Qazaxlı gənclərdən nümunəvi addım
Şəhidlərimizi tanıyaq və
tanıdaq--------------------------- 27
sentyabr tarixi Azərbaycan xalqının yaddaşına bizi böyük Qələbəyə, Zəfərə
aparan yolun başlanğıc tarixi kimi yazıldı. Qarabağ adlı haqq savaşımıza məhz o
gündən başladıq və 44 gün davam edən savaşda şanlı Azərbaycan Ordusu Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Qələbə
qazandı. 30 ilə yaxın işğal altında olan torpaqlarımız müzəffər ordumuzun, əsgər
və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində azad edildi. 10 noyabr tarixi
yaddaşlara Zəfər Günü kimi yazıldı. Bu
müqəddəs yolda zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi
oldu. Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn oğullarımızdan biri də şəhid tibb
xidməti leytenantı Əfəndiyev
Adil Qədir oğludur.
44 günlük Vətən müharibəsində Azərbaycanın
hərb tarixinə böyük Qələbəni, Zəfəri qızıl hərflərlə yazdıran igid Vətən
oğullarının, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən
bütün şəhidlərimizin xatirələrini əziz tutmaq hər birimizin ən ümdə işidir. Fəaliyyətə başladığı ilk
gündən şəhidlərimizi, qazilərimizi, onların ailələrini daim diqqətdə saxlayan Gənclərin
İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin əməkdaşları və
könüllüləri həmin qayğını bu gün də davam etdirir. Mütəmadi olaraq, "VətənimİZ”
layihəsi çərçivəsində şəhidlərimizin məzarlarını ziyarət edir, ailələrinə baş
çəkir, onlara olan vətəndaşlıq borclarını qaytarırlar. Bu gün Gənclərin İnkişaf və
Karyera Mərkəzinin Qazax nümayəndəliyinin üzv və könüllüləri "VətənimİZ”
silsilə fəaliyyətləri çərçivəsində İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid
olmuş tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun məzarını ziyarət
ediblər. Gənclər şəhidimizin məzarı
üzərinə gül dəstələri qoyub, igid Vətən oğlunun ruhuna olan ehtiramlarını
bildiriblər. Qeyd edək ki, şəhid Adil Əfəndiyev
12 avqust 1995-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2001-ci ildə Qazax şəhər
Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci
sinfinə daxil olmuş, 2012-ci ildə həmin məktəb-liseyin 11-ci sinfini
bitirmişdir. 2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur.
2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin "Hərbi həkim
işi” ixtisasını bitirmişdir. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa
rayonunda "N” saylı hərbi hissədə tibb xidməti leytenantı kimi hərbi xidmətə
başlamışdır. "N” saylı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin
rəisi, tibb xidməti leytenantı Adil Əfəndiyev 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd
rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 25.10.2020-ci ildə
Qazax şəhər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi. 25 yaşında Şəhidlik zirvəsinə yüksələn tibb
xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik ölkə
Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab
Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda” və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli
Sərəncamına əsasən "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur. GOYEZEN.AZ
Facebook-da paylaş