Bütövlük
Bu anlayışın ifadə etdiyi məna çalarlıdır, çeşidlidir: xarakter bütövlüyü, əqidə bütövlüyü, həyata, hadisələrə, insanlara münasibətdə bütövlük... Bu mənəvi keyfiyyətləri ömrün mənasına çevirmək ehtirası… Yazıçı İsmayıl Şıxlını şəxsən tanıyanlar və yaradıcılığına yaxından bələd olanlar onun haqqında söz düşəndə ən çox bu ifadələri işlədirlər: "bütöv
adamdır", "təbiətinə sadiqdir", "qulluq etdiyi əqidə və amalın qədir-qiymətini yaxşı bilir", "ədəbi mövqeyi möhkəmdir". Bu ümumi fikir onun həm bir pedaqoq kimi insani keyfiyyətini, həm siyasi mövqeyini, vətəndaşlıq ləyaqətinin məzmununu, həm də sənətkar amalının aydınlığını, ülviliyini çox gözəl ifadə edir. İsmayıl Şıxlı otuz ildən artıq yaradıcılıq yolunda yazıçılıq sənətinin ağrı-acılarını da udub, sevincini, nəşəsini də. Bədii uğursuzluğu da olub, parlaq qələbəsi də. Lakin heç vaxt büdrəməyib, düzgün yoldan sapmayıb, hər hansı təsirə qapılmayıb - öz bütövlüyünü qoruyub saxlayıb, dəst-xəttini yaratmağa, cilovlamağa çalışıbdır. Yazıçılığı adi peşə hesab edənlərə, istedadı olmadan "ədəbiyyat yaratmaq" xəyalına düşənlərə qarşı amansız olubdur. Yaxın dostluq, tanışlıq, "ağsaqqallıq" ədəbiyyatın müqəddəsliyi mənafeyinə tabe etdirilib. Onun əsərlərini sadalamaq, barmaq hesabına çevirmək üçün nə o qədər fikirləşmək, nə də vaxt sərf etmək lazım gəlir. Bir oçerklər və xatirələr kitabı, on-on beş hekayə, xeyli məqalə, iki də roman - vəssalam. (İsrayıl Mustafayev 1987-ci ildə vəfat edib – red.) Lakin bizə bu həqiqət də məlumdur ki, say qədər heç vaxt yazıçının sənətkarlıq qüdrətini, xalq, Vətən qarşısında xidmətinin miqyasını müəyyən edə bilən amil olmamışdır. İsmayıl Şıxlını yaradıcılıqda kəmiyyət məsələsindən daha çox keyfiyyət düşündürmüşdür. Həqiqi sənətin yolu belədir. Həyat materialının aktuallığı, ictimai fikirlə səsləşməsi, gerçəkliyin yüksək sənətkarlıqla ifadəsi daha konkret yaradıcılıq vəzifəsi kimi həmişə onun qarşısında dayanmışdır.
İsmayıl Şıxlı yaşadığı, qəlbən duyduğu aləmi, yaxşı tanıdığı adamları qələmə almağa çalışır. Müharibə mövzusunda yazdığı "Konserv qutuları", "Səhəri gözləyirdik", "Haralısan, ay oğlan" kimi hekayələrindən doğrudan da barıt qoxusu gəlir. Burada soyuq səngər həyatı, cəbhəçilərin əhval-ruhiyyəsi müharibə həqiqətinin bir parçası kimi təsvir edilmişdir. Müharibə hekayələri belə təbii, səmimi səslənir, heç vaxt unudulmur. Ona görə ki, müəllif şəxsən yaşadığı həyatı qələmə almışdır. O, müharibə illərində Qafqazdan Almaniyayadək davam edən uzun və şərəfli bir döyüş yolu keçmişdir. Bu yolun sovet adamları üçün necə böyük qurbanlar, ağır məhrumiyyətlər bahasına başa gəldiyini yazıçı cəbhə xatirələrində belə mənalandırır: "İrəliləmək demək düz deyil. Əslində biz bu yolları dizin-dizin süründük, qarış-qarış keçdik". Belə təravətli müşahidələri yaradıcılıq prosesində qoruyub saxlamaq, "ölən hissləri" yenidən yaşadıb onları müqəddəs, bədii məşələ çevirmək istəyinin özü də bədii sənətdə bütövlük deyilmi?
