• Təqvim

  • Maraq



Qazaxdan Şuşaya...


Bir neçə aydır ki, Qazaxımdayam. Bir neçə aydır ki, anam Qazaxımın təmiz havasından, sərin sularından, isti nəfəsindən, doğma ləhcəsindən doymaq bilmədən Bakı Dövlət Universitetinin Qazax filialında pedaqoji fəaliyyətimi davam etdirirəm.

İndiyə qədər Bakıda yaşasam, işləsəm də ürəyim həmişə burayla döyünmüş, fikrim, xəyalım bu yerlərdə dolaşmış, gücü, qüvvəti bu yerlərdən almışam. 30 il bundan öncə Bakıda yaratdığımız Qazax Xeyriyyə Cəmiyyətinin (indi "Qazax” Xeyriyyə İctimai Birliyi) tərkibində gəlib-getmişəm və əlimdən gələni etmişəm bu torpağım, elim-obam üçün. Halal xoşu olsun!

Deyirlər, qocalanda daha çox çəkir Vətən insanı. Bu doğrudan da belədir, tale elə gətirdi ki, çəkdi də, gətirdi də Vətən məni özünə. İndi müəllimliyimlə bərabər onun xeyrində-şərində, gördüyü işlərində, keçirdiyi tədbirlərində yaxından iştirak etmək imkanım yaranıb. Bu işlər də ki, maşallah, bir deyil, beş deyil, saymaqla qurtarmaz. Qazaxda hər bir sahədə çox böyük işgüzarlıq, fəallıq hökm sürməkdədir. Mən bu barədə hələ 5 il bundan qabaq "Qazax” Xeyriyyə İctimai Birliyinin "Dəli Kür” qəzetində  "Qazaxda gördüklərim, eşitdiklərim, düşündüklərim” adlı məqaləmdə söhbət açmışdım. Onda çox hörmətli Rəcəb müəllim Babaşov 1il idi ki, Qazax Rayon İcra Hakimiyyətinə başçı təyin olunmuşdu və bu 1 ildə Qazaxda o qədər işlər görülmüşdü ki, mən öz heyranlığımı və sevincimi gizlədə bilməmişdim.

İndi o vaxtdan 5 il keçib, Qazax tamam dəyişib, gözəlləşib. Onun girişində Azərbaycanın ilk hərbçi pilotu Fərrux Ağa Qayıbovun şərəfinə ucalan əfsanəvi təyyarədən, Qazaxın rəmzlərindən biri kimi yüksəklikdə şahə qalxan Dilboz atından tutmuş uzaq dağ kəndlərinə çəkilmiş yollarına, əkilmiş ağaclarına, salınmış bulaqlarına qədər hər şey göz oxşayır, könül açır. 7-8 il bundan qabaqkı rəngi solmuş, üzü bozarmış Qazaxdan heç bir əsər-əlamət qalmamışdır.

Bu gün də Qazaxda quruculuq, yaradıcılıq işləri yüksək səviyyədə davam edir, hər gün, hər saat yeni bir xeyirxah işin, əhəmiyyətli tədbirin şahidi olursan. Bunu son bir neçə ayda rayon icra aparatının rəhbərliyi ilə mənim də şahidi və iştirakçısı olduğum bir neçə mühüm əhəmiyyətli işlər, keçirilən tədbirlər söyləməyə əsas verir. 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə salınmış "Qarabağ Azərbaycandır!” adlı Abidə Kompleksinin və ətrafında salınmış parkın açılışı, Qazax şəhərində və bir neçə kənddə şəhid bulaqlarının inşası və onların açılışı, Qazax Müəllimlər Seminariyasının binasının bərpası ilə bağlı aparılan təmir işləri, eyni zamanda vaxtilə özünün 17 otaqlı malikanəsini Seminariyanın istifadəsinə vermiş Kosalar kənd sakini Məşədi İbrahimin evinin bərpası Qazaxda görülən işlərin bir qismidir.

