• Təqvim

  • Maraq



Tələbələrlə olan görüşdə narkomaniya, erkən nikah və məişət zorakılığına qarşı mübarizədən söz açılıb


Qazax Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupunun, eləcə də Hüquq şöbəsinin Tədbirlər Planına uyğun olaraq ali və orta ixtisas təhsil müəssisələrində, məktəblərdə tələbələrin, məktəblilərin iştirakı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə”, "Erkən nikah və onun fəsadları", “Məişət zorakılığına qarşı mübarizə” mövzularında silsilə maarifləndirici tədbirlər keçirilir.

Növbəti maarifləndirici görüş martın 29-da Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələrinin iştirakı ilə keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Hüquq şöbəsinin müdiri Ülviyyə Orucova, Qazax Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis kapitanı Ramin Sadıqov, “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Doğum şöbəsinin müdiri Aynur Namazlı, narkoloq-həkim Nahidə Osmanova, Kollecin tələbələri, əməkdaşları iştirak ediblər. 

Qazax Dövlət Sosial-İqtisadi Kollecin Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin müdiri Elvira Əfəndiyeva qonaqları salamlayıb, tələbələrlə keçirilən tədbirin əhəmiyyətindən söz açıb. E.Əfəndiyeva tələbələrlə maarifləndirici tədbirin keçirilməsinə görə rayon rəhbərliyinə və iştirakçılara Kollecin rəhbərliyi adından dərin minnətdarlığını bildirib. Narkomaniyaya qarşı mübarizənin davamlı, ardıcıl həyata keçirilməsinin vacibliyini qeyd edib. Narkomaniyanın doğurduğu faciələr, narkotiklərin cəmiyyətə və insanların sağlamlığına ziyanı və yaratdığı ciddi sosial problemlər, narkomanlığın qarşısının alınması, erkən nikah və məişət zorakılığı ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılması barədə danışıb. Bu işin həm dövlətin, həm vətəndaş cəmiyyətinin, həm də hər bir vətəndaşın işi olduğunu vurğulayıb. 


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. Müavin G.Həsənova bugünkü tədbirin əsas məqsədinin bəşəriyyətin ən ağrılı problemi olan, cəmiyyətin ciddi bəlasına, xalqın təhlükə mənbəyinə çevrilən narkomaniya, onun törətdiyi fəsadları və bu sahədə aparılan mübarizə tədbirlərini, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini, erkən nikahın fəsadlarını, bu sahədə, eləcə də məişət zorakılığı ilə bağlı həyata keçirilən mübarizə tədbirlərini tələbələrin bir daha diqqətinə çatdırmaq olduğunu qeyd edib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu sahədə görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan müavin mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Respublika Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsini bu sahədə atılan uğurlu addımların bariz nümunəsi kimi qiymətləndirib. G.Həsənova rayon rəhbərliyinin bütün sahələri olduğu kimi, narkomaniya, erkən nikah və məişət zorakılığı ilə bağlı mübarizə sahəsini də daim diqqət mərkəzində saxladığını, ilk gündən barışmaz mövqedə olduğunu qeyd edib. Qazax Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupunun, eləcə də Hüquq şöbəsinin Tədbirlər Planına uyğun olaraq silsilə maarifləndirici tədbirlər keçirildiyini, bugünkü tədbirin də həmin tədbirlərin davamı olduğunu qeyd edib. Müavin narkomaniyanın, erkən nikah, məişət zorakılığı və onların cəmiyyət üçün yaratdığı fəsadlardan və antisosial mühitdən necə qorunmağın yolları barədə geniş məlumat verib. Müavin çıxışı zamanı erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olmasından söz açıb. G.Həsənova qeyd edib ki, zorakılıq, xüsusilə də məişət zorakılığı və onun gündən-günə artan formaları dünyanın ən qorxulu ictimai problemlərindəndir. Bu zorakılıq daha çox azyaşlı uşaqlara qarşı yönələndə isə məsələnin daha təhlükəli həddə çatdığı aydın olur. Valideynlər və digər insanlar tərəfindən uşaqlara qarşı edilən zorakılıq uşağın sağlamlığına, onun yaşamasına, inkişafına və ləyaqətinə bilavasitə zərər vura bilən fiziki və emosional davranışın bütün mənfi formalarını, cinsi zorakılığı, qayğısızlığı və etinasızlığı özündə cəmləşdirir. Dövlət və cəmiyyətin ortaq problemi olan qadına qarşı zorakılığa diqqəti cəlb etmək, zərif cinsin nümayəndələrinin fiziki, psixoloji, iqtisadi, hüquqi zorakılıqlara məruz qalmasının qarşısının alınmasına cəmiyyət olaraq profilaktik tədbirlər görərək məişət zorakılığı kimi cinayət hadisələrinin qarşısını ala bilərik. 


Qazax RİH başçısı aparatında Hüquq şöbəsinin müdiri Ülviyyə Orucova çıxış edərək müasir dövrümüzdə bəşəriyyətin ən ağır bəlası olan narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıb. Narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asılılıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqanizminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin asudə vaxtının səmərəli təşkili barədə ətraflı məlumat çatdırıb. Narkomaniyaya qarşı mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, hər bir şəxsin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edərək “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərdə hər kəsin dəstək verməli olduğunu söyləyib. Ü.Orucova Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailənin dövlətin xüsusi himayəsində olduğunu, uşaqların qayğısına qalmağın və onları tərbiyə etməyin valideynlərin borcu olduğunu, bu borcun yerinə yetirilməsinə dövlətin nəzarət etdiyini söyləyib. 34-cü maddəyə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququnun olduğunu, nikahın könüllü razılıq əsasında bağlandığını, heç kəsin zorla evləndirilə (ərə verilə) bilmədiyini vurğulayıb. Azərbaycanda erkən nikahların qarşısının alınması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilərək qadınlar üçün minimum yaş həddinin 17-dən 18-ə qaldırıldığını söyləyib. Ü.Orucova son illər rayon rəhbərliyinin barışmaz mövqeyi, eləcə də Qazax Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın həyata keçirdiyi maarifləndirmə tədbirləri sayəsində rayonda erkən nikah hallarının minimuma endirildiyini diqqətə çatdırıb.  


Qazax Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis kapitanı Ramin Sadıqov çıxış edərək narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının barışmaz və qətiyyətli tədbirləri ilə bağlı görüş iştirakçılarına məlumat verib. “Ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemləri diqqətə çatdırıb. Narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın bu gün dünyanı narahat edən qlobal problemlərdən biri olduğunu, bu problemin insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını, cinayətkarlığın artmasına səbəb olduğunu qeyd edib. R.Sadıqov Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu vurğulayıb. 


“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Doğum şöbəsinin müdiri Aynur Namazlı erkən nikahın sağlamlıq üçün törətdiyi fəsadlardan söz açaraq bildirib ki, qadınlar tez ana olduqda orqanizm hamiləliyi özünə yad cisim kimi hesab edir və hormonlarda problem yaşana bilir. Bu da doğulacaq körpənin müxtə­lif patologiyalarla üzləşməsinə gətirib çıxarır. Erkən nikahın çox ciddi tibbi fəsadlar törətdiyini qeyd edən A.Namazlı yeniyetmələrdə hamiləliyin sonunda uşağın itirilməsi hallarının normal yaşda hamiləlik keçirən qadınlardan iki dəfə çox olduğunu, bundan başqa, bətndaxili inkişaf geriliyin, qüsurların müşahidə edildiyini söyləyib. Tibb müəssisələrinə əgər 18 yaşına çatmamış hamiləliklə bağlı müraciət olunursa, bu zaman müəssisə tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunduğunu diqqətə çatdırıb. A.Namazlı bildirib ki, məsələnin qanunvericilik təd­birləri öz yerində, ancaq maariflənmə işi aparılmasa, yenə də erkən nikahlar və fəsadları ilə qarşılaşa bilərik. Çünki bu gün erkən ailə qurmaq, uşaq dünyaya gətirmə prosesində ana ölümü, doğulan uşağın psixoloji və fiziki sağlamlığında problemlərin mövcudluğu kimi neqativ hallarla çox rastlaşırıq. 


Narkoloq-həkim Nahidə Osmanova cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyanın yaratdığı təhlükələr və fəsadlar barədə tələbələrə geniş məlumat verib. N.Osmanova bir dəfə narkotikadan istifadə edən şəxsin artıq ondan asılı vəziyyətə düşdüyünü, hətta, özü ilə bərabər xeyli sayda gənci də öz ətrafına topladığını vurğulayıb.  Buna görə də gələcəyimiz olan gəncləri zərərli vərdişlərdən uzaq durmağa, sağlam həyat tərzi keçirməyə, idmanla məşğul olmağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırıb. Tələbələri maraqlandıran sualları cavablandıran həkim gələcəkdə zərərli vərdişlərdən qorunmaq üçün yeniyetmələrin hər zaman diqqətli olmasının, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri gördükdə və ya bu barədə hər hansı bir informasiya əldə etdikdə dərhal aidiyyəti şəxslərə, eləcə də polis əməkdaşlarına məlumat verməsinin vacibliyini diqqətə çatdırıb. 

Sonda mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.




Facebook-da paylaş