İsmayıl Şıxlı doğru göstərir ki, yazıçılıq hər adama müyəssər olmayan fitri bir istedaddır. "Elə bir istedad ki, milyonların qəlbinə, hissinə, zehninə hakim olur. Laqeydlik və xalturaçılıq, obıvatellik yazıçılıqla bir araya sığışa bilməz". Onun fikrincə, yazıçı nəinki yenicə təqdim etdiyi hər bir əsər, hətta işlətdiyi cümlələr, sözlər, xalqın ünvanına söylədiyi replikalar, təsvir etdiyi məişət səhnələri, adətlər üçün də tam məsuliyyət daşıyır. Yaradıcılığa bu cür ciddi tələblərlə yanaşmağın nəticəsidir ki, "Ayrılan yollar" və "Dəli Kür" romanları İsmayıl Şıxlını müasir nəsrimizin ən istedadlı nümayəndələrindən biri kimi şöhrətləndirmişdir.
Ədəbi tənqid haqlı olaraq belə bir ümumi nəticəyə gəlib ki, əllinci illərin sonlarında yaranan "Ayrılan yollar" romanı həm həyat faktlarına yanaşmaq üsulu, həm də digər sənətkarlıq keyfiyyətləri baxımından "ədəbiyyatımızın gözəl nailiyyətidir". Müharibədən sonra Azərbaycan kəndi üçün səciyyəvi olan keyfiyyət dəyişiklikləri bu əsərdə orijinal, maraqlı bədii ifadəsini tapmışdır. Roman özü ilə ədəbiyyatımıza kənd həyatının təbiiliyini gətirdi. "Ayrılan yollar"da yalnız müxtəlif insan xarakterləri deyil, eyni zamanda zəhmətin böyük poeziyası əks olunmuşdur. Romandakı konflikti yaradan təkcə yaxşı bir aqronomla pis kolxoz sədri arasında pambığın hansı üsulla becərilməsi üstündə gedən mübarizə deyil, insan taleyi, vətəndaşlıq ləyaqəti, namus və qeyrət anlayışlarına hansı mövqedən yanaşmaq kimi ciddi məsələlərə tərəflərin münasibətidir. Yazıçı təsvir etdiyi insanları təsərrüfatın prozaik görkəmindən dartıb çıxarmış, onların hər birinə canlı görkəm vermiş, öz şəxsiyyətləri, psixologiyaları ilə təsvir etmişdir. Yəni gerçəkliyi qəhrəmanların subyektiv hissləri, həyata və insanlara münasibətləri vasitəsilə əks etdirmək, yazı prosesində onu daha çox düşündürmüşdür. Bu da öz növbəsində əsərdəki lirizmi, emosionallığı xeyli gücləndirmişdir. "Ayrılan yollar"da qəhrəmanların fəaliyyəti hadisələrin obyektiv, qanunauyğun inkişafından doğur. Bunu əsərin qəhrəmanı İmranın simasında daha aydın görə bilirik. İmran müasir kəndin yeni inkişaf yolunu, haraya meyl etdiyini, hansı fikirlərlə yaşadığını aydın əks etdirən dolğun bir surətdir. O, öz ideallarının yüksəkliyinə, həyatiliyinə möhkəm inanır. İmranın simasında ictimai həyatda, ailə və məişətdə öz fədakarlığı, təmiz vicdanı və ürəyi ilə nümunə olmağa çalışan, bu yolda təbii olaraq böyük maneələrə rast gələn müasir insanı görürük. İsmayıl Şıxlı romanın hər səhifəsində bu mübarizəni əlvan canlı boyalarla, təbii görkəmdə təsvir eləməyə çalışır. Nə vəzifə, nə şöhrət, nə yağlı dil, nə də hədələr, təqiblər qəhrəmanı öz yolundan döndərə bilir. "Ayrılan yollar" romanının gözəl xüsusiyyətlərindən biri də əsas qəhrəmanın əhatəsində olan digər obrazların da canlı və real göstərilməsidir. Müəllif əsərin müvəffəqiyyətində xüsusi rol oynayan bu incə mətləbi yaxşı duymuş və hər yerdə gözləmişdir. Ona görə də Nəsib dayı, Zeynəb, Əli, Kərim kimi torpağın bərəkətinə bel bağlayan kolxozçu surətləri canlı və təbii təsir bağışlayır. Romanda bədii yaradıcılıq predmeti deyil, psixologiyanın araşdırılmasında ciddi rol oynayan ifadə vasitəsi kimi mənalandırıldığından, insanın taleyi məsələsi oxucunu daha çox düşündürür.
