Gənclər Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvləri ilə keçirilən görüşdən xoş təəssüratla ayrılıblar
2023-cü il “Heydər Əliyev İli” çərçivəsində sentyabrın 14-də Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib.
Ağstafa rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadənin və YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadənin Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayon təşkilatlarından olan fəal gənclərlə görüşü keçirilib.
Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub. Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömrünün, dahi rəhbərin misilsiz xidmətlərinin, zəngin tarixi irsinin gənclərə aşılanması məqsədi daşıyan görüşdə YAP Qazax rayon təşkilatının gəncləri də fəallıq nümayiş etdiriblər.
Diskussiya şəraitində keçən görüşdə Ümummilli Lider Heydər Əliyevin, eləcə də möhtərəm Prezident İlham Əliyevin respublikamızın Qərb qapısı sayılan Qazax rayonuna səfərləri barədə, Qazax rayonuna və qazaxlılara verdikləri yüksək dəyər haqqında YAP Qazax rayon təşkilatının gəncləri tərəfindən Veteranlar Şurasının üzvlərinə ünvanlanmış suallar ətraflı şəkildə cavablandırılıb.
Gənclər Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvləri ilə keçirilən görüşdən xoş təəssüratla ayrılıblar.
Görüş iştirakçılardan YAP Qazax rayon təşkilatının əməkdaşı Kənan Hüseynli onlarla olan görüşün yaddaşına silinməz izlərlə yazıldığını qeyd edir. K.Hüseynli hörmətli Dilarə xanımın ötən il Gəncədə keçirilən görüşdə Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzinin açılacağını eşidəndə çox sevindiyini, bu xəbərin sevincli və şad xəbər olduğunu söylədiyini xatırladaraq bu Mərkəzin açılmasının onun həyatında mühüm rol oynadığını söyləyir. Bu il ADA Universitetinin magistratura pilləsinə qəbul olunduğunu və buna görə Prezident İlham Əliyevə, Universitetin rektoru Hafiz Paşayevə, eləcə də aidiyyəti şəxlərə öz minnətdarlığını bildirir.
YAP Qazax rayon təşkilatının fəal gənci Şəadət Abbasov da görüşdən xoş anlarla ayrıldığını söyləyir. Fəal gənc görüşdə Ulu Öndər Heydər Əliyevin 3 dəfə - 1971, 1979 və 1998-ci illərdə respublikamızın Qərb qapısı sayılan Qazax rayonuna olan səfərindən söhbət açaraq həmin anların yaddaşlara dərin izlərlə həkk olunduğunu qeyd edir. Dilarə xanımın və Arif müəllimin Ulu Öndərlə bağlı söylədikləri xatirələri dinləyərək dahi şəxsiyyət haqqında eşitdikləri maraqlı məlumatlara görə qazaxlı gənc olaraq onlara minnətdarlığını bildirir.
YAP Qazax rayon təşkilatının fəal gənclərindən Mujgan Yusifova gənclərin Arif müəllim və Dilarə xanımla olan görüşünün unudulmaz olduğunu və yaddaşlarına əbədi həkk olunduğunu söyləyir. Gənc çıxışçı uzun illər Ümummilli Lider, dahi rəhbər Heydər Əliyevlə birlikdə çalışmış, hər zaman dahi şəxsiyyətin yanında olmuş insanlardan öyrəndikləri məlumatların, eşitdikləri dəyərli fikirlərin gənclər üçün qiymətli bir tapıntı olduğunu bildirir. Gənc çıxışçı görüşdə Ulu Öndərin 2003-cü ilin oktyabrında öz xalqına etdiyi tarixi müraciətini - “Mən sizi qarşıdan gələn Prezident seçkilərində Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, mənim siyasi varisim İlham Əliyevə səs verməyə çağırıram. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirlərini səsləndirərək xalqımızın öz dahi rəhbərinin çağırışına səs verdiyini qeyd edir. Bu tarixi müraciətin Ulu Öndərin ən böyük xilaskarlıq missiyası, müstəqil, qüdrətli, qalib Azərbaycanın bir yol xəritəsi olduğunu söyləyir.
YAP Qazax rayon təşkilatının daha bir fəal gənci Yalçın Həsənov Arif müəllim və Dilarə xanımla olan görüşə yüksək dəyər verdiyini bildirir. Gənc çıxışçı dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının nəinki ölkəmizdə, eləcə də Cənubi Qafqazda bənzəri olmayan bir siyasi təşkilat olduğunu söyləyir. Ümummilli Liderin təbirincə desək, Arif müəllim və Dilarə xanım kimi veteranlarımızın partiyanın qızıl fondu olduqlarını vurğulayır. Gənc partiya üzvlərinin Arif müəllimin və Dilarə xanımın uzun illərə söykənən zəngin təcrübələrindən çox şey öyrəndiklərini və bundan sonra da öyrənəcəklərini bildirir.
Facebook-da paylaş