Qazaxda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi təntənə ilə qeyd olunub
Oktyabrın 26-da Qazaxda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Təftiş Komissiyasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, köməkçisi Akif Əmirov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov, rayonun hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, məktəb direktorları, YAP Qazax Rayon Təşkilatının işçiləri, Ərazi təşkilat sədrləri, partiya veteranları, fəalları, gənclər, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin xatirəsinə ucaldılmış memorial önünə tər qərənfillər düzüblər.
Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımız uğrunda canlarından keçən Vətən oğullarının və qəhrəman şəhidlərimizin ruhlarına yasin oxuyub, xatirələri ehtiramla yad edilib.
Sonra şəhərin Nəriman Nərimanov küçəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi ziyarət olunub, şəhidlərin xatirəsi ehtiramla anılıb.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə olunub. Dahi şəxsiyyətin adını daşıyan Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən videoçarxa və fotoşəkillərə baxış keçirilib.
Qazax Gənclər Evində davam etdirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirin aparıcısı, Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov tədbiri açıq elan edərək əlamətdar gün münasibətilə iştirakçıları və qonaqları salamlayıb, xoş arzularını çatdırıb. A.Əmirov bildirib ki, bu gün xoşbəxt xalqıq ki, dünənin, bu günün və gələcəyin partiyası olan YAP-ın yaranmasının 30 illiyini torpaqları işğaldan azad olunmuş, 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanan ölkənin vətəndaşları olaraq qeyd edirik. Ölkəmizin yaşının gənc olmasına baxmayaraq çətin sınaqlardan keçdiyini söyləyib.
YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev məruzə ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ən xoş arzularını çatdırıb. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi şərəfli inkişaf yolundan ətraflı danışıb. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident, partiyamızın Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının “Biz birlikdə güclüyük!” devizi altında möhtəşəm qələbələrə doğru inamla, qətiyyətlə addımladığını xüsusi vurğulayıb. A.Nəbiyev qeyd edib ki, 1992-ci ilin oktyabrında “Məşhur 91-lər” adlanan bir qrup Azərbaycan ziyalısı Ulu Öndərimzə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etdi. Ümummilli Lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməsinə razılıq verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda çox çətin və ağır şəraitdə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bununla da yeni müstəqil Azərbaycanın xoş, firavan, parlaq gələcəyinin əsası qoyuldu. Türk dünyasının böyük oğlu, görkəmli siyasi xadim, zəngin dövlətçilik təcrübəsinə malik olan, xalqını öz canından da çox sevən dahi rəhbərimizin səsinə ilk səs verən rayonlardan biri də Qazax rayonu oldu. Dahi rəhbərimizin ən böyük arzularından biri müstəqil, güclü, qüdrətli, bütöv bir Azərbaycan dövlətini qurmaq idi. Odur ki, “Mən ya müstəqil Azərbaycan dövlətini quracağam, ya da bu yolda şəhid olacağam”, - deyən Ulu Öndər müstəqil Azərbaycan dövlətini qurdu, xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhrana, torpaqların bir-birinin ardınca işğalına son qoydu, Azərbaycana sülh, sabitlik, dirçəliş və davamlı inkişaf gətirdi. Yarandığı vaxtdan cəmi 6 ay sonra, Yeni Azərbaycan Partiyası iqtidar partiyasına çevrildi, hakimiyyətə gəldi. Lakin hakimiyyətə gəlmək hünər deyil, hünər hakimiyyətdə olarkən xalqı düşünmək, onun problemlərini həll etmək, onun rifahını yaxşılaşdırmaq, vicdanla, sədaqətlə dövlətçiliyə xidmət etməkdən ibarətdir. Bunu da məhz Ümummilli Lider Heydər Əliyev bacardı. Necə deyərlər, bu hünəri Heydər Əliyev göstərdi. Bəli, bu gün Yeni Azərbaycan Partiyasının 30 illik yubileyini, bu tarixi günü Qələbə ovqatında, böyük ruh yüksəkliyi ilə qeyd etməyimiz hər birimiz üçün böyük xoşbəxtlik, sonsuz qürurdur. Həm də bu mühüm hadisə ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında bir hesabatdır. A.Nəbiyev söyləyib ki, Yeni Azərbaycan Partiyasının qısa bir müddətdə milyonların sevgisini qazanmasının, ümumxalq partiyasına çevrilməsinin tək bir səbəbi var idi: Dahi rəhbərə xalqın sonsuz sevgisi və inamı! Zaman göstərdi ki, xalq Ulu Öndər Heydər Əliyevə arxalanmaqla, onun arxasında sıx birləşməklə öz xoş gələcəyini təmin etdi, müstəqilliyimiz əbədi, dönməz oldu. Beləliklə, Yeni Azərbaycan Partiyası böyük nailiyyətlər, uğurlar, möhtəşəm zəfərlər, sürətli inkişaf kimi şərəfəli bir yol keçdi. “Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir” fikrini səsləndirən Ulu Öndər bu müdrik kəlamını əməli işləri, Vətəninə, xalqına olan sonsuz məhəbbəti ilə sübut etdi. 1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu Öndərin böyük siyasi iradəsi, peşəkar diplomatik fəaliyyəti, zəngin təcrübəsi sayəsində bütün problemlərə həssaslıqla yanaşıldı, nəhəng iqtisadi layihələr həyata keçirildi, dövlət ordu quruculuğu sahəsində ciddi işlər gördü. Azərbaycan beynəlxalq arenaya çıxdı, xarici ölkələr, beynəlxalq təşkilatlar Azərbaycanla əməkdaşlığa başladılar. A.Nəbiyev qeyd edib ki, dövlət, xalq və ordu o zaman güclü olur ki, ona güclü, təcrübəli, nüfuzlu lider rəhbərlik edir. Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yolun son 19 ili məhz, Ulu Öndərin siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi dövrünə təsadüf edir. Ulu Öndərimizin ən ümdə arzularından birincisi canından əziz sevdiyi Azərbaycanı bütöv görmək, işğalsız görmək idi. Mövcud reallıqlar göstərdi ki, məhz möhtərəm Prezidentimiz Ulu Öndərin arzuladığı, görmək istədiyi Azərbaycanı qurub, onun ilahi arzularını reallaşdırdı. Adını Azərbaycan tarixinə torpaqlarımızın xilaskarı kimi yazan İlham Əliyev öz hisslərini belə ifadə edir: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bu hisslər bu gün görülən hər işdə, atılan hər addımda öz əksini tapır. Necə deyərlər Ulu Öndərimizin təbirincə desək “Azərbaycan dünyaya günəş kimi doğur”. A.Nəbiyev vurğulayıb ki, 44 günlük şanlı Vətən müharibəsində də bütün dünya bunun əyani şahidi oldu. Bu gün Cənubi Qafqazın lider ölkəsi olan müstəqil Azərbaycanın iqtisadi gücü, hərbi gücü sürətlə artmaqdadır. Artıq müstəqil Azərbaycan dünyanın 100-dən artıq ölkəsinə yardımlar edən, köməkliklər göstərən donor bir ölkədir. Ermənistanın acınacaqlı vəziyyəti isə göz qabağındadır. Bu gün Ermənistan nə hərbi, nə siyasi, nə də iqtisadi cəhətdən, hətta, orta səviyyəli dövlət sayıla bilməz. Bu gün bir müstəvidə günü-gündən həm iqtisadi, həm siyasi, həm hərbi cəhətdən güclənən, dünyada sülhsevər, tolerant, multikultural bir ölkə kimi tanınan qalib Azərbaycan, digər müstəvidə bütün sahələr üzrə acınacaqlı vəziyyətdə olan, hələ də özünə arxa, yiyə, himayədar axtarışlarında olan kapitulyant Ermənistan dayanır. 