İsmayıl Şıxlıya həqiqi şöhrət gətirən yazıçı sənətkarlığının bir sıra yeni cəhətlərini üzə çıxaran, yaradıcılıq üslubu, dəst-xətti barədə daha inamlı fikir söyləməyə imkan verən milli ədəbiyyatımızın, həm də sovet nəsrinin monumental əsərlərəindən biri hesab edilən əsəri "Dəli Kür" romanıdır. Romanın yaranmasından on illər keçir, lakin bu müddətdə Moskva və qardaş respublikaların nəşriyyatlarında, eləcə də respublikamızda təkrar-təkrar nəşr edilmiş, haqqında onlarca məqalə və resenziya yazılmışdır. "Dəli Kür" tənqidçilərin tez-tez müraciət etdiyi əsərlərdəndir. Məsələn, görkəmli yazıçı və tənqidçi Y.Surovtsev əsərin Moskvada çap edilən təkrar nəşrinə yazdığı iri həcmli müqəddimədə İsmayıl Şıxlının "Dəli Kür" romanının "bədii əhatəsinə, sənətkarlığına və problematikasına görə" Mixail Şoloxovun "Sakit Don", Muxtar Auezovun "Abayın yolu", Yonos Avijyusun "İtirilmiş qan" romanları ilə müqayisə edir. Azərbaycanlı yazıçının əsərini yeni tipli roman-epopeya adlandırır. Başqa bir Moskva tənqidçisinin yazısında da "Dəli Kür" romanı barədə belə yüksək fikrə rast gəlirik. Əsərə şöhrət gətirən hansı sənətkarlıq keyfiyyətləridir? "Dəli Kür" romanında Azərbaycan xalqının həyatında baş verəcək böyük dönüşün başlanğıcı təsvir edilmişdir. Tədqiqat obyekti kimi panoram görkəmli, şaxəli, milli həyatımızın mahiyyəti anlayışını ifadə edə bilən hadisə və əhvalatlar götürülmüşdür. Lakin bu epoxal hadisələr nə qədər ictimai məzmun daşısa da, bədii əsərin uğurluluğunu təmin edən keyfiyyət, amil ola bilməz. Çünki fakt, hadisə hələ bədii əsər deyildir. Riyaziyyat dili ilə desək, bu, olsa-olsa, hələ müstəvidir, görək bu müstəvi üzərində nə iş görüləcək? "Dəli Kür" romanında dövrün ictimai problemlərini insanın mahiyyəti, cəmiyyətdə yeri, şəxsi tragediya və ehtirasların vətəndaşlıq ləyaqəti vasitəsilə ifadə etmək müəllifi daha çox düşündürmüşdür. Yazıçı sənətin belə bir qanununa inanmışdır ki, insan əsərin, epoxanın nəşəsini də, əzabını da özündə yaşatmaq qüdrətinə malikdir. Dövrün nəbzi ilə insanın əsəb sistemləri, duyğular aləmi arasında möhkəm bağlılıq vardır, bütövlük mövcuddur. Bəlkə də buna görə "Dəli Kür" deyərkən dərhal Cahandar ağa obrazı göz önünə gəlir. Cahandar ağanın psixologiyası ilə tanış olanda onun yaşadığı zəmanənin ictimai-siyasi əxlaqi problemləri gözümüz qarşısından keçir, bu ziddiyyətlərin, təzadların izini surətin xarakterində ayrıca görə bilirik. Yəni İsmayıl Şıxlının əsas yazıçı məqsədi XIX əsr insanının həyatına bir monumentallıq, möhtəşəmlik görkəmi verməkdir, bu da böyük ədəbiyyatın həmişə can atdığı bir zirvədir. Cahandar ağa insan kimi mərddir, əzəmətlidir, namus-qeyrət yolunda həyatını verməyə hazırdır. Milli ləyaqət hissilə yaşayır. Ləyaqətinin tapdanmasına yol vermir. O, doğma yerlərə pis niyyət, xain məqsədlə gələnlərə qənim kəsilir, maarif işığı gətirənlər isə istər-istəməz onun rəğbətini qazanır, əziz qonağına çevrilir, duz-çörək kəsirlər. Cahandar ağa yalançı, "dınqıra süzən" mollaların, qeyrətsizlərin düşmənidir. Bu xüsusiyyətləri onun bütövlüyünü yaradan məziyyətlərdir. Bu bütövlük surətin milli mənsubiyyətini müəyyənləşdirir. Bu cür mənəvi məziyyətləri olan Cahandar ağa həm də böyük tragik surətdir. Cahandar ağa savadsız olsa da, onda çevik bir mühakimə qabiliyyəti vardır. Bir tərəfdən dədə-baba qaydası ilə yaşamağa çalışır. Digər tərəfdən daxilində çək-çevir edib, duyur ki, "ağalıq arxayınlığı" ilə yaşamağın vaxtı keçib, at çapıb, qılınc oynatmağın faydası yoxdur. Bu cəngi-cidalada öz gücsüzlüyünü duyub yanıb-yaxılır. Cahandar ağa şəxsi mülkədar malikanəsini çiyinlərində saxlamağa hazırdır - təki dağılmasın. Bu da surətin sinfi mənsubiyyətindən irəli gələn intuitiv duyğudur. Onun tragediyası da bu iki duyğunun sinə-sinəyə gəlməsindən doğur. Cahandar ağa dünya görüşü, sinfi mənafeyi baxımından tamamilə əks cəbhədə dayansa da, mənsub olduğu xalqın bir sıra gözəl mənəvi xüsusiyyətlərini qoruyub saxlaya bilmiş, özündə yaşatmağa qüvvə tapmışdır. Necə ki, Lev Tolstoyun Andrey Balkonskisi, Səməd Vurğunun Gəray bəyi, Mixail Şoloxovun Qriqori Melixovu. Qəhrəmanın mənəvi aləminə bu cür obyektiv sənətkar münasibəti, psixologiyadakı kontrastları həqiqətə uyğun qələmə almaq romanın yarandığı illərdə nəsrimiz üçün, demək olar ki, yeni hadisə idi. Romanda Cahandar ağa obrazı nə qədər qüvvətli çıxsa da "Dəli Kür" təkcə Cahandar ağanın faciəsini göstərən bir əsər deyildir. Burada "Poçt" Əhməd, A.O.Çernyayevski, Şamxal, Əşrəf, Zərnigar xanım, Salatın kimi əlvan boyalarla işlənən surətlər vardır. İsmayıl Şıxlı Azərbaycan maarifçiliyinin yaranmasını böyük ictimai hadisə kimi qələmə alır, bu yoldakı çətinlikləri real lövhələrlə göstərə bilir. İşıqlı gələcəyə doğru uzanan yolların yolçularına yazıçı rəğbəti hər səhifədə, fəsildə hiss olunur.
"Dəli Kür" romanında xalqın etnoqrafiyasına, etikasına böyük məhəbbət və ehtiram vardır. Köç yolları, xalqımızın qonaqpərvərliyi nə qədər səmimi, nə qədər ilhamla, vüqar hissilə təsvir edilmişdir. Əsərdə daha xoşagələn və dolğun rəmzi məna daşıyan gah quzuya dönən, gah da coşub-çağlayaraq Qarayazı meşələrini altına alan dəli Kürün bədii obrazıdır. Kür sanki Azərbaycanın varlığını, həyatını təmsil edən şah damardır. Kür xalqın canlı ensiklopedik tarixidir. Xalqın ağrıları, acıları da, sevinci, nəşəli günləri də Kürün gah zərif, gah da qəzəblə səslənən mahnılarında yaşayır. Ana Kür bir növ Vətənin bütövlük simvolu kimi mənalandırılmışdır.
"Dəli Kür" romanı bütövlükdə müəllifin böyük yaradıcılıq qələbəsi olduğu kimi, həm də müasir nəsrimizin qələbəsidir, onun sənətkarlıq sambalının artmasına, təsir miqyasının genişlənməsinə xeyli kömək etmişdir.
İsmayıl Şıxlının yubiley günlərində onun elmi-pedaqoji fəaliyyətini ayrıca qeyd etmək lazımdır. O, otuz ildən artıqdır ki, Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda gənc nəslin təlim-tərbiyəsi ilə məşğuldur. O, hazırda institutda xarici ədəbiyyatdan mühazirələr oxuyur. İsmayıl Şıxlı Azərbaycan ziyalılarının böyük bir dəstəsinin müəllimi olmuşdur. Biz onun bu zəhmətini ədəbi yaradıcılıq fəaliyyətindən heç də az əhəmiyyətli hesab etmirik.
Bu qeydləri çapa hazırlayarkən İsmayıl Şıxlının iş otağında olduq. O, əsgər gündəlikləri üzərində işləyirdi. Yazı stolunun üstündə saralıb-solmuş, üzərində hələ də qan ləkələrinin izi görünən çoxlu cib dəftərçəsi, üçkünc əsgər məktubları vardı. Arzu edirik ki, İsmayıl Şıxlı bu xeyirxah işi tezilklə başa vursun. Çünki müharibə həyatı, xalqımızın böyük qəhrəmanlığı barədə xeyli əsər yazılsa da, cəbhə xatirə və gündəlikləri kimi sənədli janr ədəbiyyatımızda öz yerini hələ lazımınca tutmayıb. İkinci arzumuz: "Dəli Kür" romanında yarımçıq talelər, ümidlər, arzular vardır. Bizi seminariyada oxuyan əşrəflərin, osmanların xalqın qəlbində böyük maarif, elm, mədəniyyət işığı yandırmaq uğrunda mübarizəsi çox maraqlandırır. Oxucular romanın bu istiqamətdə davam etdirilməsini gözləyirlər.
İsrail MUSTAFAYEV,
tənqidçi-publisist, ədəbiyyatşunas alim
Facebook-da paylaş