Qazax bu gün həm də mötəbər qonaqların qarşılandığı, yüksək səviyyəli tədbirlərin keçirilməsinə ev sahibliyi edən bir ünvana çevrilib desək, heç də yanılmarıq. Birinci Qarabağ müharibəsi şəhidləri, Azərbaycanın Milli Qəhrəmanı Rafiq Alıcanovun haqqında çəkilmiş filmin təqdimatı, Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Alı Mustafayevin 70 illiyinə həsr olunmuş ədəbi-bədii məclis, Xalq şairi Səməd Vurğun və Aşıq Şəmşir dostluğuna həsr olunmuş "Aşıq sənəti və yazılı ədəbiyyat” mövzusunda keçirilən Beynəlxalq Elmi konfrans, Qazaxda Novruz bayramı və həmin gün bir qazinin (Elməddin Yusifovun) ailə qurması, icra başçısının onları xüsusi təbriki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun mətbuat xidmətinin təşkilatçılığı ilə "Media və hüquqi maarifləndirmə” mövzusunda Qazax Rayon İcra Hakimiyyətinin binasında keçirilən regional konfrans, Qazax Heydər Əliyev Mərkəzində Şuşada keçirilmiş Zəfər Qurultayına həsr olunmuş tədbir, Ramazan bayramı ərəfəsində rayon ictimaiyyətinin bir çox nümayəndələri, şəhid valideynləri, qazilər üçün "Qazax” şadlıq sarayında iftar süfrəsinin açılması və burada şəhid analarına, atalarına oğullarının təltif olunduqları medalların təqdim olunması mənim iştirak etdiyim tədbirlərdir... Qazaxda keçirilən tədbirlərin sayı-hesabı isə ölçüyə gəlməz... Bu siyahını uzatmaq da olar, amma nə mənası, görünən dağa nə bələdçi? Bu gün Qazax Rayon İcra Hakimiyyətinin hər bir sahədə gördüyü işlərdən, şəhid ailələrinə, qazilərimizə xüsusi qayğıdan hamı ağızdolusu danışır.

Bir vacib məsələni xüsusilə vurğulamaq istəyərdim ki, bu, rayon rəhbərliyinin, onun hörmətli icra başçısı Rəcəb Babaşovun rayon ziyalıları, ağsaqqalları ilə, o cümlədən "Qazax” Xeyriyyə İctimai Birliyi ilə çox yaxın olması, onlarla birgə fəaliyyət göstərməsidir. Buna misal olaraq son dövrlərdə dünyanı başına alan COVID-19 pandemiyası ilə mübarizə zamanı 9 mindən çox Qazax əhalisinə yardımların paylanılmasını, 44 günlük Vətən müharibəsində orduya olunan köməyi, şəhidlərimizin qəbulu və onların dəfn mərasimlərinin təşkilini, yas mərasimlərində iştirakı, onların hər biri haqda qısametrajlı filmlərin çəkilişini, xatirələrinin əbədiləşməsini, qazilərimizin problemlərinin birlikdə həll olunmasını, məşhur ziyalılarımızın yubiley tədbirlərinin və yaxud anım günlərinin keçirilməsini və s. göstərmək olar. Qazax rayonu yeganə rayondur ki, onun icra başçısı hər il Bakıda "Qazax” Xeyriyyə İctimai Birliyinin hesabat yığıncağında iştirak edir və özü də rayonda görülən işlər haqqında məlumat verir.

Qazaxda bu gün fəxr edilməli, öyünməli yerlərdən biri də Bakı Dövlət Universitetinin Qazax filialıdır. Burada rayon və filial rəhbərlərinin birgə səyi nəticəsində nümunəvi təhsil üçün elə bir şərait yaradılmışdır ki, bu, respublikanın bütövlükdə digər ali məktəblərinə nümunə ola bilər. Filialda oxumaq, yaxşı qiymət almaq üçün yeganə meyar tələbələrin biliyi, bacarığıdır, başqa meyarlardan söhbət gedə bilməz, bu da təhsildə şəffaflığın, halallığın əsas şərtlərindən biridir. Elə buna görə də bu gün BDU-nun Qazax filialında Azərbaycanın 64 rayonundan 1700-ə yaxın tələbə, magistrant təhsil alır və onlar buradakı münasibətdən, yaradılmış şəraitdən hər zaman, hər yerdə razılıqla danışırlar.

Bütün bunlar onu göstərir ki, Qazax rayonunda dövlətimizin, Prezidentimizin icra strukturları qarşısında qoyduğu vəzifələr, tapşırıqlar layiqincə yerinə yetirilir. Son 5-6 ildir ki, Qazax rayonu, mən deyərdim öz intibah dövrünü yaşayır və onun keçmişdən qazandığı maarif, mədəniyyət, ədəbiyyat, incəsənət beşiyi kimi statusu özünə qaytarılır.

Əziz oxucular! İstəyirəm sizlərə bu yaxınlarda rayon rəhbərliyinin şəxsən mənə göstərdiyi böyük bir yaxşılıqdan da söhbət açım. Deyəcəksiniz, görəsən, nə yaxşılıqdır bu, nə veriblər müəllimə? Yox, siz düşünənlərdən deyil bu yaxşılıq!.

