan 12
fevral 2018-ci il tarixli Sərəncamı Qazaxda da olduğu kimi icra olunur.Belə ki, rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq, abadlıq işlərinin
siyahısında bağçaların tikintisinə və yaxud da əsaslı şəkildə yenidən
qurulmasına da rast gəlinir. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk andan daim
diqqət mərkəzində saxladığı sahələrdən biri də gələcəyimiz olan
körpələrimizdir. Rayon rəhbərinin təyin olunduğu
ilk gündən uşaqların yaxşı şəraitdə təlim-tərbiyə almaları
istiqamətində gördüyü məqsədyönlü işlər bunun bariz nümunəsidir. Son iki il
yarım ərzində icra başçısının yeni uşaq bağçalarının tikilməsi və yaxud da
əsaslı şəkildə yenidən qurulması istiqamətində həyata keçirdiyi həmin işlərin
nəticəsidir ki, bu gün Qazax rayonunda olan 25 bağçadan 16-sı müasir standartlara cavab verən səviyyədədir. Rayonda
olan həmin təmirli şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd bağçalarından
Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə
yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3
saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım
və Bala Cəfərli kənd uşaq bağçaları, İkinci Şıxlı kənd 2 saylı körpələr
evi-uşaq bağçası bu istiqamətdə görülən işlərin əyani sübutudur. Tələbata cavab
verməyən bağça binalarının əsaslı şəkildə təmir olunaraq yenidən
qurulması, müasir inventar və avadanlıqlarla təchiz edilməsi bu gün də
uğurla davam etdirilir. Şəhərdə
yerləşən və yararsız vəziyyətdə fəaliyyət göstərən 6 saylı körpələr evi-uşaq
bağçası da əsaslı şəkildə yenidən qurulur. 3 aydan artıqdır ki, bununla bağlı
bağça binası boşaldılıb və uşaqlar başqa ünvanda yerləşdirilib. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əsaslı şəkildə
yenidən qurulan 6 saylı körpələr evi-uşaq bağçasında görülən son
tamamlanma işləri ilə tanış olub. İş icraçısı Lətif Həsənov rayon rəhbərliyinə görülən
işlər barədə məlumat verərək bildirib ki, binanın daxilində və həyətində
tikinti işləri paralel şəkildə aparılır. Həyətə tamet döşənib, bağçanın
kənarına hasar çəkilməsi işi başa çatıb, suvaq vurulur. Binanın xarici
fasadında isə rənglənmə işlərinə başlanılıb. Eyni zamanda, bağçanın həyətində
gözətçi otağı tikilir ki, burada da əsas işlər görülüb. Hörgü və suvaq işi başa
çatıb, qapı və pəncərə qoyulub, tavana alçipan vurulub, döşəməyə tamet döşənib.
Hazırda otaqda üzlük vurulması işi aparılır ki, o da başa çatmaq üzrədir. İş icraçısı
qeyd edib ki, binanın dam örtüyü, xarici fasadında suvağın vurulması, bütün
otaqlarda döşəmədə lazım olan hissələrə beton tökülməsi, tavanlara
alçipanların, divarlara alt hissənin və ikinci qat üzlüyün vurulması işləri tam
başa çatıb. Bundan başqa, otaqlara qapı və pəncərələr qoyulub. İstilik
sisteminin və elektrik xətlərinin çəkilməsi yekunlaşmaq üzrədir. Görülən işlərlə
tanış olan rayon rəhbəri işlərin sürətlə və keyfiyyətlə aparılmasını bildirib,
bəzi tapşırıq və tövsiyələrini verib. Rayon rəhbəri
görülən işlərlə tanış olduqdan sonra 6 saylı körpələr evi-uşaq bağçasının
müvəqqəti olaraq yerləşdiyi binada olub, buradakı şəraitlə də maraqlanıb. Bu gün icra başçısı
daha bir bağçada - şəhər 5 saylı körpələr evi-uşaq bağçasında körpələr üçün yaradılan
şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatı və
bişirilən yeməklərin keyfiyyəti ilə maraqlanıb. Yataq otaqlarına, mətbəxə, oyun
otaqlarına, musiqi otağına baxıb. Lazımi tapşırıq və tövsiyələrini verib.
Bağça müdiri və
işçilər ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı
göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə kollektiv
adından öz dərin minnətdarlıqlarını bildiriblər.
Rəhbər kimi
təyin olunduğu ilk gündən körpə balaların daha yaxşı şəraitdə təlim-tərbiyə almaları
üçün göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini
çatdırıblar. Bağçada uşaqların yüksək şəraitdə tərbiyə almaları üçün lazım olan
bütün infrastrukturların yaradıldığını qeyd ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş