Qazaxda 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib
Noyabrın 14-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 17 Noyabr - Milli Dirçəliş Gününə həsr edilmiş tədbir keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə Qazax RİH başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul şəxsləri, Qazax RİH başçısının İƏD-si üzrə Nümayəndələri, Bələdiyyə sədrləri, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, gənclər iştirak ediblər. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Birinci müavin 17 Noyabr - Milli Dirçəliş Gününün Azərbaycan xalqı üçün əhəmiyyətindən danışıb. Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynadığını qeyd edib. M.Alıyev bildirib ki, 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Öz haqqı, azadlığı uğrunda mübarizəyə qalxan, torpaqlarına sahib çıxmaq istəyən Azərbaycan xalqı bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Birinci müavin Ulu Öndər Heydər Əliyevin milli dövlət quruculuğu sahəsində fəaliyyətindən söz açaraq Prezident İlham Əliyevin bu kursu inamla davam etdirdiyini, Azərbaycana böyük Zəfər sevincini yaşatdığını vurğulayıb. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova mövzu ətrafında məruzə ilə çıxış edərək bildirib ki, xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Mənəvi əsaslarını və başlanğıcını ötən əsrin 60-cı illərindən götürən bu tarix sonralar Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoydu. Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən Ümummilli Lider Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli-mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişdi. Dahi şəxsiyyət Heydər Əliyevin respublikada yaratdığı bu mənəvi-psixoloji və iqtisadi baza təxminən 20 il sonra Sovet İttifaqı dağılmağa başlayanda xalqın dayağı oldu. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi. 1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr isə mövcud vəziyyəti qiymətləndirə bilmədilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi səvadsızlığından 20 Yanvar faciəsi baş verdi. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Həmin o ağır məqamlarda yenə də Ulu Öndər xalqın istiqlal ruhunu ölməyə qoymadı. Tarixən keşməkeşli yol keçən, əsrlərin sınaqlarından çıxan Azərbaycan müstəqil dövlətə sahib olmaq naminə əzmkarlıqla mübarizə aparıb və azadlıq uğrunda mücadilə etdi. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs idealar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi. 17 Noyabr bir daha göstərdi ki, bütün ciddi-cəhdlərə baxmayaraq, azad yaşamaq üçün xəlq olunmuş milləti müstəmləkə boyunduruğu altında saxlamaq qeyri-mümkündür. G.Həsənova qeyd edib ki, zəngin tarixə malik xalqımız artıq neçə ildir ki, Milli Dirçəliş Gününü bayram kimi qeyd edir və bu günün qeyd olunması bütün Azərbaycan xalqının mənəvi haqqıdır. İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub-saxlanılır, inkişaf etdirilir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Respublika Prezidenti İlham Əliyev dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına və milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xüsusi diqqət yetirir. Uzun illər həllini tapmamış münaqişəni 44 günə həll etdi və bizi rəhbərlik etdiyi rəşadətli ordusu ilə bərabər qələbədən-qələbəyə apardı. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bu Zəfər həm də xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. Dövlət başçısının “Dəmir yumruğ”u hesabına tarixi torpaqlarımız düşmən işğalından azad edildi. Azərbaycan Ordusunun tarixi Zəfəri ilə bitən Vətən müharibəsi dövlət başçısının ordu quruculuğuna ayırdığı yüksək diqqət və qayğının nəticəsi idi. İyirmi dörd saatdan az müddətdə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə suverenliyimiz tam bərqərar edildi. Uzun müddət torpaqlarımızda hökm sürən terrorun, separtazimin kökü kəsiləndən sonra Prezident İlham Əliyev tərəfindən Xankəndidə Azərbaycan bayrağının qaldırılması parlaq qələbəmizin məntiqi sonluğu oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Xankəndi şəhərində qaldırılan bayraq əbədi dalğalanacaq və Azərbaycan xalqı burada əbədi yaşayacaq. Bu tarixi hadisə ilə təkcə vətəndaşlarımız deyil, dünyada yaşayan on milyonlarla azərbaycanlı qalib ordumuzla və Azərbaycan dövləti ilə olaraq fəxr edir”. Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Bakı Dövlət Universitetinin Qazax filialının tarix müəllimi, Əməkdar müəllim İndira Vəliyeva, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tarix müəllimi Mətanət Kazımova və başqaları çıxış edərək bildiriblər ki, 1988-ci ilin Xalq hərəkatı dalğalarında Azərbaycana rəhbərlik edən siyasi qüvvələr mövcud vəziyyəti düzgün qiymətləndirə bilmədi. Xalqın maraqlarından daha çox özlərinin siyasi karyera maraqlarını düşünən və hələ də imperiyanın təlimatlarına uyğun davranan “siyasətçilərin” milli mübarizə ruhundan uzaq olması xalqımıza qarşı 1990-cı ilin 20 Yanvar faciəsinin baş verməsi ilə nəticələndi. O zaman hakimiyyətdə bir-birini əvəz edən kommunist və cəbhəçi siyasətçilərin xalqın dirçəliş və oyanışını mütərəqqi səmtə yönəltmək iqtidarında olmadığını dərk edən xalq yenə də Heydər Əliyevə üz tutdu. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetində yeni tərkibdə keçirilən ilk sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət Bayrağı kimi qəbul edildi və bununla əlaqədar Azərbaycan Ali soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən müstəqilliyə və milli tərəqqiyə uzanan yolun başlanğıcı qoyuldu. Ulu Öndər Heydər Əliyevin dövlətçilik missiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin 5 il əvvəl Milli Dirçəliş Günü ərəfəsində milli mübarizə tariximizin ən parlaq səhifəsinə imza ataraq bütün dünya üçün mümkünsüz görünəni mümkün etdi. Yaratdığı rəşadətli Azərbaycan Ordusu təqribən 30 illik əsarətdən sonra onun rəhbərliyi ilə torpaqlarımızı erməni işğalından azad edərək dövlətimizin ərazi bütövlüyünü təmin etməklə xalqımızın milli qürurunu özünə qaytardı. Müdrik Lider ətrafında bir yumruq kimi birləşən xalqımızın milli birliyi və həmrəyliyi bütün dünyaya göstərdi ki, heç bir qüvvə xalqımızın azadlıq və müstəqillik iradəsini sındıra bilməz. Sarsılmaz milli həmrəylikdən doğan bu gücün xalqımıza qazandıracağı daha böyük zəfərlər isə hələ qarşıdadır.





Facebook-da paylaş