Keçən ayın əvvəli idi. Rayon İcra Hakimiyyətindən zəng edib mənə bildirildi ki, rayon rəhbərinin məsləhəti ilə siz gedirsiniz Şuşaya, hazırlaşın. Sevincimdən bilmədim nə cavab verim, necə təşəkkür edim... Axı, bu neçə ildə biz nə qədər Şuşa deyib, Qarabağ deyib ağlamışıq, sızlamışıq, bu yolda nə qədər qurbanlar vermişik. İndi onlar azaddırlar, 30 illik əsarətdən, əsirlikdən, vəhşilikdən igid oğullarımızın, Ali Baş Komandanımızın, xalqımızın dəmir yumruq kimi birliyi, qəhrəmanlığı nəticəsində onlar azaddırlar. Həm də bu azadlıq, bu cihad müharibəsində Goranboydan Şuşaya qədər dəhşətli yollar keçmiş əsgər oğlum Nəsibin də az-çox payı var. O günlərdə bir ata kimi də nələr çəkdiyimi yəqin başa düşərsiniz. Allah baş tacımız şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

Mayın 12-də Bakıdan, Heydər Əliyev Mərkəzindən Ulu Öndərimizin adına fondun dəstəyi ilə yol aldıq Şuşaya, "Xarı bülbül” musiqi festivalının açılışına 200 nəfərdən çox nümayəndə heyəti, əsasən mədəniyyət, incəsənət işçilərindən və şəhid övladlarından təşkil olunmuşdu.

Avtobuslarımız Daşburundan ötüb Füzulinin Əhmədbəyli, Aşağı, Yuxarı Kürdmahmudlu, Alxanlı kəndlərinə çatanda, yadıma 1994-cü ildən 2006-cı ilə qədər bu yerlərdə bir hərbçi (baş gizir) kimi can qoymuş, şərəflə xidmət etmiş Səlim qardaşımın bir neçə dəfə arxasınca gəlməyim, onu yağı düşmənlə üzbəüz səngərlərdə görməyim, bir dəfə də özümün az qala düşmən əlinə keçməyim düşdü. O vaxtlar bu kəndlər ermənilər tərəfindən bir dəfə alınmış, sonra Milli Ordumuz tərəfindən geri qaytarılmışdı. Ancaq Füzulinin Şərab zavodundan o yana, Oqanyan səddi deyilən ərazidən o tərəfə hər şey məhv olmuş, sanki həyat sönmüşdü və mənim qardaşım bu yerlərdə düz 12 il Vətənə qulluq etmişdir. İndi yəqin daha yaxşı anladınız ki, nə üçün "Şuşaya gedirəm” xəbərini eşidəndə mənim sevincimin həddi-hüdudu olmadı...

Bu ərazini keçib təzəcə salınmış Zəfər yolu ilə Şuşaya gedirdik. Pəncərələrdən bizi bir yandan Qarabağın gözoxşayan, könülaçan, əsrarəngiz təbiəti, başı dumanlı dağları vəcdə gətirirdisə, digər tərəfdən Füzulinin, Xocavəndin, Daşaltının darmadağın edilmiş, üzərində ot, kol-kos bitmiş yurd yerləri, evləri, binaları məyus edir, ürəyimizi parçalayırdı...

Artıq Şuşaya çatırdıq, avtobuslar möhtəşəm qala divarlarına yaxınlaşanda hamının gözləri qarşısına Azərbaycan oğullarının bu əlçatmaz, ünyetməz divarları bir süngübıçaqla necə dırmaşmaları və yağı düşmənin bağrını dəlib onları cəhənnəmə vasil eləmələri gəldi. Elə bu an yadıma şair dostum Barat Vüsalın "Şuşanı alan oğullar!” şeiri düşdü, dik durub avtobusun ortasında bu şeirdən üç bəndi söylədim!

Atillatək qırmancdılar,
Qayalara dırmaşdılar,
Sıldırımdan yol açdılar,
Qardaşım, balam oğullar,
Şuşanı alan oğullar!
 
Çaxıb şimşəyə döndülər,
Çıxıb çiçəyə döndülər,
Axır Şuşaya döndülər,
Ölməyib... ölən oğullar,
Şuşanı alan oğullar!
 
Mizan yox, bu Mizan təki,
Ehsan yox, bu Ehsan təki,
Ay özləri Əzan çəkib,
Namazı qılan oğullar,
Şuşanı alan oğullar!..