44 günlük şanlı Vətən müharibəsində nəinki Ermənistan və onun havadarları, həmçinin bütün dünya təməlində milli həmrəylik, milli birlik, milli qürur, ləyaqət, güclü iradə, vətənpərvərlik, xalq-ordu birliyi, Lider-xalq həmrəyliyi, xalq-Lider sevgisi dayanan Azərbaycanın qüdrətinin, gücünün bir daha şahidi oldu. Odur ki, postmünaqişə dövründə də diktə edən tərəf Azərbaycandır. Əlbəttə ki, gec-tez kapitulyant Ermənistan qalib Azərbaycanın şərtlərini qəbul etməyə məhkumdur. Güclü iqtisadiyyat, müstəqil siyasət, etibarlı tərəfdaş qüdrətli Ordu, yenilməz xalq, qalib Lider - bəli, bunlar bu gün dünya tərəfindən qəbul edilmiş Azərbaycan reallıqlarıdır. Bu reallıqlar fonunda müstəqil Azərbaycan öz hədəflərinə çatır və Ulu Öndərimizin arzuları həyata keçir. Bu gün Ulu Öndərin siyasətini, onun ideyalarını uğurla davam etdirən İlham Əliyev cənablarının rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası böyük gücə çevrilib. Yeni Azərbaycan Partiyası bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirir. Bu sadəcə bir statistika deyil, bu xalqımızın Azərbaycanın dünəninin, bu gününün və sabahının əsası kimi dəyərləndirilən Heydər Əliyev ideyalarına sadiqliyinin, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, Partiyamızın sədri İlham Əliyevin uğurlu siyasətinə dəstəyinin, münasibətinin ifadəsidir. Bu gün Yeni Azərbaycan Partiyasının hər bir üzvü müstəqilliyimizin xilaskarı, Ulu Öndər Heydər Əliyevin memarı olduğu, qalib Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın sıralarında təmsil olunmaqdan qürur hissi keçirir. “Mən sizinlə bərabər fəxr edirəm ki, Yeni Azərbaycan Partiyasının üzvüyəm və onun sədriyəm, öz aqibətini Yeni Azərbaycan Partiyası ilə bağlayanlar səhv etməmişlər”. Bəli, illər öncə böyük uzaqgörənliklə, müdrükcəsinə deyilmiş bu sözlər Ulu Öndərimiz, dahi rəhbərimiz Heydər Əliyevə məxsusdur. Biz YAP Qazax Rayon Təşkilatının üzvləri də Ulu Öndərimizin bizlərə bu tövsiyəsini, bu nəsihətini bir şüar kimi qəbul edib, bu ruhda yaşayacaq, bu ruhda siyasi fəaliyyətimizi davam etdirəcəyik. Bizlərin bir yolu var, bu yol ancaq və ancaq Ulu Öndər Heydər Əliyev yolu, necə deyərlər haqq yoludur, heç vaxt heç bir qüvvə bizi bu yoldan çəkindirə bilməz. Ötən il VII Qurultayını Zəfərimizin yaşatdığı reallıqlar əsasında, Qələbə ovqatı ilə keçirən Yeni Azərbaycan Partiyası yeni tələblərlə, yeni qərarlarla, yeni tərkiblə irəliyə doğru inamla, İlhamla irəliləyir. Sədri olduğum YAP Qazax Rayon Təşkilatı da çalışır ki, Yeni Azərbaycan Partiyasının tərkib hissəsi olaraq fəaliyyətini YAP Mərkəzi Aparatının tapşırıq və tövsiyələri, tələbləri əsasında qursun və verilən tapşırıqların, qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gəlsin. Biz - YAP Qazax Rayon Təşkilatının üzvləri də partiyamızın 30 illik yubileyinə əliboş getmirik. Son 9 ay ərzində 504 nəfər sıralarımıza qəbul olunub ki, bunların da 342 nəfəri, yəni 68%-i gənclərdi. Bundan əlavə, rayonumuzun müxtəlif ərazilərini əhatə edən 5 yeni ərazi partiya təşkilatı yaradılmışdır. Bir sözlə, sıralarımız həm kəmiyyət, həm də keyfiyyət sarıdan daha da genişlənmiş, daha da möhkəmlənmişdir. Hazırda YAP Qazax Rayon Təşkilatı 78 ərazi partiya təşkilatında 10692 nəfəri özündə birləşdirir. Rayon təşkilatının sədr və fəallarının 9 ay ərzində respublikamızda gündəm mövzularla bağlı 105 məqaləsi ayrı-ayrı saytda işıqlandırılmış, sosial şəbəkədəki fəaliyyəti Sosial Media Qrupu tərəfindən əla və yaxşı qiymətləndirilmişdir. İclas və hesabat xarakterli, ictimai-siyasi, tarixi günlər, görüşlər, idman tədbirləri, şəhidlərimizlə bağlı 400-ə yaxın çoxsaylı tədbirlər keçirilmişdir. Mən partiya rəhbərliyini əmin edirəm ki, möhtərəm Prezidentimiz, Partiya Sədrimiz hörmətli İlham Əliyev cənablarının bizə tövsiyəsi kimi, biz “Dəmir Yumruq” kimi birləşib müstəqil Azərbaycanımızın, respublikamızın Qərb Qapısı olan, 3 ölkənin qovşağında yerləşən, mənfur qonşularla 168 km sərhədi olan doğma Qazaxımızın çiçəklənməsi, rayonumuzda ictimai-siyasi sabitliyin yüksək səviyyədə bərqərar olması, Yeni Azərbaycan Partiyasının yeni-yeni qələbələri, uğurları naminə birlikdə fəaliyyət göstərəcəyik. Siz buna əmin ola bilərsiniz!
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını və qonaqlarını salamlayıb, ürək sözlərini bölüşüb. Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını, xalqımıza çoxsaylı qələbələr bəxş etdiyini söyləyib. Yeni Azərbaycan Partiyasının hakim partiya olduğunu və partiyanın keçdiyi yolun hər birimizin gözü qarşısında baş verdiyini bildirib. İcra başçısı qeyd edib ki, Azərbaycanın bugünkü uğurlarının fonunda dünənimizə nəzər salsaq cəmiyyətin aparıcı qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının zamanında yaradılmasının canlı şahidi oluruq. Bəli, biz deyə bilirik ki, partiyanın yaradılmasından ötən 30 illik yolu vaxt məsafəsi baxımından keçmişmizə və keçdiyimiz yollara baxış fonunda bu günümüzün reallıqlarının təhlili və onların əsasında əldə edilən yüksək naliyyətlərin müəyyənləşdirilməsi baxımından zəngin bir dövrdür. İllər keçdikcə görülən işlərin və baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur və düzgün qiymətləndirməyə daha geniş imkanlar yaradır.
Bildiymiz kimi, Yeni Azərbaycan Partiyasının yaradılmasının səbəbi xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə müraciətinin edilməsi olmuşdur. Bu, o illər idi ki, ölkədə xaos, anarxiya, özbaşınalıqlar hökm sürür, iqtisadi böhran tüğyan edir, eyni zamanda, torpaqlarımız biri-birinin ardınca işğal olunurdu. Xalqın sabaha ümidləri tamamilə itmişdi. Belə bir çətin dövrdə Azərbaycan ziyalıları Yeni Azərbaycan Partiyasının yaradılması və ona rəhbərliyi dahi şəxsiyyət Heydər Əliyevin etməsi ilə bağlı Ümummilli Liderə müraciət etdilər. Sözsüz ki, Vətənini, xalqını, torpağını canından artıq sevən, hər zaman xalqın gələcəyi barədə düşünən, ölkəmizin müstəqilliyini tarixi nailiyyətimiz kimi qiymətləndirən Ulu Öndər Heydər Əliyev xalqın yaşadığı çətin vəziyyətə biganə qala bilməzdi və qalmadı da. Ümummilli Liderin ziyalıların müraciətinə cavabı Azərbaycanın bugünkü inkişafının təməlini qoydu. Bildiyimiz kimi, Təsis konfransı məlum səbəblərdən Naxçıvanda keçirildi. Yeni Azərbaycan Partiyası yaradılmasından çox keçmədi ki, iqtidar partiyasına çevrildi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında da yeni mərhələnin əsasını qoydu. Bu gün ölkəmizin hər yerində Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi təntənə ilə qeyd edilir. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiq olan Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP yeni-yeni hədəflərə doğru inamla irəliləyir.
