"Səyyar Gənclər Xidməti" layihəsi ilk olaraq Qazaxdan start götürüb
Azərbaycan Respublikasının Gənclər Fondunun
təşkilatçılığı ilə həyata keçirilən "Səyyar Gənclər Xidməti" layihəsi
ilk olaraq Qazax rayonundan start götürüb. Layihə üç - Qazax,
Şəmkir və Biləsuvar rayonları üzrə 16 kəndi əhatə edir. Qazaxda 5 kənddə - Daş Salahlı, Çaylı, İkinci Şıxlı, Birinci Şıxlı və Yuxarı Salahlı kəndlərində gənclərlə
görüşlər keçiriləcək.
Layihə çərçivəsində təşkil olunan ilk tədbir rayonun
Daş Salahlı kəndində reallaşdırılıb. A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli
tam orta məktəbdə keçirilən tədbirdə çıxış edən Qazax Gənclərin İnkişaf və
Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov əvvəlcə Azərbaycan
Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi, eləcə də,
"Səyyar Gənclər Xidməti" layihəsi haqqında ətraflı məlumat verib. Sonra
tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-psixoloq
Kəmalə Cəfərova tərəfindən
gənclərin ilkin psixoloji diaqnostikası aparılıb. Onlarla təlim-tərbiyə,
inkişaf, həyatda öz yerini tutmaq problemləri, həmyaşıdları ilə qarşılıqlı
münasibətlər, özünütərbiyə və peşəyönümü ilə bağlı konsultasiya keçirilib. Qazax rayon Uşaq xəstəxanasının pediatrı - gənc həkim
Ülkər İsgəndərova tərəfindən gənclərin ödənişsiz tibbi müayinədən keçirilməsi,
ilkin tibbi yardımın göstərilməsi və sanitariya-gigiyena qaydaları mövzularında
məlumatlandırma sessiyasının təşkili həyata keçirilib. Gənc təlimçi Aysel Kərimova gənclərin peşə
məktəblərinə yönləndirilməsi, könüllülük, ixtisas seçimi və karyera inkişafı,
təlimçi-bloqer Azər Qasımov isə sosial şəbəkələrdə qeydiyyat və onlardan
səmərəli istifadə ilə bağlı təlim keçib. A.Qasımov həmçinin gənclərə rəqəmsal
marketinq və SMM mütəxəssis peşəsi barədə ətraflı məlumat verib. Daha sonra "Səyyar Gənclər Xidməti"
layihəsinin əyləncəli hissəsi start götürüb. Burada kənd gənclərinin ifasında
şeir, mahnı və rəqs nömrələri nümayiş etdirilib. Gənclər arasında intellektual
viktorinalar, darts, stolüstü tennis və top çiləmə oyunları üzrə mini
müsabiqələr təşkil olunub. Qeyd olunan yarışmalarda fərqlənən gənclər Qazax
GİKM tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Tədbir DJ
Hüseyn Bağırovun rəngarəng musiqi nömrələri ilə müşayiət olunub. GOYEZEN.AZ
Facebook-da paylaş