Axır gəlib çıxdıq Şuşa vağzalına, oradan bizi balaca maşınlarla qaldırdılar birbaşa Cıdır düzünə, əfsanəvi Cıdır  düzünə, neçə-neçə tarixi hadisələrin şahidi, neçə-neçə  şəxsiyyətlərin, o cümlədən Molla Pənah Vaqif babamızın ruhları dolandığı Cıdır düzünə. İndi burada geniş düzənlikdə 30 ildən sonra ikinci dəfə "Xarı bülbül” festivalının keçirilməsi üçün səhnə qurulmuş, onun qarşısında isə çoxlu sayda oturacaqlar düzülmüşdü.

Hava çox tutqun idi, yavaş-yavaş yağış yağmağa başlayırdı. Hamı keçib səhnə qarşısındakı skamyalarda öz yerini tutdu. Çox keçmədi ki, Respublika Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da gəlib birinci sırada əyləşdilər.

Aparıcılar hamını salamlayıb festivalı açıq elan etdilər. Səhnəyə ilk öncə respublikanın Xalq artisti Polad Bülbüloğlu və Bakı Xareoqrafiya məktəbinin "Xarı bülbül” rəqs kollektivi dəvət olundu. Polad Bülbüloğlunun ifasında "Qarabağ” mahnısı səsləndi. Sonra bir-birinin ardınca dünyanın müxtəlif yerlərindən gəlmiş folklor ansamblları, öz aşıqlarımız, müğənnilərimiz çox maraqlı musiqi töhfələri ilə çıxış etdilər.

Bu da maraqlı idi ki, konsertin başlaması ilə yağışın güclənməsi bir oldu, hava soyudu, üst paltarlarımız islandı, amma bir kəs yerindən tərpənmədi. Bir neçə dəqiqədən sonra hamıya çətir və selofan geyimlər verdilər. Prezidentimizlə bərabər bu tarixi konserti sona qədər izlədik, çünki həmin gün o torpaqda olmaq, oturmaq və rahat nəfəs almaq xoşbəxtliyi hər şeydən güclü idi. Biz Şuşada idik!  Biz Cıdır düzündə idik!

3 saat davam edən açılış konserti qurtaranda da yağış hələ yağırdı. Bizi Cıdır düzünə qaldıran maşınlar yuxarı çıxa bilmədilər, təxminən 3 kilometr yolu piyada düşdük. Elə bu zaman ərzində də yol boyu Şuşanın boş qalmış, uçurulmuş, dağıdılmış binalarını, sahibsiz evlərini seyr edə bildik, ürəyimizdən qara qanlar axdı. Bir az aşağıda - geniş meydanda Xan əminin, Natəvanın, Bülbülün başı bəlalar çəkmiş heykəllərini yenə də öz yerlərində görüb az da olsa sevindik.

Budur, artıq illərin həsrətindən sonra qovuşduğumuz Şuşamızdan qayıdırıq, amma ayrıla bilmirik. Çünki Şuşanın gəzməli, görməli yerlərini görməkdən, təmiz, saf havasını ciyərlərimizə çəkməkdən doymamışıq. "Sağlıq olsun, qismət olar, bir də gəlib görərik” deyib elə bu arzu ilə cənnət Şuşamızdan ayrılmalı olduq. Yağış dayanmış, Şuşanın üzərinə bir gün doğulmuşdu ki, gəl görəsən. Uzun müddətli güclü yağışdan sonra günəş öz al şəfəqlərini sərmişdi mədəniyyət paytaxtımız, Qarabağımızın tacı olan Şuşamızın üzərinə...

Deyirlər su aydınlıqdır. Bir yerə gedənin arxasınca su səpərlər. Şuşada həmin gün yağan yağış və ondan sonrakı günəş də onu göstərirdi ki, 30 illik qaranlıqdan sonra Şuşa aydınlığa çıxmışdı. Gözün aydın Şuşa! Gözün aydın Qarabağ! Gözünüz aydın Azərbaycan xalqı!

Sonda isə həyatımın ən gözəl, yaddaqalan gününü mənə bəxş etdiyi üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə minnətdarlığımı bildirirəm. Xalqımıza, o cümlədən də mənə Şuşada olmaq şansını bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyir, ruhu qarşısında baş əyirəm, sağlamlığını itirən qazilərimizə uca Tanrıdan cansağlığı arzu edirəm.

Valeh NƏSİBLİ,

Bakı Dövlət Universitetinin Qazax filialının müəllimi,

filologiya üzrə elmlər doktoru



Facebook-da paylaş