Soyqırımı, yoxsa falsifikasiya?
Bildiyimiz kimi, aprel ayının 24-də qondarma "erməni
soyqırımı”nın 106-cı ildönümü ilə əlaqədar müraciətində ABŞ prezidenti Co
Bayden 1915-ci ildə baş verən hadisələri "soyqırımı” kimi tanıdığını elan etdi.
Bununla, müttəfiq olan, bir hərbi blokda yer alan ABŞ ilə Türkiyə arasında
sərinlik yaranacağı şübhəsizdir. ABŞ prezidenti həm də, seçkiqabağı erməni
seçicilərə verdiyi sözü bir növ tutmuş oldu. Bəs doğrudan da, "soyqırımı”
olubmu? Bunun üçün tarixə kiçik bir nəzər salmaq lazımdır. İlk olaraq, onu qeyd etmək lazımdır ki, hadisələrin
başlanğıcı kimi 250 nəfər erməni "aydının" və komitə rəhbərlərinin
İstanbuldan Ankaraya sürgün edildiyi və son nəticədə çoxunun qətlə yetirildiyi
24 aprel 1915-ci il tarixi göstərilir. Lakin hadisənin kökləri lap əvvələ, XIX
əsrin sonlarına gedib çıxır. Çoxmillətli Osmanlı imperiyasında yüzlərlə xalq
yaşayırdı və onların yaşayıb-yaratması üçün heç bir ayrı-seçkilik yox idi. Həmçinin hökumətdə
onlarla erməni nazir təmsil olunurdu. Lakin daim imperialist qüvvələrin
maşasına çevrilən ermənilər (o cümlədən yunanlar) ölkənin müxtəlif bölgələrində
üsyanlar çıxarmağa başladılar. Xüsusilə, 1878-ci ildən Anadolunun şərq hissəsi
(Qars, Ərdahan və s.) rus işğalı altında olduğundan burada məskunlaşmış
ermənilər xəyanətlə, casusluqla məşğul idilər. Bunun qarşısını almaq üçün təbii ki, dövlət müvafiq
tədbirlər görməli idi. Bu məqsədlə, ermənilərin kompakt yaşadığı yerlərdən
köçürmək, həmçinin pozuculuq və casusluq fəaliyyəti ilə məşğul olan erməni
fəalları cəzalandırmaq məqsədilə 25 may 1915-ci ildə "Köç” ("Tehcir”) qərarı
verildi. Bu əsnada Suriya çöllərinə köçürülən ermənilər arasında təbii olaraq,
ölənlər və yaralananlar olmuşdu. Bu məsələni əldə bayraq tutaraq, illərdir dünyaya car
çəkən ermənilərdən bir nəfər soruşmur ki, bəs sizlərin Anadolu torpaqlarında,
Cənubi Azərbaycanda, Zəngəzurda, İrəvanda yerli türklərin başına açdığınız
oyunlara nə ad vermək olar?! Təbii ki, illərdir qarşılaşdığımız "ikili
standartlar” burda da özünü göstərir. Və bu hadisəyə "soyqırımı” adını vermək
nə dərəcədə doğrudur, bu da qaranlıq olaraq qalır. Erməni soyqırımı hadisələrindən təsirlənən Rafael
Lemkin "soyqırım" terminini 1943-cü ildə kəşf etmişdir; sonradan o
fikirlərini izah edərək deyirdi "bu o qədər çox baş verib…Ermənilərin
başına gəlib, bundan sonra isə Hitler hərəkətə keçib". Amma hər hansı məhkəmə qərarı
olmadan törədilmiş hadisəyə "soyqırımı” adı vermək düzgün deyil. Ən azından
Avropa İnsan Haqları Məhkəməsinin qərarı olmalıdır. Bunun üçün isə hər iki
tərəfdən, hətta üçüncü ölkələrdən olan tarixçilərin iştirakı ilə geniş
araşdırma aparılmalıdır. Bunun üçün arxivlər açılmalıdır, hansı ki, Türkiyə
tərəfi daim bu məsələni qabardır. Təəssüf ki, eyni addım Ermənistan tərəfindən
atılmır. Tarixçilərin də iştirakı ilə araşdırmalar başa çatdıqdan sonra toplanan
materiallar məhkəməyə verilməli və aidiyyatı qərar çıxarılmalıdır. Təbii ki,
ədalətin olmadığı bu dünyadan bunları gözləmək sadəlövhlük olar. 30 il əvvəl
törədilmiş Xocalı qətliamını qulaqardına vuran zehniyyat üçün 106 il əvvəl
törədilmiş hərəkət yalnız siyasi məqsədlər naminə daha vacibdir. Bu hadisəyə o vaxt doğrudan da, "soyqırımı” adını
vermək düzgün olardı ki, Osmanlı hökuməti bu qərarı sırf milli qırğın həyata
keçirmək fikri ilə vermiş olardı. Fakt isə odur ki, ortada dövlətin vətəndaşları olan ermənilərin xəyanəti
və xəyanətkarların cəzalandırılması var. ABŞ prezidentinin "tanıması” isə tarixin
səhvlərindəndir. Bu, nə Türkiyə dövlətini sarsıdası, nə türklərin qürurunu
sındırası deyil. ABŞ və onun kimi digər imperialistlər isə gərək ilk öncə öz qaranlıq
keçmişlərinə baxsınlar. Tarix nə ABŞ-ın yerli hindlilərin başına açdıqları
oyunları, nə Fransanın Afrikada (Əlcəzairdə) törədikləri qətliamları, nə
Rusiyanın Qafqazda, Krımda, Türküstanda yerli əhaliyə qarşı həyata keçirdiyi
soyqırımları unutmur. Bir gün bunların da cavabını soran tapılacaq. Bu məsələdə də dövlətimiz və xalqımız daim qardaş
Türkiyənin yanındadır. Bu mövqe mütəmadi olaraq, cənab Prezident tərəfindən səsləndirilir.
Həmçinin vətəndaş cəmiyyəti nümayəndələri, siyasi partiyalar (48 siyasi
partiya) hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir və xəstə
erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma "erməni soyqırımı”
məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirlər. Ölkələr və xalqlar arasında
dözümsüzlük təlqin edən bu cür yanaşmalar ayrı-ayrı regionların və ümumilikdə
bəşəriyyətin dayanıqlı sülhpərvər inkişafına təhdid törədir. Tükəzban
SÜLEYMANOVA, Qazax Dövlət
Sosial-İqtisadi Kollecinin müəllimi, "Öyrədərək Öyrənirik” Gənclərin
İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri
Facebook-da paylaş