Qazaxda 12 Noyabr - Konstitusiya Günü qeyd olunub
"Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması,
demokratik, vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsaslar yaradıbdır,
bütün təminatları veribdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın
bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi,
demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını
təmin etməkdən ibarətdir”. Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev Azərbaycan dövlətçiliyi və xalqı üçün
müstəsna əhəmiyyətə malik tarixi hadisənin növbəti ildönümünü qeyd edirik. Belə
ki, müstəqil Azərbaycanın
ilk Konstitusiyasının qəbul edilməsindən 23 il ötür. Respublikamızın
hər yerində olduğu kimi, Qazaxda da 12 Noyabr - Konstitusiya Günü münasibətilə
tədbir keçirilib. Qazax
Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə Aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, RİHB-nin İƏD-si üzrə nümayəndələri, məktəb direktorları, bağça müdirləri, KİV nümayəndələri işirak edib.
Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq xalqımızı
və tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Bildirib ki, ulu öndər
Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə qəbul olunmuş
Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumillikdə isə respublikanın dördüncü
Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti
dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Azərbaycanın Konstitusiya
quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk
Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında
qəbul olunmuşdur. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına
uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan
Sovetlər Qurultayında qəbul edilmişdir. Azərbaycan SSRİ-in 1978-ci ilin aprelin
21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ
Konstitusiyasına uyğunlaşdırılmışdır. Azərbaycan müstəqillik əldə etdikdən
sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxdı. Ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: "Biz
elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki,
o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət
sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü
– ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə
söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”. 1995-ci ilin mayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə
Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı bitkin, əhatəli
Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi.
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də
ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi
və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Əsas
Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi. İlk Konstitusiyanın milli dövlətçilik
tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana
əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. Azərbaycan
Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun
müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın
– konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın
dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi. Bu müddəaya əsasən,
1997-ci il oktyabrın 21-də "Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu qəbul edildi. 1998-ci il iyulun 14-də Milli Məclisin Qərarı
ilə Konstitusiya Məhkəməsinin 7 hakimi təyin olundu. İyulun 18-də isə ulu öndər
Heydər Əliyev Konstitusiya Məhkəməsinin müstəqilliyinin və hakimlərinin hüquqi
statusunun təmin edilməsi barədə Fərman imzaladı. Bununla da Konstitusiya Məhkəməsi
rəsmən fəaliyyətə başladı. Doqquz hakimdən ibarət bu qurum qanunların
Konstitusiyaya uyğunluğunu yoxlamaqla, qanunlara şərh verməklə, prezident və
parlament seçkilərinin nəticələrini təsdiqləməklə, hətta vətəndaşların birbaşa
müraciəti əsasında müvafiq qərarlar qəbul etməklə bütövlükdə, Konstitusiyanın
aliliyini qoruyur. Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını
təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir.
Konstitusiya əsas qanun kimi uzun müddət qüvvədə olması nəzərdə tutulan, hüquqi
xüsusiyyəti və məzmun sabitliyi ilə səciyyələnən normativ hüquqi aktdır. Azərbaycan
Respublikası Konstitusiyasının mətnində dəyişikliklər yalnız referendumla edilə
bilər.
2002-ci ilin avqust ayının 24-də referendum yolu ilə
Konstitusiyanın 24 maddəsində 29, və 2009-cu il mart ayının 18-də isə 25 maddəyə
30-dan artıq əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklərin
aparılmasında məqsəd Azərbaycan dövlətinin Konstitusiya əsaslarını daha da möhkəmləndirmək
və daha etibarlı müdafiəsi mexanizmini yaratmaq, məhkəmə-hüquq sistemini təkmilləşdirmək,
bir sözlə, Azərbaycanı daha güclü dövlətə çevirmək olmuşdur. Respublika
Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş
referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib.
Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri
əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və
bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının
daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və
bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib. Son illərdə keçirilmiş ictimai rəy sorğularının nəticələrinə
əsaslanaraq söyləmək olar ki, cəmiyyətdə Konstitusiyanınnüfuzu durmadan artır. Azərbaycanın müstəqil həyatı göstərir ki, iqtisadi tərəqqi
prosesi nə qədər çətin olsa da, Azərbaycanın dünya birliyində nüfuzu artmış,
ölkəmiz davamlı inkişaf yolundadır. Bu istiqamətdə görülən işlərdə Türk
dünyasının böyük oğlu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
layiqli davamçısı, Azərbaycan Respublikasının Pezidenti İlham Əliyevin xidmətləri
çox böyük olmuşdur. Prezident İlham Əliyevin Azərbaycan prezidenti kimi
ötən illər ərzindəki fəaliyyəti dövlət siyasətinin əsas istiqamətlərini və yeni
sosial-siyasi təmayüllərini təkmil şəkildə müəyyənləşdirməklə yanaşı, həm də
böyük uğurlarla əlamətdar olmuşdur. 2003-cü ilin 31 oktyabrında Vətənə, dövlətə,
xalqa sədaqət andı içərək prezident səlahiyyətlərini üzərinə götürən cənab
İlham Əliyev bu illər ərzində Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanı
daha da gücləndirdi, zənginləşdirdi və hərtərəfli inkişaf etdirdi. Mövzu
ətrafında RİHB Aparatında məsləhətçi Səba Paşayeva, Bakı Dövlət Universiteti Qazax
filialının baş müəllimi Mübariz Süleymanov, Q.Hacımahmudva adına şəhər ümumi
orta məktəbin direktoru Yeganə Göyüşlü, rayon Qeydiyyat şöbəsinin müdiri Məsumə
Səmədova çıxış ediblər. Qeyd ediblər ki, istənilən
demokratik dövlətin Əsas Qanunu dövlət hakimiyyətinin təşkilinin təməl
prinsiplərini müəyyənləşdirərək, insan hüquqları və azadlıqları,
hakimiyyətlərin bölgüsü, siyasi plüralizm və digər demokratik dəyərləri özündə
ehtiva edir, eyni zamanda, mühüm ideoloji funksiyanı həyata keçirir. Bu
baxımdan dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda hüquqi dövlət
quruculuğu üçün vacib olan tədbirlərin həyata keçirilməsi, o cümlədən
demokratik dəyərlərə əsaslanan yeni Konstitusiyanın qəbul edilməsi zərurətə
çevrilmişdi. Lakin müstəqilliyin ilk illərində ölkədə mövcud olan siyasi
qeyri-sabitlik və hərc-mərclik, eyni zamanda, vahid siyasi iradənin olmaması bu
vəzifənin reallaşdırılmasını qeyri-mümkün etmişdi. Azərbaycan dövləti üçün belə bir çətin tarixi dövrdə
xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra məhz ulu öndər Heydər
Əliyev ölkə vətəndaşlarını azərbaycançılıq və dövlətçilik ideologiyası
ətrafında birləşdirməyə nail ola bildi, dövlət və cəmiyyət həyatının demək olar
ki, bütün sahələrini əhatə edən genişmiqyaslı islahatların həyata keçirilməsinə
başlanıldı. Şübhəsiz ki, o zaman mövcud olan qanunlar və ümumilikdə
qanunvericilik sistemi artıq demokratik ideya və dəyərlərin tələblərinə cavab
vermədiyindən bu sahədə köklü islahatların aparılması mütləq idi. Genişmiqyaslı
qanunvericilik islahatlarını isə ölkənin Əsas Qanununu qəbul etmədən
reallaşdırmaq qeyri-mümkün idi. Qəbul ediləcək Konstitusiyanın əsas prioritet
istiqamətləri Komissiyanın ilk iclasında ulu öndər Heydər Əliyev tərəfindən
açıqlanmışdır: "Konstitusiya birinci növbədə, dövlətlə, hakimiyyətlə xalqın
arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali
icra, qanunvericilik, məhkəmə hakimiyyətləri - bunlar hamısı xalqın iradəsinə
söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır.
Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər
Konstitusiyamızın əsasını təşkil etməlidir”. Konstitusiya layihəsi 1995-ci il
oktyabrın 15-də ümumxalq müzakirəsi üçün mətbuatda dərc olunmuş və nəhayət,
1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilmişdir. Bu gün 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Konstitusiyamız
Azərbaycan xalqının maraqlarını qoruyur və ölkə başçısı tərəfindən edilən hər
bir dəyişiklik qanunla tənzimlənir. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq 12 Noyabr
– Konstitusiya Günü münasibətilə tədbir iştirakçılarını bir daha səmimi qəlbdən
təbrik edib, güclü, qüdrətli Azərbaycan dövlətinin çiçəklənməsi naminə uzun illər
səmərəli fəaliyyət arzulayıb. GOYEZEN.AZ
Facebook-da paylaş