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ürək sözlərini bölüşüb. Millət vəkili bildirib ki, 30 il əvvəl xalq Ulu Öndər Heydər Əliyevi seçdi. Ulu Öndər xalqa söykənərək, xalqdan güc alaraq xalqın iradəsini əks etdirmək, inkişaf etdirmək üçün partiya yaratdı. Millət vəkili vurğulayıb ki, Ulu Öndər cəmi 10 il, 1993-cü ildən 2003-cü ilə kimi partiyaya rəhbərlik etdi. Lakin Azərbaycan xalqı düşünür ki, bu, 10 il deyil, 100 ilə bərabər bir rəhbərlik idi. Çünki bu illər ərzində gördüyü işlər 100 ilə də sığmaz. Ulu Öndərin böyüklüyü onda oldu ki, 1994-cü ildə “Əsrin müqaviləsi”ni imzalamaqla bütün dünyanı Azərbaycana gətirdi. Dahi liderin ən böyük nailiyyətlərindən biri də özü qədər inandığı İlham Əliyevi hakimiyyətə gətirməsi idi. Bu gün qürurverici olan odur ki, Prezident İlham Əliyev təkcə atasının vəsiyyətini yerinə yetirmədi, eyni zamanda, Azərbaycan xalqının illərdir ürəyində arzuladığı istəklərini gerçəkləşdirdi, torpaqlarımızı işğaldan azad etdi. Millət vəkili Səməd Seyidov Ümummilli Lider Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu gün Azərbaycanın artıq regionda və dünyada söz sahibinə çevrildiyini diqqətə çatdırıb. “Mən bu partiyanın gələcəyini ona görə uğurlu görürəm ki, çünki Prezidentimə inanıram”, - söyləyən millət vəkili müstəqil Azərbaycanımızın çiçəklənməsi naminə hər kəsə uğurlar arzulayıb.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini, qaziləri salamlayıb, tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edib. Millət vəkili Qazaxa hər səfərində bir yeniliyin, abadlığın, quruculuğun şahidi olduğunu söyləyib. Qazaxda Ulu Öndər ideyalarına sədaqətin, cənab Prezidentin verdiyi tövsiyə və tapşırıqların layiqincə icra olunmasının, Azərbaycan xalqına xidmətin bariz nümunəsinin şahidi olduğunu dilə gətirib. Millət vəkili qeyd edib ki, görülmüş işləri izləyərkən bir daha əmin oluruq ki, iqtidarda olan Yeni Azərbaycan Partiyasının apardığı siyasət bölgələrimizdə məmnunluqla qarşılanır. Ən əsası da bu gün qürurla söyləyə bilərik ki, YAP-ın ətrafında birləşən insanlar Azərbaycanımızın ən layiqli nümayəndələridir. Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının özüdür. Vətənini düşünən hər bir azərbaycanlı YAP-ın üzvüdür. Millət vəkili Yeni Azərbaycan Partiyasının ölkəmizdə aparıcı siyasi qüvvə olduğunu bildirib. Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətinin iki böyük şəxsiyyətin – Ulu Öndərin və onun layiqli davamçısı İlham Əliyevin adı ilə bağlı olduğunu söyləyib. 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan bəhs edib.
YAP Qazax Rayon Təşkilatının ilk sədri olmuş Abbas Göyüşov çıxış edərək YAP-ın yaradılmasının 30 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Ulu Öndərin qurucusu olduğu bir partiyanın rayon təşkilatının sədri olduğu üçün qürur duyduğunu bildirib.
Partiya fəalı, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, kapitan Samir Çobanov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ürək sözlərini bölüşüb. S.Çobanov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinin iştirakçısı olduğu üçün fəxr etdiyini bildirib. Bundan sonra da hər zaman Azərbaycan xalqının və dövlətinin yanında olduqlarını söyləyib.
Gənc partiya üzvü Aydan Əsgərova, partiya veteranı, şair Kazım Kazımlı çıxışlarında Yeni Azərbaycan Partiyasının bundan sonra da mühüm nailiyyətlərə imza atacağına əminliklərini ifadə ediblər. Yaradıcısı Ümummilli Liderin olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzularının yaşadığını vurğulayıblar.
Sonda rayon təşkilatının həyatında fəal iştirak edən bir qrup partiya üzvünə Fəxri Fərman və partiya sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqəsi təqdim olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş