• Təqvim

  • Maraq



Qazax Dövlət Sosial-İqtisadi Kollecində "Şanlı Zəfərimiz" adlı tədbir keçirilib


Noyabrın 6-da Qazax Dövlət Sosial-İqtisadi Kollecin İdeoloji mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuṣ "Şanlı Zəfərimiz" adlı tədbir keçirilib.

Tədbirdə kollecin müəllim-tələbə heyəti iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.  Tarixi Qələbəmizdən bəhs edən videoçarx nümayiş etdirilib.

Qazax Dövlət Sosial-İqtisadi Kollecində Qeydiyyat, qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva çıxış edərək əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. E.Əfəndiyeva bildirib ki, Azərbaycanın qədim və tarixi şəhəri olan Şuşanın 2020-ci il 8 noyabr tarixində işğaldan azad olunması günü Azərbaycanın şanlı tarixinə Zəfər Günü kimi yazıldı. Prezident İlham Əliyev bununla bağlı 2020-ci il dekabrın 3-də Sərəncam imzaladı. Sərəncamda qeyd olunurdu ki, hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olub. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək. E.Əfəndiyeva artıq 3 ildir ki, xalqımızın 8 noyabrı əsl toy-bayram kimi qeyd etdiyini söyləyib. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-nin həm də Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunacağını vurğulayıb. 


Qazax Dövlət Sosial-İqtisadi Kollecin Tədris işləri üzrə direktor müavini Vüqar Əyyubov çıxış edərək tələbələri 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib, səmimi ürək sözlərini bölüşüb. V.Əyyubov Respublika Prezidenti İlham Əliyevin "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq” cümlələrinin Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm müjdəsi olduğunu qeyd edib. Bildirib ki, Qələbə xəbərinin elan edilməsindən öncə dövlət başçısının Ümummilli Lider Heydər Əliyevin ruhu önündə nümayiş etdirdiyi ehtiram, məhz Ulu Öndərin vəsiyyətini yerinə yetirdiyini deməsi Azərbaycanın həm də dövlətçilik prinsiplərinə sahib olduğunu göstərdi. Strateji əhəmiyyətli məsələlərlə bağlı vəsiyyətlərin mövcudluğu və yerinə yetirilməsi yalnız oturuşmuş dövlətçilik ənənəsinə malik olan dövlətlərdə müşahidə edilə bilər. 1992-ci il 8 mayda itirdiyimiz Şuşa 28 il sonra 2020-ci il 8 noyabrda Ali Baş Komandanıın rəhbərliyi ilə geri qaytarıldı, Azərbaycanın 28 illik Şuşa yarası sağaldı. Dövlət Bayrağı Günü ərəfəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın səbirsizliklə gözlədiyi müjdəni tarixi gündə verdi. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır.


Kollecin Tarix fənn birləşmə komissiyasının sədri Mətanət Kazımova, müəllimlər Türkan Allahverdiyeva, Aliyyə Həsənova, Esmira Şıxməmmədova çıxış edərək vurğulayıblar ki, uzun illərdən bəri Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər, yürüdülən uzaq görən siyasət, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verdi. 10 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə – Zəfər Günü kimi qızıl hərflərlə yazıldı. Ermənistan bütün dünya ictimaiyyəti qarşısında məğlubiyyətini etiraf etməyə məcbur edildi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşməni diz çökdürdü. Ordumuzun qəhrəman hərbçiləri alınmaz qala hesab edilən Şuşanı böyük fədakarlıqla azad etdi. Hətta, bu döyüşləri xarici hərbi ekspertlər, o cümlədən erməni generalları əfsanə adlandırdılar. Sıldırım qayaları dırmaşaraq əlbəyaxa döyüşlər həyata keçirən Azərbaycan hərbçiləri Şuşadan Ermənistan hərbi birləşmələrini bir gün ərzində məhv etdilər. Torpaqlarımız işğalçılardan təmizləndi, ərazi bütövlüyümüz, tarixi ədalət bərpa olundu. İşğaldan, əsirlikdən azad edilən digər torpaqlarımız kimi ölkəmiz üçün strateji əhəmiyyət daşıyan Laçın rayonu da 28 ildən sonra əsl sahiblərinə qaytarıldı. Laçının erməni vandallarından xilası Böyük Qələbənin davamı olaraq qondarma Dağlıq Qarabağ iddiasına son qoydu. Bununla da mənfur düşmənlərimizin öz doğma yurdundan uzaq saldığı qarabağlıların yurd həsrəti bitdi. Şuşada, Laçında, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Ağdərədə, Xocavənddə, Xocalıda və nəhayət, Azərbaycanın dilbər guşələrindən biri olan Xankəndidə üçrəngli bayrağımızın dalğalanması Azərbaycan tarixinin ən parlaq səhifələrini yazdı.

Sonra kollecin tələbələri 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə, şanlı Zəfərə, şəhidlərimizə həsr olunmuş şeirlər, mahnılar səsləndirib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər.



Facebook-da paylaş